Sudanın Şimali Darfur bölgəsindəki Zəmzəm qaçqın düşərgəsində qida çatışmazlığı yaranıb, xüsusilə xəstə uşaqlar üçün nəzərdə tutulmuş xüsusi qidalar tükənib.
525.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Sudanda ordu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında 15 aydan çoxdur davam edən müharibə dünyada ən böyük daxili köçkün böhranına səbəb olub. Hazırda 25 milyon insan və ya əhalinin yarısı təcili humanitar yardıma ehtiyac duyur.
“Bizim komandalarımız Sudanın Zəmzəm düşərgəsində qida çatışmazlığından əziyyət çəkən uşaqları müalicə etmək üçün çox az miqdarda müalicəvi qidaya sahibdirlər”, - Sərhədsiz Həkimlər Təşkilatının açıqlamasında deyilir. Qeyd olunub ki, ÇDQ tərəfindən təchizat maşınları üçün yolların bağlanması səbəbindən müalicəni məhdudlaşdırmalı olublar.
"Müalicə edilməsələr, ağır qida çatışmazlığı yaşayan uşaqlar üç-altı həftə ərzində ölmək riski ilə üzləşəcəklər. Zəmzəm və əl-Fəşirə həyati vacib xilasedici tibbi ləvazimatlar, o cümlədən müalicəvi qidalar gətirən üç yük maşınımız bir aydan çoxdur ki, ÇDQ tərəfindən Kabkabiyada bloklanıb. Çarpayıların doluluq nisbəti 126 faiz təşkil edir ki, bu da bir çox uşaqların artıq kritik vəziyyətdə olduğunu göstərir”, - Sərhədsiz Həkimlər Təşkilatı bəyan edib.
Qlobal ərzaq monitorinqi avqustun əvvəlində Sudandakı müharibənin Zəmzəmdə aclığa səbəb olduğu qənaətinə gəlib və əlavə edib ki, oxşar vəziyyət regionun başqa yerlərində də ola bilər.
Pərvanə Sultanova
çap et