Elçin Mirzəbəyli, jurnalist:
- Qaşımın yarımfinalda sonuncu olimpiya çempionu üzərindəki inamlı qələbəsi, şübhəsiz ki, hər bir vətənsevər azərbaycanlı kimi, məni də qürurlandırdı. Amma məni ən çox sevindirən onun məğlubiyyətiylə barışan, bunu açıq-aşkar ifadə edən rəqibinin üzərinə getməməsi oldu!
Bizə yaraşan da elə budur. Əsl humanizm və ləyaqət nümunəsi! Afərin!
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- R.T.Ərdoğan və instaqram davası haqqında
Əslində son illərdə dövlət başçıları ilə qlobal resurslar arasında bu formada dava təzə bir şey deyil.
4-5 il öncə Tramp ilə qlobal media resursları arasında baş verənlər unudulmamalıdır.
Son illərdə qlobal sosial media resursları (feysbuk, instaqram, yutub və s.) xeyli siyasiləşib, ikili standartlar artıb. Bir çox hallarda bu resurslar vasitəsilə sərbəst fikir bildirməkdə problemlər yaranır.
Əsas səbəb isə MƏHZ bu resursların özləri tərəfindən uzun illər oturuşan və hamını qane edən prinsipin, "məzmuna istifadəçi cavabdehdir" prinsipinin pozulması olub.
Yəni qlobal resurslar məzmuna müdaxiləyə başladığı andan, ifadə azadlığına ikili standartlarla müdaxiləyə başladığı andan bu tip qapanmalar, kontentin silinməsi, "kontent saxta ola bilər" kimi işarələnməsi və s. reallığa çevrilib.
Məhz bu səbəbdən, sosial resursların hüdudsuz hakimiyyət əldə etməsindən dolayı 5 il öncə Tramp bu resurslarla bağlı ciddi bir tənzimləmə hazırlamışdı.
Prinsip ondan ibarət idi ki, əgər qlobal resurs artıq konteti redaktə edirsə, bu, artıq ifadə azadlığının pozulmasıdır, demək, o özü senzordur və kontentə görə özü məsuliyyət daşımalıdır.
Yəni indiyədək mövcud olan "kontentə istifadəçi cavabdehdir" prinsipi pozulursa, onda qlobal resurslar da tənzimlənməyə cəlb olunmalıdır.
Tramp o zaman bunu reallaşdıra bilmədi.
İndi həmin məsələ Türkiyədə baş verib.
"Meta" şirkəti İranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı Türkiyədəki paylaşımları instaqramdan silib.
Yəni qlobal resurs yenə kontentə müdaxilə edib, yenə "redaktorluq" edib.
Amma "Meta" Türkiyənin terrorçu hesab etdiklərilə bağlı çoxsaylı paylaşımları instaqramdan silməyib.
Bu baxımdan instaqramın qapadılması ilə bağlı Türkiyə hökumətinin, Prezident Ərdoğanın mövqeyi anlaşılandır.
Amma dövlət maraqlarının reallaşması istiqamətində Türkiyənin atdığı addımlar, "baltanın kökündən vurulması" çox sərt olub, ədalətli deyil, aşağıdakılar baxımından çox düşündürücüdür.
İnstaqram Türkiyədə ən populyar, ən çox ictimai və biznes əhəmiyyəti olan sosial platformadır.
Türkiyədə milyonlarla insanın burada böyük biznesi var, milyonlarla insanlar burada işləyir. Türkiyə instaqramı sadə bir şey deyil, milyonların "oturduğu" biznes və ictimai bir platformadır. İctimai fikrin formalaşmasına təsir edən bir platformadır.
Yəni Türkiyə cəmiyyəti üçün bu platforma yetərincə əhəmiyyətli bir resursdur.
Əlbəttə, "Meta" da Türkiyənin rəqəmsal bazarından milyonlar qazanır.
Bu baxımdan, problemin əvvəllər olduğu kimi, xəbərdarlıqlar, danışıqlar, müvəqqəti məhdudlaşmalarla, "Meta" ilə əməkdaşlıqla həll etmək doğru yanaşma olardı. Türkiyənin özünün də bu sahədə təcrübəsi var.
