2024-cü ildə Şəkidə peşəkar teatrın yaranmasının 145 illiyi tamam olur. Daha bir mövsümü uğurlu tamaşalarla yola salan teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli Şəki Dövlət Dram Teatrında yaradılan teatr-universitet konsepsiyasından və növbəti mövsüm üçün nəzərdə tutulan planlardan danışıb.
- Şəki teatrı olaraq qarşımıza bir konsepsiya qoymuşuq: teatr-universitet. İstəyirik ki, həyatını teatra bağlamaq istəyən bütün gənclərə teatrın təkcə "tamaşa oynanan yer" olmadığını anladaq. Teatr məktəbdir. Düzdür, dramatik teatr üçün vokal məşğələlərinin keçirilməsi o qədər də əsas deyil. Vokal məşğələsi musiqili teatra uyğundur. Amma bizim fikrimizcə, müasir aktyor həm səhnədə oxumağı bacarmalıdır, həm də gözəl plastik keyfiyyətlərə malik olmalıdır: rəqs etməlidir, obrazını dolğun şəkildə ifa etməlidir, müxtəlif hərəkətlərə fiziki hazırlıqlı olmalıdır. Obrazın üzərində işləmək təkcə ondan ibarət deyil ki, aktyor obrazı dərindən öyrəndi, onun daxili aləminə nüfuz elədi, sözlərini əzbərlədi. Bunlar vacibdir, bəli, amma aktyor səhnədə canlı oxumağı da bacarmalıdır. Bir sözlə, müasir tamaşaçı tələbkardır və müasir aktyor onu sənətlə doyurmalıdır. Yaxın günlərdə Mədəniyyət Nazirliyi ilə birgə "Yay məktəbi" layihəsini həyata keçirəcəyik. 10 gün ərzində mütəxəssislər dəvət olunacaq, aktyorlarımıza qılınc oynatmaq, səhnə döyüşü istiqamətlərində ustad dərsləri veriləcək.
Hazırda repertuarımız zəngindir. Bizim üçün çox xoşdur ki, "Epik teatr" üslubunun yaradıcısı olan Bertolt Brextin "Kuraj ana və uşaqları" əsərini müvəffəqiyyətlə tamaşaçılara ərməğan etdik. Mənim quruluş verdiyim tamaşa Şəkidə peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr olundu. Mövsümü isə İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" əsəri ilə bağladıq. İyulun 27-i və 28-də baş tutan bağlanışda, sözün əsl mənasında, anşlaq oldu. Qeyd edim ki, gənc rejissorumuz Elvin Nurinin quruluş verdiyi tamaşa Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyinə həsr olunub.
Gələn mövsüm üçün də planlar çoxdur. Yeni tamaşaların hazırlanması ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etmişik. Təsdiq olunan kimi, işə başlayacağıq. İndiyədək Şəkidə 3 dəfə Beynəlxalq Teatr Festivalı keçirilib - 2014, 2016 və 2018-ci illərdə. Festivalın zəncirvari şəkildə davam etməsi nəzərdə tutulmuşdu. Amma pandemiya səbəbiylə zəncir qırıldı. Bu il, nəhayət, ənənəni davam etdirmək qərarındayıq. IV Şəki Beynəlxalq Teatr Festivalında iştirak etməkçün artıq müraciət edən teatrlar da var. Qırğızıstandan, Qazaxıstandan, Rusiyadan, İrandan, qardaş Türkiyədən, Gürcüstandan festivalda iştirak etmək arzusunda olduqlarını bildirən teatrlar var. Yüksək ehtimal var ki, Türkiyə-Portuqaliya ortaq layihəsi olan bir tamaşa da IV Şəki Beynəlxalq Teatr Festivalında təqdim olunsun.
Növbəti mövsüm üçün repertuarımıza dramaturq Altay Məmmədovun "Ulduzlar görüşəndə" və Uilyam Şekspirin "Heç nədən səs-küy" əsərlərini daxil etməyi planlayırıq. "Ulduzlar görüşəndə" rejissor Hüseyn Hüseynlinin quruluşunda tamaşaçıların görüşünə gələcək. Şekspirin əsərini isə mən hazırlayıram. 2025-ci ildə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyidir. Şəki teatrı olaraq bu böyük qələm sahibinin yaradıcılığına da müraciət etməyi düşünürük.
Şəfa VƏLİ
Şəki
çap et