525.Az

İtaliya Çinlə münasibətləri bərpa edir


 

İtaliya Çinlə münasibətləri bərpa edir<b style="color:red"></b>

Çində rəsmi səfərdə olan İtaliyanın baş naziri Giorgia Meloni bu gün ölkə lideri Si Cinpinlə görüşüb.

525.az “Euronews”a istinadən xəbər verir ki, görüşdə o, Pekinin dünyada artan qeyri-sabitlik kontekstində Romanın əsas tərəfdaşı olduğunu qeyd edib.

İtaliya hökuməti başçısının beş günlük səfəri iki yubileyə - iki ölkənin strateji tərəfdaşlığının iyirminci ildönümünə, eləcə də səyyah Marko Polonun vəfatının 700-cü ildönümünə təsadüf edib.

Xanım baş nazir deyib ki, bu iki yubileyi qeyd etməyin və 700 il əvvəl Marko Polonun qoyduğu yolu qoruyub saxlamağın ən yaxşı yolu yaşadığımız bu çətin dövrdə iqtisadi, ticarət, mədəni və elmi əlaqələri, eləcə də çoxtərəfli dialoqu inkişaf etdirməkdir. O, həmçinin qeyd edib ki, İtaliya ən balanslaşdırılmış ticarət əlaqələri yaratmaq üçün çalışaraq Çin və Avropa İttifaqı arasında əlaqələrin inkişafında mühüm rol oynaya bilər.

ÇXR sədri Si Cinpin iki ölkənin çoxillik dostluq əlaqələri ilə Şərq və Qərb sivilizasiyalarının mübadiləsinə və öyrənilməsinə, eləcə də bəşəriyyətin inkişafı və tərəqqisinə mühüm töhfələr verdiklərini deyib: “Ölkələrimiz arasında dialoq tolerantlığa, qarşılıqlı etimada və onların hər birinin öz inkişafı istiqamətində seçiminə hörmətə əsaslanır”.

Qeyd edək ki, bir gün əvvəl Meloni və onun çinli həmkarı arasında elektromobillərin istehsalı və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın, o cümlədən sənaye əməkdaşlığının bərpası üçün üç illik plan imzalayıblar.

Roma Çin və Aİ arasında mümkün ticarət müharibəsi ilə bağlı artan narahatlıqlar fonunda Pekinlə münasibətləri bərpa etmək qərarına gəlib. İtaliya Çin sərmayəsini avtomobil və digər sektorlara cəlb etməyə çalışır.

Onu da vurğulayaq ki, keçən ilin sonlarında İtaliya ölkə üçün iqtisadi faydanın olmaması və “arzuolunmaz siyasi nəticələri” əsas gətirərək “Kəmər və Yol” proqramından çıxdı.

Pərvanə Sultanova

 





29.07.2024    çap et  çap et