|
|
|
|
Xoşbəxtlik üçün bəzən ən kiçik səbəb də yetərlidir. Hər dəfə səyahət zamanı gördüklərimi paylaşmaq istəyi yaranır. "Səyahət ömür içində yaşanan yeni ömürdür" - deyirlər. Hər xalqın olduğu kimi, bizim də o qədər gözəl milli-mənəvi dəyərlərimiz var ki... Başqalarının da öyrənilməyə layiq dəyərləri, həyat tərzi ilə tanış olmaq, məncə, hər kəsə faydalıdır.
Almaniyada dəfələrlə olsam da, bu dəfə bir neçə gün qaldığımız kiçik kənd əsl dinclik mənbəyi oldu. Bir tərəfində dağlar, digər tərəfdə ucsuz-bucaqsız yamyaşıl meşələr, zəmilər, çəmənlər - hər şey bir rəssam fırçası ilə çəkilmiş kimidir. Bəllidir ki, bu gözəlliklər insana bəxş olunan sərvətdir. Səliqəli, hasarsız, güllü-çiçəkli evlər, eyvanlar, meyvəli bağlar, insanların gülümsər simaları, maşın və ya velosipeddə keçərkən tanımadıqları ilə mehriban salamlaşmalar, güvən, səxavət, qayğı - bütün bunlar ki insanlardan asılıdır. Salamlaşma məsələsi xüsusilə məni təsirləndirdi. Çox ölkələrdə tanımadığın insanlar gülümsəyərək salam verirlər, şəkil çəkdirmək istədikdə müraciət etdiyin insanlar hörmətlə ayaq saxlayıb böyük həvəslə fotonu çəkirlər. Yəqin mənimlə razılaşarsınız ki, bəzən bizimlə eyni binada yaşayanlar, eyni liftlə qalxanlar, eyni nəqliyyatda gedənlər, eyni kollektivdə çalışanlar belə vəzifəcə bir az üstün olsa, bir-birini tanımırmış kimi salamlaşmadan ötüb keçir, verilən salamı, yazılan mesajları cavabsız qoya bilirlər. Sözsüz ki, bu, mənəvi dəyərlərə sahib olanlara şamil edilə bilməz. Bu kiçik kənddə isə hər kəsin rütbəsi də, vəzifəsi də birdir - insanlıq. Hər zaman düşünmüşəm və qəti əminəm ki, bunları yaradan yalnız bilikli deyil, mükəmməl şəxsiyyət formalaşdıran təhsildir. O təhsil ki yalnız iki vur ikini, ismin hallarını, ən çətin formulları çözməyi öyrədərsə, bilik yarışlarında ən yüksək nəticələri inkişaf üçün meyar hesab edərsə, ikinci qanad - əsl insan, vətəndaş yetişdirmək unudulacaq. Bu ucqar alman kəndində kirayə qaldığımız evdə gördüyümüz diqqət, qayğı və insanlığı heç zaman unutmaram. Özümü lap vətəndəki kimi hiss etdim. Bu cür halları doğma yurdumun kəndlərinə səfərlərim zamanı da müşahidə etmişəm. Hər səhər ev sahibəsinin qapımızı döyüb özü bişirdiyi şirniyyatlara, istixanada yetişdirdiyi tərəvəzlərə, bağından dərib gətirdiyi almalara, uzaq marketdən aldığı dondurmalara bizi qonaq etməyi unudularmı? Yaşlı qadın və kişinin tək yaşadığı evində hər həftə sonu qonaqları olur, özləri də qonaq gedirlər. Yaşlı dedim, amma bilin ki, yaşları yetmişi haqlasa da, hər səhər tezdən oyanırlar, çox gümrah, baxımlı və sağlamdırlar, hər ikisi velosiped, maşın sürür, bağçalarında işləyir, yaşıllığa həvəslə qulluq edirlər. Uşaqların tezliklə isinişərək "baba" çağırdığı ev sahibi onlarla oyunlar oynayır, öz traktoruna mindirib kəndi gəzdirir. Ev sahiblərinin dediyinə görə, onların iki övladı Münhendə yaşayır. Özləri də orada yaşayıb və işləyiblər. Təqaüdə çıxdıqdan sonra kəndə qayıdıblar. Hələ onu demirəm ki, hər yerdə bir günlük kirayə haqqından dəfələrlə az ödəniş alırlar, üstəlik də, zövqlə dizayn olunmuş evin otaqları iynədən tutmuş masaj kreslosuna qədər hər şeylə təmin olunmuşdur.
Bir gün qonşu kəndi də gəzmək qərarına gəldik. Məqsədimiz eyvanı, həyəti güllü-çiçəkli evlərə baxmaq, oraları daha yaxından öyrənmək idi. Heç bir həyətdə hasar, çəpər yox idi deyə, evləri rahatlıqla görə bilirdik. Nahar vaxtı idi. Şəxsi restoran tapdıq. Bir ailə evinin birinci mərtəbəsini bu məqsədlə istifadə edirdi. Bizi gülər üzlə qarşıladılar. Əyləşdik, sifarişi qəbul etdilər. Çox ləzzətlə hazırlanan yemək bitdikdən sonra kartla ödəniş etmək istədik. Məlum oldu ki, bu kənddə ödənişlər kartla olmur. Yanımızda nağd pul olmadığı üçün narahat olduq. Yeməkxana sahibəsi yaşlı qadın və qızı bildirdilər ki, nə vaxt yolunuz düşsə, ödəyərsiniz. Biz qonşu kənddə kirayə qaldığımızı bildirdik. Kimin evində qaldığımızı soruşdu. Ev sahibəsinin adını dedik: "Veronika". Tanıdı, məbləği ona verməyimizi və yolu düşəndə çatdırmağını xahiş etdi. Yad müştəriyə etibara heyran qaldıq.
Bir məqam da diqqətimi cəlb etdi. Qaldığımız kəndin girişində bələdiyyə tərəfindən yeni dünyaya gələn uşaqların şərəfinə sahə ayrılıb. Dimdiyində bələk olan böyük bir hacıleylək maketi, uşağın adı, haqqında məlumatlar - çəkisi, boyu, dünyaya gəldiyi saat və onunla bağlı gözəl arzular, "Xoş gəlmisən, Emma" sözləri yazılan lövhə, uşaq paltarları, rəngbərəng şarlar asılan ip bizə xoş təsir bağışladı. Bu, doğulan andan insana verilən dəyər idi.
Yeddinci günün sonunda səhər tezdən yola düşməyə hazırlaşırdıq. Ev sahibləri də bizi yola salmağa gəldilər. Hər ikisi öz doğmaları kimi bizi yola saldılar. Qadın gözləri yaşlı "Evə çatanda yazarsınız", - dedi.
Əlbəttə, müşahidə etdiklərimiz bir ailə nümunəsi idi. Təbii ki, hər yerə, hər kəsə şamil edilə bilməz.
Bilirəm, düşünəcəksiniz ki, hər yerin yaxşısı da, pisi də var. Bəli, elədir. Yaxşı olmaq o qədər asan iş deyil. Bu, böyük ürək, zəngin mənəviyyat, geniş dünyagörüşü, davamlı mütaliə, nükəmməl təhsil tələb edir. Gördüklərim, yaşadlarımdan sonra buna əmin oldum. Bir də əmin oldum ki, o kənddə dünyaya göz açan Emma da əcdadları kimi olacaq...