525.Az

Çin yaşıl inkişaf və enerji təhlükəsizliyi üçün yeni elektrik sistemi qurur


 

Çin yaşıl inkişaf və enerji təhlükəsizliyi üçün yeni elektrik sistemi qurur<b style="color:red"></b>

Çin ölkənin yaşıl inkişafı və enerji təhlükəsizliyini təşviq etmək səyləri çərçivəsində yeni elektrik sisteminin qurulması üzrə fəaliyyət planını açıqlayıb.

525.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Çinin Milli İnkişaf və İslahat Komissiyası, Dövlət Energetika İdarəsi və Dövlət Məlumat İdarəsi tərəfindən birgə dərc edilən plan  2024-2027-ci illər arasında doqquz sahədə atılacaq addımları müəyyən edir.

Çin səlahiyyətliləri tənzimləmə və nəzarət texnologiyalarından istifadə etməklə təmiz elektrik enerjisinin şəbəkələr üzrə ötürülməsini artırmaq, kömürlə işləyən elektrik stansiyalarını modernləşdirmək və elektrik nəqliyyat vasitələri üçün enerji doldurma infrastrukturunu genişləndirmək üçün çalışacaq. Çinin Dövlət Enerji Administrasiyası bəyan edib ki, ölkənin səhra və səhralaşmış bölgələrində külək və günəş enerjisindən elektrik enerjisi istehsalı üçün böyük bazaların nizamlı şəkildə qurulması ilə təmiz enerjinin digər bölgələrə ötürülməsinə ehtiyac artır.

Pekin 2030-cu ilə qədər səhra və səhralaşmış ərazilərdə külək və günəş elektrik stansiyalarının ümumi quraşdırılmış gücünü 455 milyon kVta çatdırmaq niyyətindədir. Hazırda bölgələrarası elektrik xətləri əsasən kömürlə işləyən elektrik stansiyalarında və su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisini nəql edir. Sənəddə deyilir ki, Çin karbon qazı emissiyalarında əhəmiyyətli azalmalara nail olmaq üçün kömürlə işləyən elektrik stansiyalarını da modernləşdirməyi planlaşdırır.

“Kömür enerjisi ölkəmiz üçün etibarlı elektrik təchizatının ən mühüm mənbəyi olaraq qalacaq. Karbon qazı emissiyalarının maksimum azaldılması məqsədinə nail olmaq üçün bu sektorun aşağı karbonlu transformasiyasını sürətləndirmək lazımdır”, - məlumatda deyilir.

Çinin yeni enerji avtomobilləri bazarı son illərdə davamlı şəkildə inkişaf edir. Belə ki, 2024-cü ilin birinci yarısında belə avtomobillərin satışı 32 faiz artıb ki, bu da ölkədə enerji dolduruculara böyük tələbat yaradıb. Bununla əlaqədar, hakimiyyət elektriklə işləyən avtomobillər üçün enerji doldurma infrastrukturunu genişləndirməyi və bu sahədə bir sıra standartları müəyyən etməyi, həmçinin elektromobillər və enerji şəbəkəsi arasında inteqrasiyanı və qarşılıqlı əlaqəni gücləndirməyi vəd edib.

Rəsmi məlumatlara görə, iyunun sonuna qədər Çində doldurma cihazlarının ümumi sayı illik müqayisədə 54 faiz artaraq 10,24 milyon ədədə çatıb.

Pərvanə Sultanova

 





07.08.2024    çap et  çap et