525.Az

Kartof əkin sahələri niyə azalıb?


 

Kartof əkin sahələri niyə azalıb?<b style="color:red"></b>

Xeyli vaxtdır ki, ölkədə kartofun istehsalı aşağı düşüb. Statistik məlumatlar da bunu sübut edir. 2024-cü ilin yanvar-aprel aylarında ölkədə kartof əkin sahələri illik müqayisədə 5,1 faiz azalıb. Hesabat dövründə ölkədə 43556 hektar ərazidə kartof əkilib. Keçən ilin eyni dövründə isə 45907 hektar ərazidə kartof əkilmişdi. Əsas azalma Cəlilabad rayonunda qeydə alınıb. 2023-cü ilin yanvar-aprel aylarında bu rayonda 5500 hektar ərazidə kartof əkilmişdisə, 2024-cü ilin eyni dövründə əkin sahələri 47,3 faiz azalaraq 2900 hektara düşüb.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun sözlərinə görə, son bir neçə ildə kartofun əkin sahəsi 75 mindən 25 min hektara düşüb. Bu da kartof işi ilə məşğul olan fermerlərin bu sahəyə marağının azalması ilə bağlıdır: "Azərbaycanda kartofun qiyməti yüksəkdir, ancaq fermerler istehsal etdikləri kartofu yaxşı qiymətə sata bilmirlər. Əldə edilən məhsulun bir hissəsini anbarda saxlayıb qış mövsümündə bazara çıxarmaq ehtimalı yoxdur. Çünki anbarların sayı az və icarəsi çox yüksəkdir. Kartof daha çox itkiyə getdiyinə görə, heyvanlarına yedizdirmək məcburiyyətində qalırlar. Bəzi regionlarda isə məhsuldarlıq çox aşağı səviyyədədir. Bununla bağlı lazımi işlər görülmür. Müvafiq qurumlar vaxtı-vaxtında fermerləri suvarma sistemi ilə təmin etmir".

Vahid Məhərrəmov bildirib ki, ixrac edilən kartofun həcmi də azalıb. Yəni Azərbaycan təxminən 60-70 min ton kartof ixrac edir, amma 200 min tondan çox idxal edir: "2005-ci ildən bu yana Azərbaycanda kartof istehsalı azalıb. Ən çox 2005-ci ildə istehsal olunmuşdu. Əhalinin sayının kəskin artmasına baxmayaraq, bu müddət ərzində kartof istehsalını o səviyyəyə çatdıra bilməmişik. Son bir neçə ildə kartofun əkin sahəsi isə azalır. Çünki kartofu saxlamaq üçün Azərbaycanda soyuducu anbarlar yoxdur ki, məhsullar orada bir müddət saxlanılsın və sonradan mərhələ üzrə bazara çıxarılsın".

Aqrar sahə üzrə ekspert Mircavid Həsənov qeyd edib ki, sahələrin azalmasının əsas səbəbi əkin dəyişikliyidir: "Hər il fermerlər eyni məhsulu əkmirlər, dəyişiklik edirlər. Məsələn, fermer keçən il kartof əkibsə, bu il taxıl əkir ki, torpaq güclənsin. Növbəli əkində məhsuldarlıq artır. Hər dəfə eyni sahədə kartof əkmək düzgün deyil.  Ekspertin dediyinə görə, Cəlilabad rayonunda ola bilər fermerlər kartofun əvəzinə taxıl əkiblər. Çünki hər dəfə eyni sahədə kartof əkmək düzgün deyil, məhsuldarlığı aşağı salır. Çox güman ki, Cəlilabadda kartof sahələrinin azalması taxıl əkinləri ilə bağlıdır".

O bildirib ki, əkin sahələrinin azalması kartofun qiymətlərinə təsir edə bilər. Çünki istehsal azalanda qiymətlər qalxır. Məhsul az istehsal ediləndə bu, avtomatik qiymətlərə təsir edir: "Az da olsa, Rusiyaya kartof ixrac edirik. Amma özümüz idxal da edirik".

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə əsasən, kartof istehsalının aşağı düşməsi iki istiqamətdə əsas dəyişiklik təsirlərilə özünü büruzə verəcək. Ekspert ölkənin mərhələli şəkildə idxaldan asılılığının artacağını və bunun qarşılığında ödədiyi valyutanın daha çox olacağını deyir: "Həm qeyri-neft sektorunun ixracının artırılması, həm də ölkədə valyuta bazarının qorunması baxımından bu, arzuolunan deyil. İkincisi, bütün vətəndaşların təsirlənəcəyi məqam kartofun qiymətinin daha da bahalaşmasıdır. Kartofun qiymətində artım göstəricisi isə ölkədə mövcud olan inflyasiya ilə müqayisədə qat-qat yuxarı olur. Bu da arzuolunan deyil. Çünki istehlak səbətində kartof daha çox paya malikdir. Belə olduğu halda baha qiymətə kartof alan vətəndaşların aylıq xərcləri artır".

