|
|
|
|
“Oyun iki fərqli hissədən ibarət oldu. Birinci hissədə kifayət qədər aktiv oynadıq. Əlimizə düşən imkanlardan istifadə edə bilməsək də, ilk hissədən razı qaldım. İkinci hissədə hesabı qoruyub saxlamaq hissi futbolçulara daha çox təsir etdi".
QOL.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 2-ci turunda bu gün "Sumqayıt"la keçirilən ev oyunundan sonra mətbuat konfransında deyib.
1:0 hesablı qələbəni şərh edən türmənistanlı mütəxəssis rəqibin güclü komanda olduğunu bildirib: “Sumqayıt”ın da haqqını vermək lazımdır. Kifayət qədər keyfiyətli futbolçulardan ibarət güclü komandadır. İkinci hissədə çox yaxşı oynadılar. İki güclü rəqibə qarşı oynamışıq. Görünən odur ki, bu oyunlardan sonra üzərində düşünməli olduğumuz məqamlar var. İnşallah getdikcə hər şey yaxşı olacaq".
K.Berdıyev "Turan Tovuz" azarkeşlərinə də təşəkkür edib: "Tovuzlu azarkeşlər məni yaxşı mənada təəccübləndirdi. “Neftçi” ilə oyunda da uzun məsafə qət edib bizi dəstəklədilər. Bu oyunda da stadionu demək olar ki, doldurmuşdular. Onlara təşəkkür edirəm. Həqiqətən möhtəşəm atmosfer yaratmışdılar”.