525.Az

Makronun Olimpiya rəzilliyi


 

Makronun Olimpiya rəzilliyi<b style="color:red"></b>

Fransa ev sahibliyi etdiyi 33-cü Yay Olimpiya Oyunları ilə əslində növbəti dəfə rəzilliyini göstərmiş oldu. İdman oyunlarının açılışına həsr edilmiş mənəvi dəyərləri aşan proqram, bərbad təşkilatçılıq, oyunları siyasiləşdirmək cəhdləri, sülhə deyil, qarşıdurmaya çağırışlar və digər məqamlar Makron hökumətinin iç üzünü, mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu həm də dünyaya bir vaxtlar mədəniyyətin beşiyi kimi təqdim edilən Fransanın əslində hansı mədəniyyətə, dəyərlərə sahib olduğunu göstərmiş oldu.

Makron hakimiyyəti açılış mərasimi üçün qurulmuş proqramla insanların mənəvi dəyərlərinə hörmətsizlik nümayiş etdirdi. Belə ki, Olimpiya Oyunlarının açılış mərasimində transseksualların və transvestitlərin Leonardo da Vinçinin İsa Məsihin şagirdləri ilə son yeməyi səhnəsini əks etdirən məşhur "Son şam yeməyi" tablosunu parodiya etmələri hiddət və qəzəb doğurub. Bu, dünyadakı xristian dindarlarının dəyərlərinə lağ edilməsi və həqarətdir.

Hazırda dünyanı bürüyən fəlakətlər, münaqişələr, müharibələr fonunda 12 milyard ABŞ dolları sərmayə qoyulmuş bu Olimpiya Oyunlarını Fransa öz tarixi missiyasından uzaqlaşdıraraq, insanları, dövlətləri sülhə, həmrəyliyə çağıran idman bayramını gərginliyə çevirə bildi. Cinsi azlıqlara meydan verən Makron hakimiyyəti onsuz da bəlli olan mahiyyətini bir daha ortaya qoydu.

Ümumiyyətlə, təşkilatçılıq və təhlükəsizlik sıfır səviyyədədir. Hegemonluğa can atan, özünü Avropanın sahibi hesab edən Fransa nə böyük tədbir keçirməyə qadirdir, nə də gələn qonaqların təhlükəsizliyini təmin etməyə. İdmançılar onlar üçün ayrılmış ərazidə yataq yerlərindən tutmuş qidaya, nəqliyyata, təmizliyə kimi hər şeydən narazıdırlar. Eyni zamanda oğurluq pik həddədir. Qarətə məruz qalanlar arasında Braziliyanın əfsanəvi futbolçusu Ziko da var. 71 yaşlı keçmiş yarımmüdafiəçinin 420 min avro dəyərində portfeli oğurlanıb. Məlumata görə, portfeldə bahalı saat, zinət əşyaları, brilyantlar və nağd pul olub.

Argentinanın Olimpiya futbol komandasının futbolçusu, Braziliyanın "Botafoqo" klubunun cinah oyunçusu Tiaqo Almadanın Fransanın Sent-Etyen şəhərindəki stadionun soyunub-geyinmə otağından şəxsi əşyaları (saat, zinət əşyaları) oğurlanıb. Futbolçuya 50 min avro məbləğində ziyan dəyib. Bunlar təbii ki, bir neçə nümunədir. Xüsusilə qadın turistlərə qarşı zorakılıqla bağlı da faktlar var.

Fransa bütün bunlardan utanmaq əvəzinə, Azərbaycana qarşı idman oyununda belə təxribatdan çəkinmir. Paris Yay Olimpiya Oyunlarının açılış mərasimini canlı yayımlayan Fransanın "France 2" telekanalının aparıcılar Azərbaycan idmançılarına qarşı təxribat xarakteri daşıyan ifadələr səsləndiriblər. Erməni komandasının keçidi zamanı telekanalın aparıcılarından biri Ermənistana qarşı simpatiyasını gizlədə bilməyib: "Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə".