İqtisadçının dediyinə görə, aztəminatlı ailələrdə bu xərc özünü sərt şəkildə göstərir: "Yəni onların qida rasionunda və eyni zamanda aylıq istehlakında kartofun payı daha çoxdur. Burda qiymət artımlarının yüksək faizlərlə ifadə olunması son nəticədə müvafiq sosial qrupların daha böyük zərərlə üzləşməsinə gətirib çıxarmaqla, onların alıcılıq gücünü zəiflədir".

İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu il həm kartof sahələrinin həcmi azalıb, həm məhsuldarlıq aşağı düşüb. Qarşıdakı aylarda kartof istehsalı kifayət qədər vüsət alacaq: "Bizim əsas kartof istehsalçımız olan şimal rayonlarında kartof yığımı hələ tam gücü ilə başlamayıb. Qarşıdan gələn yaxın günlərdə başlayacaq. Əsas kartof hələ ki ilin birinci yarısında cənubdan, Cəlilabad və digər rayonlardan gəlir. Orda da kartof sahələrinin həcmi xeyli dərəcədə azalıb. Məsələn, ən çox faraş kartof istehsal edən Cəlilabadda kartof sahələrinin həcmi 50% azalıb. Bu, həm də hava şəraitinin əlverişsiz keçməsi ilə müəyyən təsirlərə məruz qalması ilə bağlıdı. Kartof sahələrinin həm həcmi azalıb, həm məhsuldarlığı aşağı düşüb. Ona görə də kartof azalıb. Amma ümid edirəm ki, payıza doğru Tovuz, Gədəbəy, Şəmkir, Qazax rayonlarında və kartof yığımı daha çox məhsuldarlığa malik olacaq və illik tələbatı təxminən konpensasiya edəcək. Yəni Azərbaycanda ilin birinci yarısında həmişə bütün illik kartof istehsalının maksimum həddə cəmi 20%-i istehsal olunur, 80 faiz isə payızda istehsal edilir. Yəni ötən ilin sonu ilə indi ilin yarısını müqayisə etmək doğru deyil. Şimalda kartof yığımı başlayan zaman bazara daha çox məhsul daxil olacaq".

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Gədəbəy, Şəmkir, Tovuz, Cəlilabad və Qusar bu il ən çox kartof əkilən ilk 5 rayondur. Sonrakı yerlərdə isə Zaqatala, Sabirabad, Lerik, Qazax və digər rayonlar gəlir. Hesabat dövründə təsərrüfatlarda 50,9 min ton kartof istehsal olunub. Keçən ilin yanvar-aprel ayları ilə müqayisədə bu il kartof istehsalı 1,1 faiz artıb.

Kartof əkən fermerlərə həm əsas, həm də təkrar əkinlərə görə dövlət tərəfindən subsidiya verilir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü ildə kartof əkən fermerlərə əsas əkinlərə görə bir hektara 280 manat, təkrar əkinlərə görə isə 100 manat subsidiya ödənilir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Cəlilabadda kartof əkin sahələrinin azalmasının səbəbindən danışarkən bildirib ki, fermerlər özlərinə sərf edən məhsulu əkirlər və heç kəs onları hər hansı bir məhsulu əkməyə məcbur edə bilməz: "Qərarı istənilən halda fermer verir. Kartof əkin sahələrinə sahib olan fermer həm də sahibkar və biznes fəaliyyəti ilə məşğul olan şəxsdir. Ona görə də daha çox gəlir gətirməyə imkan verən məhsul əkininə üstünlük verirlər. Kartof sahələrinin azalmasının səbəbi də daha gəlirli bitkilərə, xüsusilə də çiyələyə üstünlük verilməsidir. Çünki Rusiya bazarında bu məhsula çox böyük tələbat var. Bizdə də erkən sort çiyələk əkini, xüsusilə ilkin olaraq Cəlilabadda həyata keçirilir".

Nazirlik rəsmisi qeyd edib ki, Cəlilabadda kartof əkin sahələri azalsa da, digər bölgələrdə artıb: "Məsələn, Ağstafa rayonunda bu il daha çox kartof əkininə başlanılıb. Keçən il bu məhsuldan daha çox gəlir götürdükləri üçün bu il əkin sahələrini artırıblar".

Əlavə edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına əsasən, 2023-cü ildə kartofun əkin sahəsi 2022-ci ilə nisbətən 9,7 faiz azalaraq 49,5 min hektar olub. Keçən il kartof istehsalı illik müqayisədə 5,9 faiz azalaraq 1 milyon ton olub. Kartofun məhsuldarlığı 4,8 faiz artaraq hektara 199,6 sentner olub. Ötən il ölkəyə 162,2 min ton kartof idxal edilib ki, bu da illik müqayisədə 1,6 faiz çoxdur.

Azərbaycandan əsasən faraş kartof ixrac olunur və ötən il kartof ixracı 71,2 min ton olub. Azərbaycandan kartof ixracının 88 faizi Rusiyanın payına düşüb.

Sevinc QARAYEVA

 





06.08.2024    çap et  çap et