525.Az

Nağara kimidir boşbeyin adam


 

Nağara kimidir boşbeyin adam<b style="color:red"></b>

Hüseyn BAĞIROĞLU

 

Düşünür

 

Bir də ki, sən niyə düşünməyəsən,

Torpaq da düşünür, daş da düşünür.

Qəm-qüssədən çatılanda qaşların,

Gözlərindən axan yaş da düşünür.

 

Nağara kimidir boşbeyin adam,

Daşdan betər olur daşbeyin adam,

Niyə düşünməsin quşbeyin adam,

Göy üzündə uçan quş da düşünür.

 

Özü dağılsa da, dağılmaz huşu,

Gör nələr danışır qarğı qamışı.

Yazda gül-çiçəyə qarışır başı,

Bu dünya payızda, qışda düşünür.

 

Təbriz

 

Dəryalardan dərindir,

Dağlardan uca Təbriz.

Əmanətdir, əzəldən -

əbədə, türkə Təbriz.

 

Tarixin hər anında,

Qan qaynar damarında,

Döyüş meydanlarında,

Bənzər pələngə Təbriz.

 

Gecənin yaxasında,

Ay parlar yaxasında,

Görəsən yuxusunda

Nə görür qoca Təbriz?!

Ağla gəlməyənlər ağlına gələr

 

Ölüb dirilməyən səni nə bilər,

Ölümlərdən keçən bir yol əhlisən.

Ağla gəlməyənlər ağlına gələr,

Xəyala sığmayan xəyal əhlisən.

 

Yozulmayan düşlərindən bilirəm,

Axmayan göz yaşlarından bilirəm,

Düyün düşən qaşlarından bilirəm,

Cavabı olmayan sual əhlisən.

 

Bəşər həddin aşıb çaşsa da belə,

Şeytanın ardınca qoşsa də belə,

Dünya haldan-hala düşsə də belə,

Sənin öz halın var, sən hal əhlisən.

 

Eşq bir yemdi dünya adlı tələdə

 

Görən bu nə yoldu belə gedirsən,

Nədən heç gələn yox izinlə sənin.

Yəqin ki, özün də diri deyilsən,

Ölü dirilmirsə sözünlə sənin.

 

Eşq bir yemdi dünya adlı tələdə,

Yanan dönər tüstüyə də, külə də.

Demək bişməmisən, çiysən hələ də,

Davan bitməyibsə özünlə sənin.

 

Bu sevincin yası, bu qəmin toyu,

Hansı pıçıldayır: "Fanidən soyu".

Heç bilə bildinmi bir ömür boyu,

Kim baxır dünyaya gözünlə sənin.

 

Dünyaya ürəyi dolu gələnlər

 

Mən bilə bilmədim nədən bu sevgi

Allaha xoş gedər, sənə xoş getməz.

Göz dəydimi, düşdü gözdən bu sevgi,

Bu sevginin gözlərindən yaş getməz.

 

Zülmətin ovcunda can durulubdu,

Eşqin vadisində bir gül olubdu.

Könül sevə-sevə könül olubdu,

Sevməyən könüldən qara qış getməz.

 

Ruhumu tapşırdım əsən yellərə,

Bəlkə agah ola bir gün sirlərə.

Didərgin xəyalım gedən yerlərə,

Nə bir ins-cins, nə də ki, bir quş getməz.

 

Ərliyini dərk eləyən ərənlər,

Ömrünü eşq ilə yarı bölənlər,

Dünyaya ürəyi dolu gələnlər,

Dünyadan gedəndə əli boş getməz.

 





30.07.2024    çap et  çap et