525.Az

Bir həftədə iki mina partlayışı


 

AZƏRBAYCAN ERMƏNİSTANIN MİNA TERRORUNDAN ƏZİYYƏT ÇƏKMƏKDƏ DAVAM EDİR

Bir həftədə iki mina partlayışı<b style="color:red"></b>

Azərbaycan torpaqlarının 30 ilə yaxın davam edən işğalına son qoyub öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etsə də, Ermənistanın mina müharibəsindən əziyyət çəkməkdə davam edir. İşğal müddətində Ermənistan Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla çirkləndirib. Ölkəmiz hazırda dünyada minalarla ən çox çirklənmiş dövlətlər sırasındadır.

Təkcə ötən həftə iki mina hadisəsi baş verdi. Avqustun 2-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb. Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir ki, hadisə nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Əhədli Xəyal Ədinəqulu oğlu və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq Müşviq oğlu minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarət alıblar. Agentliyin əməkdaşları Ələkbərov Elçin İlham oğlu və Mirzəyev Yavər Gəray oğlu isə qəlpə yaraları alıblar.

Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal xəstəxanaya çatdırılıblar.

Avqustun 3-də isə işğaldan azad edilmiş Laçın rayonunun Kalafalıq kəndi ərazisində də mina hadisəsi baş verib. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın mətbuat xidmətlərinin məlumatında deyilir ki, hadisə nəticəsində 1960-cı il təvəllüdlü Süleymanov Əli Zeynalabdin oğlu Kalafalıq kəndi ərazisində Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırış edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada vurğulanıb ki, Ermənistan tərəfindən yerləşdirilmiş minalar vətəndaşlarımızın təhlükəsizliyini və rifahını təhdid etməkdə davam edir. Qeyd edilib ki, 2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının ümumi sayı 376-ya çatıb, onlardan 69-u həlak olub: “Mina qurbanlarının sayının artması bu təhlükənin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirlərinin görülməsinin zəruriliyini vurğulayırıq”.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyevanın açıqlamasında isə vurğulanıb ki,  Qızılhacılı kəndi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı cari il aprelin 19-da əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılıb: “Göründüyü kimi, Ermənistan hətta delimitasiyadan sonra belə mina terroru siyasətini davam etdirir, əhalinin həyat və sağlamlığına təhlükə yaradan əməllərindən əl çəkmir. Bir daha bildiririk ki, ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsi keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, eləcə də sərhədlərin delimitasiyası prosesinə və bölgədə aparılan bərpa-quruculuq işlərinə ciddi maneə törədir. Beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi istiqamətində Ermənistana təsir göstərməli, bu ölkənin mina terroruna səssiz qalmamalıdır”.

Azərbaycan ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib. Ermənistanın mina terroru nəticəsində 1991-ci ildən bu günə kimi 3450 nəfərə yaxın azərbaycanlı minadan zərər çəkib. Mina qurbanlarının əksəriyyəti mülki şəxslərdir. Ermənistanın məqsədi də Azərbaycanın dinc əhalisinə qarşı müharibədir. Azad edilmiş ərazilərdəki yaşayış evlərində, qəbiristanlıqlarda və digər yerlərdə aşkar edilən minalar, o cümlədən tələ minalar buna sübutdur. Hətta bir sıra kütləvi məzarlıqların ətrafı minalanıb. Bu da mqsədli şəkildə, doğmalarının məzarlarını tapmağa çalışan, ziyarətə gələn insanlar üçün basdırılıb.

Ermənistan tərəfi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra da Laçın yolundan istifadə edərək ərazilərimizi minalayıb. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilib.

Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılıb, yenidən Azərbaycanın ərazisinə minalar basdırılıb.

Bütün çağırışlara baxmayaraq, Ermənistan minalanmış ərazilər barədə dəqiq məlumatları, xəritələri təqdim etmir. Verilmiş əksər xəritələrin saxta və etibarsızlığını son dövrlərdəki mina hadisələrinin mütləq əksəriyyətinin bu xəritələrdən kənarda baş verməsi də sübut edir. Bu fəaliyyət təbii ki, heç bir halda sülhə xidmət edə bilməz.

Ermənistanın 30 illik talan və dağıntılarından sonra Azərbaycan dövləti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparır, keçmiş köçkünləri yurdlarına qaytarır. Lakin mina təhdidi bu prosesə ciddi əngəldir, vətəndaşların həyat və sağlamlığı üçün təhlükə mənbəyidir.

Mina partlayışları insanların həyatına təhlükə yaratmaqla və ümumiyyətlə yaşamaq hüququnu sual altına qoymaqla bərabər, ətraf mühitə də böyük ziyan vurur. Belə ki, partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır. Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır.

ANAMA-nın məlumatlna görə, təkcə ötən ay Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 359 piyada əleyhinə mina, 290 tank əleyhinə mina, 3079 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. 6905.4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müdafiə Nazirliyinin məlumatında isə iyul ayı ərzində azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində 1184 hektardan çox ərazi minalardan tam təmizlənib. Məlumata görə, azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 39721 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 13045 ədəd partlamamış hərbi sursat, 3318 ədəd tank əleyhinə mina və 10463 piyada əleyhinə mina aşkarlanaraq məhv edilib.
İşğaldan azad edilmiş tarixi ərazilərimizdə sosial rifahın yenidən bərpa olunması, təhlükəsizliyin təmin edilməsi, o cümlədən, yol və infrastruktur işlərinin təşkilinin sürətləndirilməsinə yönəldilmiş mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq davam etdirilir.

Azərbaycan öz mina probleminə paralel olaraq, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək üçün çoxsaylı təşəbbüslərlə çıxış edib. Ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edib. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində humanitar minatəmizləmə üzrə xüsusi əlaqə qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Qrup ötən ilin sentyabr ayında fəaliyyətə başlayıb.

Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına Tərəf Ölkələrin 2023-cü ildə keçirilmiş 15-ci görüşündə “Minaların mədəni irsə təsiri” ilə bağlı qətnamə qəbul edilib. Bu mühüm qətnamənin davamı olaraq cari ilin may ayında Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi konfrans təşkil edib. Zəngilanda isə “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Görünən odur ki, Azərbaycan bu problemlə bağlı hərtətəfli iş aparır. Minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə daxili resursları hesabına aparan Azərbaycana bu işdə beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar güclü dəstək verməli və həmrəylik nümayiş etdirməlidirlər.

 





06.08.2024    çap et  çap et