Ümid edirəm qısa zamanda problem öz həllini tapacaq və instaqram Türkiyədə fəaliyyətini bərpa edəcək.
Düşünürəm ki, qlobal sosial media resursları "redaktor" səlahiyyətlərinə iddialı olduqca, ifadə azadlığına qarşı ikili standartlardan əl çəkmədikcə bu tip problemlər hələ çox davam edəcək.
Bunun həlli yolu tapılmalıdır.
Fərid Pərdəşünas, texnobloger:
- R.T.Ərdoğanın son açıqlamarı Türkiyə və instaqram arasında olan vəziyyəti indi daha da aydınlaşdırdı. Hər nə qədər instaqramın Türkiyədə bloklanması "kataloq suçlar" əsasında olsa da, vəziyyətin siyasi olduğu elə başından məlum idi. İndiki halda məsələ nədir? Qısa olaraq izah edim.
"Meta" çətiri altında olan şirkətlər Fələstin məsələsində HƏMAS-ı terror qruplaşması kimi qəbul edir. Bu səbəbdən bu qruplaşma və qruplaşma rəhbəri ilə bağlı olan paylaşımları silir və qaldırır. Bu platformanın siyasətində açıq-aydın göstərilir. Eyni qayda Hitler üçün də keçərlidir. Bu, rəsmi tərəfidir. Qeyri-rəsmi tərəfi isə istər Fələstin istər Rusiya məsələsində bu ölkələrin adları hallanan və onların tərəfinə + mənada yazılan paylaşımları az adama göstərməsidir. Bunu özünüz də Fələstinə dəstəklə bağlı açıq (ulduzlamadan) yazıb, yoxlaya bilərsiniz.
Türkiyənin tələbi isə bu fikir məhdudiyyətinin qaldırılmasıdır. Onlar təklif edir ki, fikirləri senzuralamaq olmaz. Məsələn, "X" platformasında belə senzura yoxdur və Elon Musk İsrail əlehinə yazılan fikirləri bloklamadığı üçün böyük şirkətlər o platformada reklam verməkdən imtina etmişdi. O da açıqlamasında demişdi ki, gedin tullanın, məni pulla təhdid etməyin.
Bu səbəbdən yola çıxaraq Türkiyə iqtisadi riskləri gözə alıb, bloklamağa getdi. Çünki bu modeli onlar dəfələrlə yoxlayıb və Türkiyə bazarı platformalar üçün böyük bazar olduğundan uyğunlaşıblar. Məsələn, zəlzələ tamanı "X" bloklansa da, dərhal Musk müdaxilə edib, Türkiyə ilə razılaşmışdı və dezinformasiyanın qarşısını almaq üçün ortaqlı iş görmüşdürlər.
İndi vəziyyət daha da mürəkkəbdir. Bu halda bazar nə qədər böyük olsa da, "Meta" onlara və ölkəsinə görə terror təşkilatı haqqında paylaşımlar icazə vermək fikrində deyil. Burada kimsə geri addım atmalıdır. Gedən müzakirələr hələ də Türkiyə və "Meta"nın razılığa gəlmədiyini göstərir.
Ümumilikdə isə bu cür vasitələr hər zaman uğurlu olmaya bilir. Böyük bazarlarda bloklama təhdidləri ilə şirkətləri əksər hallarda razı sala bilir dövlətlər. Amma indiki hal ciddi siyasi böhrandır və Türkiyənin tələbi də böyükdür. Baxaq görək, "Meta" bunu necə dəyərləndirəcək?
Şəxsi fikrimə görə isə istənilən halda uzun müddətli bloklama yanlış olar. Bu çox sayda iş yerinin itməsinə, iqtisadi zərərə, kommunikasiyadan uzaqlaşmağa və VPN istifadəsi ilə məlumat təhlükəsinə səbəb ola bilər.
Aslan Əsədov, nəqliyyat eksperti:
- Türkiyə dünəndən etibarən Ermənistana uçan təyyarələr üçün hava sahəsini tam bağlayıb. Dünən İrəvana uçan bir neçə təyyarənin hava marşrutunu dəyişdiyi bildirilir. Səbəb məlum deyil.
