Doğmalıq təkcə qanla olmur...
İnsanların xarakterləri, əməlləri, ideyaları da bir-birini yaxınlaşdırır, doğmalaşdırır. Flora xanımla mənim kimi...
Bir kitabam,
sənin kimi
oxuyanım olmayıb,
oxusa da, dərk edənim,
anlayanım olmayıb...
Biz bir-birimizi oxuyub, anlamışıq nə yaxşı ki. Tanımışıq, bir-birimizin yaradıcılığına baş vurmuşuq.
Yazdığı yazılarla, şeirlərlə, etdiyi tərcümələrlə tanıdım onu. Flora xanımın böyük və təmiz ürəyinə, pozitivliyinə heyran oldum.
Bir dünyayam,
bu dünyada
məskunlaşan olmayıb,
cəhd etsə də, yuva salan
yurd quranım olmayıb...
O bir dünyadı, özü demiş...Onu az öyrənələr var, az tanıyanlar var sadəcə...
İkinci Dünya müharibəsindən sonra hərbi qulluqçu Sultan Nacıyevi Astaraya göndərilir. Həmin vaxtda, 1952-ci ildə gənc ailənin gözəl bir qızı dünyaya gəlir. Heç düşünmədən adını Flora qoyurlar. Müxtəlif yerlərdə böyüyür Flora.
Atasının işiylə əlaqəli olaraq ya Rusiyada, ya da Azərbaycanda yaşayır ömrünün ilk illərini. İlk məktəb illərinə isə doğma Cəbrayılda başlayır. Atası Sultan Nacıyevin ata-baba yurdunda...
Həmişə elə bilirdim, mənim kimi, mənim qədər torpağını, elini-obasını sevən yoxdu. Nədən belə düşündüyümü də bilmirəm. Hərdən də fikirləşirəm ki, axı Vətənə, elə-obaya olan sevgini ölçən cihaz da yoxdu. Hardandı məndə belə bir iddia? Bir də,Vətən sevgisi ölçüsüzdü, tükənməzdi...
Onun da torpaqsevərliyi məni heyran etdi. Doğrusu, onunla tanış olanda hardan olduğunu bilmirdim. Heç soruşmamışdım da. Sadəcə ona özəldə yazdım. Kitab təqdimatıma dəvət etdim. Elə məmnuniyyətlə qəbul etdi ki. Heyran qaldım onun sadəliyinə, böyük ürəyinə. Yaxşı deyiblər ki, ən böyük gözəllik sadəlikdi. Belələrini də mən çox sevirəm, özümə doğma insanlar kimi qəbul edirəm. Bizim doğmalığımızın biri də elə bundadı.
Ümumiyyətlə, Cəbrayıllılar seçilirlər başqa rayonun adamlarından. Moskvada universitetdə dərs deyən bir Azərbaycanlı müəllim tanıyıram. Qardaşıma hüquq fakültəsində dərs deyirdi. Ordan tanış olmuşduq. Həmişə bizi görəndə gülümsəyirdi. “Mən Cəbrayıllıların ətəyində namaz qılaram” deyirdi.
Flora xanımla tanış olandan sonra Oktay müəllimin uzun illər əvvəl dediyi o sözləri xatırladım. Mən onun Cəbrayıldan olduğunu təqdimatda öyrəndim. Filologiya elmlər doktoru, professor, Bakı Slavyan Universitetinin müəllimi, Azərbaycanın əməkdar jurnalisti özünü belə təqdim etdi: “Sadəcə, Cəbrayıllı bir oxucu” dedi.
Onun Qarabağa, cəmi dörd il yaşadığı ata-baba torpağına olan eşqi, sevgisi məni bir daha heyran etdi. Bilmirəm, bəlkə də bu Qarabağın torpağının havasından, suyundandı. Çörəyinin mayasındandı? Bunu izah etmək axı o qədər də asan deyil...
Flora xanımın dediklərindən: “Özümdən asılı deyil, nədənsə ömrümün bu çağına qədər ən az yaşadığım o torpağa hədindən artıq sevgi duyuram. Hər zaman məni özünə çəkir. Bir cazibəsi, bir gözəlliyi var Qarabağ torpağının. Oranın adı çəkilində, istər-istəməz, mən də ordanam, deyirəm”.
