Gürcüstan prezidenti Salome Zurabişvili "Gürcü arzusu" hökumətini Qərbin həyata keçirdiyi proqramları qəsdən pozmaqla ölkəni tamamilə müdafiəsiz qoymaqda ittiham edərək bunun xəyanət olduğunu bəyan edib. Salome Zurabişvilinin səbrini daşıran və hökuməti sərt ittiham etməsinə səbəb olan məsələ ABŞ-nin Xəstəliklərə Nəzarət Mərkəzlərinin (CDC) Gürcüstanda proqramlarını dayandırması səbəb olub. Prezidentin sözlərinə görə, dünyada yoluxucu epidemiya təhlükəsinin artması fonunda Gürcüstan hakimiyyəti bütün laboratoriyaları və proqramları cəsarətlə və qəsdən iflic vəziyyətə salmağa çalışır.
Salome Zurabişvili bildirib ki, ABŞ Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC), Milli Sağlamlıq İnstitutlarının (NIH) Gürcüstanın vətəndaşlarının təhlükəsizliyinə verdiyi töhfə ölçüyə gəlməzdir: "Minnətdarlıqdan başqa sözümüz yoxdur. Ölkənin demoqrafik göstəricilərinin fəlakətli səviyyədə olduğu, yüz minlərlə insanın ölkəni tərk etdiyi bir vaxtda Amerika ilə belə mühüm əlaqəni kəsmək birbaşa ölkəyə xəyanətdir. Dünyada yoluxucu epidemiya təhlükəsinin artması fonunda Gürcüstan hakimiyyəti bütün laboratoriyaları və proqramları cəsarətlə və qəsdən iflic vəziyyətə salmağa çalışır".
Dövlət başçısı hesab edir ki, "Gürcü arzusu" iqtidarının bu siyasəti dövlətin imicinin də zədələnməsinə, onilliklər boyu ərzində yaradılan peşəkar əlaqələrin kəsilməsinə, eləcə də iki ölkə arasında yaranmış etimadın və əməkdaşlığın pozulmasına səbəb olur.
Salome Zurabişvili bildirib ki, hökumətin bu siyasəti ilə ən çətin vaxtlarda Gürcüstan əhalisini pulsuz dərman, peyvənd və avadanlıqla təmin edən, minlərlə insan həyatını hepatit, QİÇS, donuz qripi, COVİD virusundan xilas edən dostumuzu, tərəfdaşımızı təhqir edir.
Bilik mübadiləsi, elmi təlimlər olmadan sabahın yüksək səviyyəli mütəxəssislərini yetişdirə bilməyəcəklərini qeyd edən dövlət başçısı bildirib ki, təcrid elmin düşmənidir. Sonda prezident "Gürcü arzusu" hökumətini qazanılmış uğurları bilərəkdən və israrla məhv etməkdə ittiham edərək, bunun yolverilməz olduğunu qeyd edib.
"Gürcü arzusu" hökuməti parlamentdəki üstünlüyündən istifadə edərək "Xarici Təsirdə Şəffaflıq Qanunu"nu qəbul etdikdən sonra Vaşinqtonla Tbilisinin münasibətləri kəskin pozulub. Vaşinqton Gürcüstana ayrılan 95 milyon dollardan çox yardımı dayandırıb.
ABŞ-nin dövlət katibi Entoni Blinken bu qərarlarını Gürcüstan hökumətinin antidemokratik hərəkətləri və yalan bəyanatları ilə izah edib. Dövlt katibi bildirib ki, "Gürcü arzusu"nun bu davranışları Avropa İttifaqı və NATO-ya üzvlük normalarına uyğun gəlmir.
Gürcüstan postsovet məkanında Ukraynadan sonra ABŞ-dan ən çox yardım alan ikinci ölkə idi. Məsələn, 2023-cü il üçün Vaşinqton "Avropa, Avrasiya və Mərkəzi Asiyaya yardım" proqramı çərçivəsində Gürcüstana 88 milyon dollar ayırıb. Bu il 95 milyon dollar, gələn il isə 116,5 milyon dollar ayrılması nəzərdə tutulurdu. "Gürcü arzusu" isə bütün bu əməkdaşlığı zərbə altına qoyur. Bunun hansı məqsədlə edildiyi ilə bağlı isə çoxsaylı ehtimallar var.