|
|
|
|
2024-2025-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU) 76 ixtisas üzrə qəbul aparılacaq.
Bu barədə 525.az-a BDU-dan məlumat verilib.
Bildirilib ki, 25 mindən çox təhsilalanı özündə birləşdirən BDU 16 fakültə, 120 kafedra, “SABAH” Mərkəzi, 2 elmi-tədqiqat institutu, 5 elmi-tədqiqat mərkəzi, ən müasir avadanlıqlarla təchiz edilmiş 22 elmi-tədqiqat laboratoriyası, 20 tədris laboratoriyası, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi ilə elm-təhsil inteqrasiyasının genişləndirilməsində mühüm rol oynayır.
Son illər Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin, “You Will Speak” Dil Mərkəzinin fəaliyyətə başlaması, “Code Academy”, “Dev Education” layihələri çərçivəsində ən müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem və şəbəkə inzibatçılığı üzrə bilik və bacarıqlarını artırmaları üçün şəraitin yaradılması tələbələrdə elmə və təhsilə daha böyük maraq yaradır.
BDU yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu islahatlar aparır. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin sənayeyə tətbiqi, tələbələrə öz nəzəri biliklərini təcrübədə tətbiqetmə imkanının yaradılması üçün mühüm addımlar atılır. BDU ilə İsrailin Holon Texnologiya İnstitutu və Yerusəlim İbrani Universiteti (HUJI), Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, ABŞ-ın Linkoln Universiteti, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti və Vürçburq Universiteti, Fransanın Lyumiyer Lion 2 Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti və L.N.Qumilyov adına Avrasiya Milli Universiteti, Çinin Anhui Universiteti kimi nüfuzlu universitetlər arasında bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində ikili diplom proqramları həyata keçirilir.
Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. BDU-nun bakalavriat səviyyəsində 2024/2025-ci tədris ili üzrə ekologiya mühəndisliyi ixtisası açılıb. İxtisas Ekologiya və torpaqşünaslıq fakültəsində tədris olunacaq.
Sevinc Qarayeva