Yeganə Hacıyeva, politoloq:
- Bayden prezident olsun deyə Donald Trampın tviter, feysbuk, instaqram və yutub hesablarını bloklamışdılar.
Baydeni COVİD elan edib, iki həftə fiziki bloklayıb, seçkidən geri çəkdilər və şübhəli əsaslarda Haris namizəd oldu.
Kainatın ən işlək mexanizmlərindən biri bumeranq qanunudur, heç kim yaşatdığını özü yaşamadan getməyəcək!
Asif Nərimanlı, jurnalist:
- Ukrayna ordusu Kurska hücum etməklə müharibəni Rusiya ərazisinə daşımaq taktikasında ciddi irəliləyiş əldə etdi: bu, müharibənin başlandığı 2022-ci ildən bəri Rusiya ərazisinə ən böyük müdaxilədir və davamlı olacağı ehtimalı ön plandadır, çünki belə bir taktika Kiyev üçün "çıxış yolu" ola bilər.
a) Ukrayna uğursuzluğu kompensasiya edir;
Ukraynanın ötən il planlaşdırılan "böyük əks-hücum əməliyyatı" faktiki uğursuzluğa düçar oldu və irəliləyə bilmək perspektivi zəif görünür. Ələ keçirdikləri bölgələrdə möhkəmlənərək, müdafiə olunan tərəfə çevrilən ruslar yeni ərazilərin işğalını da davam etdirirlər (İyunun 14-dən indiyə qədər 420 kvadratkilometr ərazini ələ keçirdikləri iddia olunur). Kiyev döyüşləri Rusiya ərazisinə köçürməklə cəbhədəki uğursuzluğu kompensasiya edir, həm də kiçik qələbələrlə ordunu ruhlandırır;
b) Kiyev danışıqlar gözləntisini dağıdır və "diqqəti" üzərinə çəkir;
Ukraynaya F-16-lar verilsə də, yaxın perspektivdə danışıqlar masasına əyləşməsi üçün Kiyevə təzyiqlərin ediləcəyi, yaxud ən yaxşı halda "diqqətdən kənarda" qala biləcəyi istisna edilməməlidir.
Birincisi, ABŞ-dakı seçki yarışı və Trampın mümkün qayıdışı Ukrayna üçün Rusiya ilə mübarizə perspektivini dumanlı edir.
İkincisi, İran-İsrail gərginliyi diqqəti Yaxın Şərqə yönəldir və mümkün ikinci cəbhə ssenarisində Vaşinqton birinci cəbhədən - Ukraynadan uzaqlaşa bilər;
- Ən yaxşı halda Ukraynada müharibəni "dondura" bilərlər;
- Ən pis halda Kiyevi Moskva ilə danışıqlara itələyəcəklər: ABŞ-ın Yaxın Şərqdə vəziyyətə nəzarət üçün Rusiya ilə də "əməkdaşlıq" etməsi mümkün variantlardandır;
Hər iki halda Ukrayna təhlükə ilə üzləşə bilər. Və Rusiya ərazisinə hücum etməklə riskli gediş edir: mümkün danışıqlar perspektivini sıradan çıxarır, müharibə "alovunu" səngiməyə qoymayaraq, diqqəti üzərinə çəkir və döyüşlərin arealını genişləndirməklə, Qərb-Rusiya qarşıdurmasını da kəskinləşdirməyə çalışır.
Kiyevi narahat edən məqamlar var: Vaşinqton-Moskva xəttində təmasların yarandığı (məhbus mübadiləsi sonuncu nümunələrdəndir) və Ukraynada toqquşan hər iki tərəfin Yaxın Şərqə görə "qılıncları qınına qoyması" ehtimalları var. Ukraynanın Rusiya ərazisinə hücumunun bu ehtimalları arxa plana keçirməyə hesablandığı mümkün variantlardandır. Və eyni taktikanın genişləndiriləcəyi gözləniləndir.
Etibar Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru:
- Məhəmməd Yunus Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik edəcək
Məhəmməd Yunus kimdir?
