Son illər sosial platformalarda bir-birindən möhtəşəm səsə malik gənc ifaçılar çıxır qarşımıza. Bu gənclərin, demək olar, hamısı köhnə mahnılara müraciət edərək (cover) meydana atılırlar. Onların ifasında yeni nəfəs qazanan köhnə mahnılar bizim xatirələrimizi də yeniləyir. Həm də axı onların yerini indi hansı mahnı tuta bilir ki? Dinlədikcə təzələnən o nəğmələr 30-40, hətta 50 il bundan əvvəl yazılmış olsa da, ruhu bu gün yazılmış kimi diridir. Bəs son illər yazılan mahnılar niyə belə ruhsuz və bəsitdir?
Əslində musiqidə daha sadə melodiyalardan istifadə ilə bağlı müzakirələr yeni deyil. Bəzi musiqişünaslar, illərdir, bu məsələ ilə bağlı narahatlıqlarını bildirirlər. Problem təkcə Azərbaycan musiqisi ilə də bağlı deyil. Məsələn, bu yaxınlarda Avstriyada aparılan yeni araşdırmada 1980-2020-ci illərdə yayımlanan 12 fərqli populyar musiqi janrını əhatə edən mahnıları sözlərin yazı səviyyəsi, quruluşu, duyğuları və populyarlığı baxımından müqayisəli araşdırıblar. Nəticədə məlum olub ki, 50 il içərisində musiqilər xeyli bəsitləşib.
Uzun sözün qısası, sərhədləri aşan problemin bir də öz sərhədimizdəki vəziyyətinə nəzər salaq. Zənnimcə, günümüzdə bir çox musiqişünasların, alitəhsilli bəstəkarların bu mövzunu gündəmdə saxlaması vacibdir. Mən isə mövzuya az-çox musiqidən hali olan bir mədəniyyət yazarı olaraq toxunacağam.
Musiqi insanın özünü ifadə etməkdə, hətta özünü anlamaqda çətinlik çəkdiyi zamanlarında ovqatına tərcüman ola bilən sənət növlərindəndir. Təbii ki, musiqiyə yazılan sözlərin də böyük əhəmiyyəti var. Bəstəkarlar da əsasən sözləri oxuyarkən beyinlərində melodiyalar notlara düzülür. Çox az bəstəkar mahnısı var ki, bəstəsi sözdən əvvəl doğulur. Amma gərəkdir sözlər bəstəyə, bəstə də sözlərə can verə. Müasir dövrdə yazılan mahnılarda bu iş bir az çətindir. Son 10-15 ildə yazılan mahnılara nəzər yetirsək (əgər ağlımızda qalıbsa) görərik ki, bu mahnıları ilk dinlədiyimiz zamanı belə xatırlamırıq. Halbuki əvvəllər ilk dinlədiyimiz mahnıların da özünə aid xatirələri yaranırdı və uzun illər o mahnılar xatirələrimizlə birlikdə hafizəmizin ən əlçatan yerində mühafizə olunurdu. Ən son hansı mahnını dinlədiyiniz zaman gözləriniz yaşarıb? Və yaxud da hansı musiqi sizi depressiv ovqatdan çıxarıb? Sözün düzü, mən artıq belə musiqilər eşitmirəm.
Son dövrdə yazılan mahnıların təsiri keyidici iynənin təsiri qədərdir. 5-6 saatlıq. Ən çox 1 sutka... Sonrası isə yaddaşımızın zibil qutusunda olur.
Keçmiş dövrlə müqayisədə, indi daha çox və fərqli musiqilər dinləmək imkanımız var. Bəs niyə o sirli duyğunu ala bilmirik? Məşhur amerikalı psixoloq Barri Şvarts yazdığı "Seçim paradoksu" adlı kitabında "seçim çoxaldıqca xoşbəxtlik, məmnunluq ehtimalı da azalır" deyir. Onun fikrinə əsaslansaq, seçim bolluğu bizə doğru seçim edə bilmək fürsəti vermir. Şvartsın "seçim bolluğu" fikrində həqiqət payı mütləq ki vardır, ancaq musiqi duyğu sənəti olduğu üçün bu arqument o qədər də məntiqli gəlmir mənə. Hazırda musiqidə əskik olan əsas şey hissdir. Günümüzdə sənətçilərin musiqi ilə özünü ifadə etmək çətinliyi çəkməsinin də altında bu səbəb yatır. Albomların yerini sürətlə sinqlların, "Spotify" kimi musiqi platformalarının tutması da bu əskiklikdən qaynaqlanır. Çünki albomda bütöv bir hekayə çatdırırsan dinləyiciyə və bu, qalıcıdır. Sinqlın isə heç bir hekayəsi yoxdur, müvəqqətidir.
O dövrün mahnılarında sözlər aydın eşidilir, buna görə də insanın ruhuna sirayət edə bilirdi. İndiki mahnılarda sözlər anlaşılmır, hətta bəzi mahnıların sözlərini anlamaq üçün "Google"da axtarış vermək lazım olur.
