Azərbaycanda avqustun 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
525.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 32-37° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək.
Avqustun 4-də Abşeron çimərliklərinə şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 32-37° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacağı bildirilir.