Aparıcı, həmçinin, Qarabağdakı qondarma rejimin tarixdən silinməsi ilə bağlı təxribatçı fikirlər səsləndirib: "Erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu ilə ağır bir il oldu..."

Bu sözlər Azərbaycan və Ermənistan idmançılarının keçidi kontekstində deyilib.

Bunun ardınca isə aparıcı Azərbaycan komandasının keçidi zamanı ölkəmizi "Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası" kimi təqdim edib. Bu isə aparıcının Ermənistan komandası ilə bağlı səsləndirdiyi fikirlərinə münasibətdə Azərbaycana qarşı mövqeyində kəskin ziddiyyət təşkil edib və qərəzli olmasını göstərib.

Göründüyü kimi, Fransa Olimpiya Oyunlarının tarixi və təməl prinsiplərini pozaraq, ondan Azərbaycana qarşı qərəzini ifadə etmək üçün vasitə olaraq istifadə etdi.

Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev "X" hesabında paylaşımında qeyd edib ki, Fransa milli televiziyası müasir oyunların banisi Pyer de Kubertenin çağırışını eşitməmiş kimi görünür: "Pyer de Kubertenin xəyalı idi ki, idman siyasəti, münaqişələri susdursun, Olimpiya məşəli parlasın. Lakin Fransa milli televiziyası müasir oyunların banisinin çağırışını eşitməmiş kimi görünür".

Qərbi Azərbaycan İcmasının etiraz bəyanatında qeyd olunub ki, olimpiadanın açılışı mərasimində milyardlarla insanın heysiyyətinə toxunan rəzalət nümayişlərini də nəzərə alsaq, Fransa tərəfinin rasionallığı tamamilə şübhə altındadır: "Qərbi Azərbaycan İcması 2024-cü il Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı sərt şəkildə qınayır və Fransadan bu əməllərinə son verməyi tələb edir".

Bakı Təşəbbüs Qrupu (BTQ) da Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb. Vurğulanıb ki, Fransa prezidenti Emmanuel Makron və onun hökuməti hazırda Fransada keçirilən Paris-2024 Olimpiya Oyunlarını "sülh və ümid anı" kimi təqdim etsə də, Fransanın kolonial və neokolonial siyasəti bunun əksini deyir.

Bəyanatda deyilir: "Olimpiya Xartiyasında qeyd edilir ki, Olimpiya hərəkatının məqsədi insan ləyaqətinin qorunmasına xidmət edən dinc bir cəmiyyəti təşviq etmək üçün idmanı bəşəriyyətin harmonik inkişafına yönəltməkdir. Polineziya, Korsika, Melaneziya, Karib və Antil adalar qrupundan olan müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkat nümayəndələrindən əldə edilmiş məlumatlara əsasən, məşğulluq sektorunda və mənzillərin əldə edilməsinə çıxışda ayrı-seçkilik, eləcə də təbii sərvətlərin istismarı və ya məsələn, Fransa hökumətinin himayəsi altında təşkil edilən kütləvi immiqrasiya halları qeydə alınıb".

BTQ bəyanatda olimpiadanın ruhuna tamamilə zidd olan bir sıra halları diqqətə çatdırıb. Bunlar müvafiq ərazilərdə fransız monopolistlərinin xeyrinə olan zəif iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, əhalinin həddindən artıq ərzaq asılılığı (qida məhsullarının 80 faiz dən çoxu Fransadan gəlir), həyat səviyyəsinin yüksək qiyməti, yoxsulluq (Fransız Qvianasında əhalinin 50 faizi yoxsulluq həddinin aşağında yaşayır) və hər cür iğtişaşlara (zorakılıq, silah və narkotik ticarəti) səbəb olan kütləvi işsizlikdir ki, bu da ərazilərin gələcəyini ciddi şəkildə təhlükə altına alır.