Minlərlə mahnı ortaya çıxsa da, heç bir ödəniş etmədən rahatlıqla bütün mahnılara çata bilsək də, yenə qulağımız, gözümüz sosial platformalarda 80-90-cı illərin mahnılarını axtarır. Təsadüfi deyil ki, bu gün ölkədə ən çox dinlənilən radio tezlik "Retro" və "Yurd" FM-dir. Çünki bir zamanlar mahnılar sevgidən, bağlanmaqdan bəhs edirdi. İndi isə aqressivliyin, eqoizmin pop musiqisini də ağuşuna aldığını görürürük. Diqqət etsəniz, son illər yazılan mahnıların sözlərində "Mən", "mənim", "məndən yoxdur", "mən bir dənəyəm" kimi sözlərə daha çox yer verilir. Vecsizliyin, narsisizmin, yüngül həyat tərzinin təbliğ olunduğu mahnılar 2020-ci ildən sonra zirvə fəth edərək normallaşmağa doğru yol alıb. Hətta son bir ildə artıq müğənnilər bir-birilərinə mahnılarında söz atırlar. İşin ən pis tərəfi odur ki, indi bu axına yalnız "ara müğənniləri", "bayağı" adlandırdığımız müğənnilər deyil, həm də həmin müğənniləri bəyənməyən, ciddi musiqiçi hesab etməyən, tənqid edən, onları musiqimizi korlamaqda ittiham edən Xalq artistlərimiz də qoşulub. Məsələn, "Tənha qadın", "İtkin gəlin" (Cavanşir Quliyev), "Gecələr keçir" (Eldar Mansurov) kimi möhtəşəm mahnılar ifa edən Xalq artisti Aygün Kazımovanın "S.O.S", "Parol", "Sağ-salamat" kimi ya əcnəbi söz yığınından, ya da yalnız ritmlərdən ibarət, düz-qoş mahnılarla trendə düşməsi acınacaqlıdır. 30 ildən çox səhnədə olan bir müğənninin, Xalq artistinin ancaq bazar mahnılarına əmək sərf etməsi, sizcə də, absurdd deyilmi? Şöhrətin zirvəsində olan bir müğənni bu gün trend arxasınca qaçmalıdırmı? Bu, bir az da milli estrada, pop musiqisinin zirvəsindən dibinə enməkdir. Halbuki artıq yaşlarının böyük sənətə töhfə vermək çağlarındadılar.
Digər bir Xalq artistimiz Röya Ayxana baxaq: Nailə və Hikmət Mirməmmədlilərin, Vaqif Gərayzadənin unudulmaz bəstələri ilə ulduzu parlayan müğənninin son illər ifa etdiyi əksər mahnılar trend olub, xitə çevrilsə də, sabun köpüyü kimi partlayır, 1 ay sonra unudulur. Hətta bu yaxınlarda Xalq artisti ona tutulan bu haqlı irada bir qədər aqressiv cavab verib demişdi: "Köhnə mahnılar köhnədə qaldı. Yenilik etmək lazımdır". Yenilik etmək, əlbəttə, lazımdır. Amma peşəkar bəstəkarlarla, istedadlı söz yazarları ilə işləməklə də etmək olar yeniliyi. Xalq artistini kütlə müğənnisindən fərqləndirən ən mühüm cəhətlərdən biri də budur.
Bu gün bütün mahnılar bir-birinin təkrarıdır sanki. Onlarda ya duyğu yoxdur, yaxud varsa da, dinləyən insana keçə bilmir. Əvvəllər bu cür bayağı mahnıların dinləyicisi bəlli bir kütlə idisə, artıq bütün xalq bu mahnıların bataqlığına düşüb. Zövqlər korlanıb. 5 yaşlı bağça uşağından tutmuş, orta məktəb şagirdinədək yeni nəsil artıq klassik mahnılarımızdan çox uzaq görünürlər. Hətta mənim yaşıdlarım, yəni yaşı 40-ın astanasında olanlar arasında da bu mahnılardan xəbərləri olmayanlar var. Amma 4-5 dəfə təkrardan ibarət bir bənd sözləri olan, axşam yazılıb səhər "YouTube"a çıxan mahnıları əzbər bilirlər. Yeni nəsilə gəlincə... Onlar köhnə mahnıları bilmədikləri üçün, bu musiqilərin necə gözəl olduğunu da bilməyəcəklər və mahnı zənn etdikləri səs-küyün sadəcə səs kirliliyindən başqa bir şey olmadığını, yəqin, heç vaxt anlamayacaqlar.
İş o yerə çatıb ki, toyda qonaqlar canlı musiqidənsə hansısa bayağı mahnının fonoqramına üstünlük verirlər. Rəqslərimiz də əcaibləşib. Çünki doğma ritm, doğma ruh küncə sıxışdırılıb, hətta öldürülüb. Ağlayanı tapılacaq, ya yox, burasını artıq Allah bilir.