525.Az

Yol üstündə olan Klaar Azərbaycana qərəzindən qalmadı


 

Yol üstündə olan Klaar Azərbaycana qərəzindən qalmadı<b style="color:red"></b>

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar vəzifəsindən getmək ərəfəsində Azərbaycana qarşı qərəzli, balanssız fikirlər səsləndirib. O, mətbuata müsahibəsində "Qarabağ ermənilərinin" geri qayıtmasının Azərbaycanın öhdəliyi olduğu, Ermənistandan zorla qovulmuş azərbaycanlıların geri qayıtmasının Azərbaycan-Ermənistan normallaşma prosesinin nəticəsindən asılı olduğu, "Qarabağ ermənilərinin" məsələsinin xüsusi hal olduğu barədə fikirlər səsləndirib. Əslində Aİ-nin Özbəkistana səfiri vəzifəsinə təyinat alan Klaar yol üstündə bu qeyri-obyektiv, qərəz dolu yanaşması ilə bir tərəfdən ötən illər ərzində vəzifəsini necə yerinə yetirdiyini göstərdi, digər tərəfdən isə yenidən vasitəçi olmağa can atan Aİ-nin ədalətli, neytral ola biləcəyinə güvəni bir qədər də azaltdı. 

Niyə ermənilərin qayıtmaq hüququnu gündəmə gətirən Aİ diplomatı, öz tarixi torpaqlarından qovulmuş, etnik təmizləməyə məruz qalmış, illərdir yurd həsrəti çəkən azərbaycanlıların qayıtmaq hüququna göz yumur?

Məlumdur ki, ermənilər Qarabağı könüllü şəkildə, çox rahat, bütün hüquqları təmin olunmaqla tərk etdilər. Halbuki Azərbaycan hökuməti onların qalıb yaşamağa davam edəcəkləri təqdirdə, hər bir Azərbaycan vətəndaşı kimi bütün hüquqlarının təmin olunacağını bəyan etmişdi. Təbii ki, Bakı onları zorla saxlaya bilməzdi və seçimlərinə də hörmətlə yanaşdı. Bütün bu proses dünya ictimaiyyətinin gözü qarşısında baş verdi.

Ermənilər isə bizim soydaşlarımızı zorla, güc tətbiq edərək öz yurdlarından qovdu, bütün mal-mülklərini ələ keçirdilər. İndi "Qarabağ ermənilərinin" məsələsini xüsusi hal hesab edən Klaar, 30 ildən çoxdur ki, yurdlarına həsrət  qalan qərbi azərbaycanlıların məsələsini niyə xüsusiləşdirmir. Qərəz, ayrı-seçkilik açıq şəkildə ortadadır. Görünən odur ki, ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam şəkildə bərpa etməsini hələ də həzm edə bilməyən qüvvələr həqiqətləri görmək istəmir, öz uydurmaları, böhtanları ilə Azərbaycana təsir göstərəcəklərini düşünürlər.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Toivo Klaarın açıqlamasına münasibət bildirib: "Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi, Avropa İttifaqının Özbəkistandakı səfiri təyin edilmiş Toivo Klaarın Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana və əvvəllər yaşadıqları digər ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən keçirməsi, indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir. Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri dönməsi üçün müvafiq şərait yaradılması Ermənistanın öhdəliyidir və beynəlxalq ictimaiyyət bu öhdəliyin yerinə yetirilməsini tələb etməlidir".

XİN bəyan edib ki, Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması və onların geri qayıtması üçün müraciətlər etməsinə baxmayaraq, ermənilərin suveren Azərbaycan ərazilərinə geri dönmək niyyətində olmadığı səfir təyin edilmiş Toivo Klaara yaxşı məlumdur. Bu xüsusda, Azərbaycan tərəfi yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət edən erməni əsilli şəxslərin Azərbaycana qayıtması niyyətinə hörmətlə yanaşır.

Vəzifədən gedən ərəfədə səlahiyyətlərinə aid olmadan bu kimi qərəzli açıqlamalar verməsi, ilk növbədə, Aİ rəsmisinin təmsil etdiyi qurumun reputasiyasına vurduğu növbəti zərbədir.

Qərbi Azərbaycan İcması isə hesab edir ki, Klaar Azərbaycanın daxili işlərinə qarışan və Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verən fikirlər səsləndirib. Avropalı diplomat regionda köçkünlük problemi və qayıdış hüququndan danışarkən bu hüququ müstəsna olaraq Azərbaycandan könüllü olaraq köçüb getmiş ermənilərə şamil edib və Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnun olduğunu inkar edib. Bununla kifayətlənməyən Klaar Azərbaycanın Qarabağ regionundan köçüb getmiş ermənilərinin xüsusi hal olduğunu vurğulayıb. İcma hesab edir ki, Aİ nümayəndəsi özünə insanlara etnik mənsubiyyətinə görə hüquq vermək "səlahiyyəti" icad edib.