Nobel mükafatı iqtisadçılara adətən mürəkkəb riyazi və məntiqə söykənən nəzəriyyələrə görə verilir. Nobel Sülh komitəsi Banqladeş milyonçusunun insani davranışlarını nəzərə alaraq 2006-cı ildə mükafatı ona verdi. O, ölkəsi üçün yoxsulluğa qarşı "dərman" tapdı və tətbiq etdi. Varlı dövlətlər yardımlar və müxtəlif dotasiyalar vasitəsilə yoxsul ölkələrə kömək göstərməyə çalışırlar. Lakin bu, əbədi ola bilməz. Biz də şahidiyik: inkişaf etmiş ölkələr yoxsul ölkələrə bir neçə il ərzində kömək göstərir, amma yoxsulluq və münaqişə yenidən geri qayıdır. Məhəmməd Yunus "yoxsulluğun müalicəsinə" görə Nobel mükafatına layiq görülüb.
Son illərin təcrübəsi göstərir ki, dünyanın əsasən 90 ölkəsində mikrokreditlər üçün milyardlarla dollar vəsait ayrılır (Britaniya Ensiklopediyası). Kreditlər suveren borclar kimi geri qaytarılmalıdır. İnsanlar buna həm də vərdiş ediblər. Heç bir inkişaf etmiş və inkişaf etməkdə olan ölkədə mülkiyyəti olmayan - nəsə girov qoymayan kasıba kredit vermirlər. Məhəmməd Yunus ilk dəfə ən kasıb insanlara işə başlamaq üçün kiçik məbləğdə pullar verməyə başladı. Beləliklə, o, əvvəlcə Banqladeşdə, sonra isə digər ölkələrdə yoxsulluğun ağır daşını tərpətdi. Məhəmməd Yunus rəhbərlik etdiyi "Grameen Bank" vasitəsilə nəhəng bir mikrokredit dünyası yaratdı. Bu, həm də biznes fəaliyyətinin sosial cavabdehliyi və yeni maliyyə alətinin kəşfidir. Heç bir müqavilə imzalamadan kredit verilməsi və sonradan verilən vəsaitin 93,8 faizinin geri qaytarılması doğrudan da möcüzə idi. Onun bankı ipoteka kreditləri və faizsiz təhsil borcları da verir. Dünyasını dəyişənə isə borc bağışlanırdı.
Məhəmməd Yunus bu hərəkəti ilə qısa bir vaxtda ölkəsində yaşayış səviyyəsini 6,7 faiz qaldırdı. Onun Nobel nitqi də son dərəcə maraqlıdır: "Yoxsulluq - cırtdan ağaca bənzəyir. Sizin böyüməyiniz üçün kiçik bir əsas var. Amma siz kiçik boylu ağaclarsınız. Siz nəhəng bir ağac da ola bilərsiniz, ancaq bunu aydınlaşdırmaq çətindir. Yoxsulluq bax, belə bəladır".
Biz kasıblara deyirdik: "Evinizdən başqa bir evə gedəndə özünüzlə nəsə götürün. Məsələn, xeyirxahlıq üçün nəsə götürmək istəmirsinizmi? Qolbağı, peçenye, şam götürmək olmazmı? Onda dərhal sizin seçiminiz yaranacaq. Ya siz xeyirxahlıq etməlisiniz, ya da nəsə satmalısınız. Ola bilər ki, bir evdə onu satasınız, başqa bir evə isə xeyirxahlıq göstərəsiniz".
Bu ifadələr göstərir ki, Məhəmməd Yunus həm də fikir adamıdır, nəhəng müsəlmandır. Bütün ölkələr yoxsulluğa qarşı müxtəlif üsullar axtarır. Amma Məhəmməd Yunusun seçdiyi metod çox unikaldır. İnsanlar arasında etimad mühiti yaratmaq və onu vərdiş halına gətirməkdir.
P.S. 2016-cı ildə UNEC-də Yunus Sosial Biznes Mərkəzi yaradılıb. Məhəmməd Yunus həm də UNEC rektoru, professor Ədalət Muradovun müşaviridir.