Vurğulanıb ki, artan təhlükə altında olan yerli dilləri arxa plana keçirən və yerli uşaqlara nə yerli tarix, nə coğrafiyası, nə mədəniyyətləri, nə də gələcəkləri ilə bağlı istəklərinə uyğun olmayan fransız tədris proqramlarını tətbiq edən fransız mədəniyyətinin hegemonluğunun qurulması və assimilyasiya siyasəti aparılır".

Bəyanatda yerli əhalinin Olimpiya Oyunlarında həm də öz ölkələrinin bayrağı altında çıxış etmələrindən imtina edilməsi də vurğulanıb: "Belə olan halda, XXI əsrdə "sülh və ümid anı" olan Olimpiya Oyunları xalqları özünə tabe edən bir ölkədə keçirilə bilərmi? Olimpiya Oyunlarına ev sahibliyi edən ölkə Kanakidə azadlığa qoyulan məhdudiyyətləri aradan qaldıra, həmçinin siyasi məhbusları azad edə bilməzdimi? Onların da öz evlərində, azyaşlı uşaqları ilə birlikdə bu "sülh anını" yaşamaq hüququ var".

Fransa mühacirlərə münasibətdə də mənfur əməllərini davam etdirir. "Euronews" yazır ki, hakimiyyət Olimpiya Oyunları zamanı görmək istəmədiyi hər kəsi qovur. Hətta yetkinlik yaşına çatmayanlar, evsiz insanlar avtobuslara doldurularaq kənarlara daşınırlar. Parisdə çoxsayda yeniyetməyə status verilmir ki, onlar nəzərdə tutulan güzəştlərdən faydalana bilməsinlər. Qeyd olunub ki, Paris meriyasının böyük resursları və ehtiyacı olan insanların yerləşdirilə biləcəyi boş mənzillərə çıxışı var, lakin heç kim heç nə etmir.

Avropa Parlamentinə və Fransa parlamentinə seçkilərdə məğlubiyyətə uğrayan Makron məhv edilmiş imicini bərpa etmək üçün Olimpiadadan istifadə edəcəyini düşünürdü. Amma bu yarış da onun üçün daha bir zərbə oldu. Paris2024-üç açılış mərasimində dünya siyasi liderlərinin iştirak etməməsi də bunun əyani sübutudur. Belə ki, ABŞ, Böyük Britaniya, İtaliya, Çin, Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı və digər ölkələrin liderləri Olimpiya Oyunlarına gəlməyiblər. Açılış mərasimində müsəlman dövlətlərindən yalnız Qətər rəhbərliyi iştirak edib. Latın Amerikasından da heç bir lider mərasimə qatılmayıb. Bu özü artıq hər şeyi deyir. Makron Avropada ən nüfuzsuz, zəif siyasətçidir. Gey şousunun onun xeyrinə işləyəcəyini düşünsə də, bunun əksi ilə qarşılaşdı.

Yeri gəlmişkən, milyarder İlon Musk "Son şam yeməyi" səhnəsinin parodiyasını xristianlara qarşı son dərəcə hörmətsizlik adlandırıb. O, həmçinin sosial şəbəkələrdə rəsmi Olimpiya Oyunları səhifəsini izləməyi dayandırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: "Tamamilə iyrənc anlar oldu. Bu, iyrəncdir, ən əsası isə ölkəmizdə qanunla qadağandır. Biz ancaq izləyicilərimizin bunu görməməsinə sevinə bilərik".

Polşanın keçmiş Baş naziri Mateuş Moravieçki Olimpiadanın açılış mərasimini "bütün idmançıların və azarkeşlərin üzünə sillə" adlandırıb.

Olimpiya Oyunlarının Təşkilat Komitəsi açılış mərasimindəki "müəyyən insidentlərə" görə üzr istəyib.

Azərbaycana gəlincə, artıq Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu göndərilib. Məktubda qeyd olunub ki, dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib.

 

 





30.07.2024    çap et  çap et