Flora xanımı qınamıram, dediyim kimi izahedilməz cazibəsi var torpağın... Bir torpağın uğrunda əgər igidlər, qəhramanlar canlarından keçirlərsə, həyatlarını qurban verirlərsə, deməli Vətən başqa şeydi. İzah edə bilməzsən, ona olan duyğularını sonuna qədər. Bu Türkün qanındadı, canındadı. Nəsildən-nəsilə ötürülür...Bunu kimsə silə bilməz, yox edə bilməz...
Qəribədir, Flora Naci riyaziyyat təmayüllü məktəbi bitirib. Valideyinləri onu başqa peşələrə yönəltmək istəyiblər. Lakin onun qəlbində başqa istəklər baş qaldırır həmin illərdə. O da sözə vurulur, ədəbiyyata yönəlir. Heyran edir gənc Floranı oxuduğu əsərlər, şeiriyyat. Əvvəcə jurnalist olmaq eşqinə düşür. Yazmaq-yaratmaq, kiçik yaşlarından qatarlarda müxtəlif şəhərlərə, müxtəlif rayonlara gedərkən seyrinə daldığı nə varsa, hamısını bölüşməyi, anlatmağı fikirləşir...Gözünün çəkdiyi, qəlbinin yazdığı bütün səhnələri bölüşməyi düşünür. Şəhərlərdən şəhərlərə, rayonlardan rayonlara getdikcə gördüklərini, anladıqlarını unuda bilmir.

Ancaq son siniflərdə onlara dərs deyən gənc ədəbiyyat müəllimi şagirdini başqa səmtə yönəltməyi bacarır. Riyaziyyat təmayüllü orta məktəbi bitirən Flora Naci M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnsitutuna qəbul olunur. Və onun həyatına ədəbiyyat, şeiriyyat başqa məna, başqa rəng verir. Və həmin illərdən şeir yazmağa da başlayır.”Mən şair deyiləm, ancaq bəzən sanki məni nəsə yazmağa məcbur edir. Onda nəsə yazıram. Yazmasam, özümə yer tapa bilmirəm. Yazandan sonra rahatlaşıram.Yəqin yazanlar məni anlayarlar...”
İnstitutu bitirən Flora Nacini aspiranturaya saxlayırlar. Onun istedadı professor-müəllim kolektivinin diqqətini cəlb edir. Ən gənc elmi dərəcə alanlardan olur həmin illərdə. Elmi işini Moskvada müdafiə edən Floranı oxuduğu təhsil ocağına müəllim kimi işini davam etdirir.
“Tələbələrlə işləmək, onlara nəyisə öyrətmək, gələcək peşələrində uğur qazanmaq üçün kömək etmək məni çox məmun edir. Zövq alıram bu işdən. Fikirləşirəm ki, başqa heç nəylə məşğul ola bilməzdim...”
Flora xanım tək tələbələrin deyil, həm də aspirantların, elmi iş müdafiə edənlərin də yaxın köməkçisi, məsləhətçisidi. Neçə-neçə elmi işlərin rəhbəri, göstəricisidi. Həm də F. Naci Bakı Slavyan Universitetini müxtəlif ölkələrdə keçrilən elmi konfranslarda layiqincə təmsil edir.
Mənimsə onun ən çox etdiyi tərcümələri xoşuma gəlir. Bəzən xəbərin olmasa, özünü yazdığını düşünərsən. Şeiriyyatı çox sevdiyi, dərindən bildiyi bəlli olur. Bir də dilləri dərindən bilməyi. Sən demə, insan özünü harda tapırsa, orda rahat nəfəs alır, orda uğur qazanır.
Flora Nacinin uşaqlıq sevdası da həyata keçir. Əməkdar jurnalistə iki jurnalın redaktorluğu tapşırılır. Rus dilində çıxan “Nur” və iki dildə nəşr olunan “Sara Xatun”. Bunlara yanaşı o “Azərbaycan xalcaları”, “Azərbaycan qadını” jurnallarıyla da əməkdaşlıq edir. Müxtəlif səpkilərdə yazdığı məqalələrindən ibarət kitabı da işıq üzü görüb. İkinci kitabısa çapa hazırdı.
“Həyatın qəfəsi” kitabındakı şeirlərin arasında çox xoşuma gələnlər oldu. Ancaq ən çox aşağıdakı misraları sevdim:
Deməyin ki, qanadsızlar bədbəxtdir,
Qanad ilə ölçülürmü bəxt, məgər?!
Xöşbəxt edib qanad kimi?..
Elə olsa,
Həyatın dar qəfəsində
Səma haqda düşünməyən
Qanadlılar xoşbəxtdirmi?!
Mən sizi oxumağı bacardımmı, Flora xanım, bilmirəm...
çap et