Bəyanatda deyilir ki, Klaarın Ermənistandan zorla qovulmuş azərbaycanlılara münasibətdə sərgilədiyi bu münasibət onun özünün və təmsil etdiyi qurumun etnik və dini əsasda ayrı-seçkiliyinin sübutudur. Aİ rəsmisinin Qarabağ ermənilərinin məsələsini xüsusi vurğulaması isə bu qurumun münaqişənin həll edilməsini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsinin göstəricisidir. Bütün bunlar, eləcə də Aİ-nin Ermənistana hərbi yardım ayırması, bu ölkənin sanksiya qaçaqmalçılığı yolu ilə külli miqdarda vəsait əldə edib silahlanmaya sərf etməsinə göz yumması və Fransa kimi Aİ üzv ölkələrinin Ermənistana böyük miqdarda silah satması regionda gərginlik yaratmağa xidmət edir.

Onu da vurğulamaq lazımdır ki, Klaar birinci dəfə deyil ki, anti-Azərbaycan mövqeyi sərgiləyir. Xüsusilə, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatizmin kökünü kəsməsindən sonra Klaar gerçək simasını ortaya qoydu. Məsələn, bu ilin martında Ermənistanın işğalında olan Azərbaycan kəndlərinin geri qaytarılması ilə bağlı (Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri bu ilin mayında rəsmən Azərbaycana geri qaytarılıb).

Bu razılaşma Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib.

Həmin zamanlar Klaar Azərbaycan mətbuatında gedən ardıcıl məqalələrə reaksiya verərək bunu Ermənistana təhdid kimi yozmuşdu: "Azərbaycan mətbuatında Ermənistana qarşı təhdidlər qəbuledilməzdir".

Klaar gerçəkləri təhdid sayırdı, onu "narahat" edən Qazax rayonunun Bağanis Ayrım kəndində Ermənistanın azərbaycanlı mülkilərə qarşı törətdiyi qətliam və həmin kənd daxil olmaqla Azərbaycanın bir sıra ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanması ilə bağlı Azərbaycan mediasında çıxan yazılar idi. Yəni avropalı diplomat Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, azərbaycanlılara qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətməsindən deyil, bu faktların mediaya çıxarılmasından natahat idi.

O bir qədər də irəli gedərək deyib: "Sərhədin delimitasiyası ilə bağlı həqiqi danışıqlara ehtiyac var və bütün ərazi mübahisələri sülh yolu ilə və razılaşdırılmış proses vasitəsilə həll edilməlidir".

Azərbaycan XİN cavab olaraq bildirmişdir ki, sözügedən kəndlər ərazi mübahisəsi məsələsi deyil: "Toivo Klaar qərəzli münasibətdən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur".

Belə nümunələr Klaarın ermənipərəst mövqeyini, antiazərbaycan yanaşmasını ifşa edir. Bu cür mövqeli insan öz vəzifəsində necə ədalətli, düzgün ola bilər? Əlbəttə ki, mümkün deyil.

Milli Məclisin VI çağırış deputatı, politoloq  Rasim Musabəyov da hesab edir ki, Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar başqa işə keçmək ərəfəsində Qarabağ erməniləri ilə bağlı verdiyi açıqlamalar balanssızdır. Onun sözlərinə görə, məhz Qarabağ ermənilərinin başlatdığı münaqişə nəticəsində zərər çəkmiş bir milyona yaxın azərbaycanlı olduğu halda Klaar ermənilərin təhlükəsiz və ləyaqətli qayıdış hüququnu xüsusilə qeyd edib: "Onun fikrincə, Bakı bunu təmin etməyə borcludur. Bəs İrəvan yox? Sual olunur ki, Klaar niyə Qarabağ ermənilərinə xüsusi hüquqlar verir? Məgər onlar qanlı münaqişənin başlanmasında fəal iştirak etməyiblər? Bəs etnik təmizləməyə məruz qalmış azərbaycanlıların qətlinə, əmlakının talanmasına və evlərinin dağıdılmasına görə məsuliyyət nə olacaq? Məsuliyyət, vəzifələr, hüquqların tanınması və təhlükəsizliyin təmin olunması yalnız qarşılıqlı şəkildə ola bilər. Bunu inkar edib sözlə hoqqabazlıq edənlər, heç nəyə nail olmayacaqlar".

 

 





07.08.2024    çap et  çap et