İran və onun proksi strukturları HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab verəcək.
525.az xəbər verir ki, bunu “Euronews”a Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunun analitiki Metyu Levit deyib.
Onun sözlərinə görə, indi əsas sual bunun necə və nə vaxt baş verəcəyidir.
“Tehran Haniyənin ölümündə İsraili günahlandırır. İsrail isə iştirakını nə təsdiq, nə də təkzib edir. Sizə cavabın necə olacağını dəqiq bildiyini söyləyən hər kəs yalan danışır. Amma cavabı olacaq. Buna heç bir şübhə yoxdur", - analitik əlavə edib.
M. Levitə görə, Hizbullah qruplaşması da İsrailə zərbə endirəcəyini vəd edir: “Lakin bir çox livanlılar genişmiqyaslı müharibədən qorxurlar. Hizbullah üçün hətta siyasi böhrandan daha çox iqtisadi böhran Livanda elə bir vəziyyətə gətirib çıxarıb ki, demək olar heç kim genişmiqyaslı müharibə istəmir. Bu, Livan üçün elə bir dağıntı ilə nəticələnəcək ki, oradakı həyat indikindən də pis olacaq. İnsanlar anlayırlar və Hizbullah da anlayır ki, 2006-cı il müharibəsindən fərqli olaraq, bu dəfə livanlıların çoxu yəqin ki, Livanda heç kimin, hətta İsraildə də istəmədiyi müharibəyə başlamaqda Hizbullahı günahlandıracaq”.
Ekspet hesab edir ki, İran da genişmiqyaslı müharibəyə can atmır: “Onlar genişmiqyaslı müharibənin İran sərhədlərinə çatmasını istəmirlər. Təkcə İsrailin real imkanlara malik olduğunu başa düşdükləri üçün deyil, onun ABŞ və digər ölkələrin timsalında real müttəfiqləri var. Tehranda qorxurlar ki, belə bir şey ölkə daxilində parçalanmaya səbəb ola və insanları düşünməyə vadar edə bilər ki, rejimi devirsinlər. ABŞ Tehrana xəbərdarlıq edib ki, regionda vəziyyətin gərginləşməsi İranın maraqlarına uyğun deyil”.
Pərvanə Sultanova
çap et