Sərraf Balaxan, feysbuk istifadəçisi:
- Adamın üstdə Allah var, İctimai TV-də basketbol şərhçisinin də haqqını yemək olmaz. Adam bütün basketbol jarqonlarından halidir. Əla da bənzətmələri var, bəziləri kalka olsa belə, gözəldir. Eşqlər!
Sevda Sultanova, kinotənqidçi:
- Milli Kino Günündə kinotənqidçi fəaliyyətimə görə ilk dəfə Mədəniyyət Nazirliyinin pul mükafatına və diplomuna layiq görülmüşəm. İndiyədək "Media Açarı", Həsən bəy Zərdabi və kinotənqidçi fəaliyyətimlə bağlı AKİ-nin mükafatını almışam. Bütün mükafatları almağım, əlbəttə ki, yaxşı mənada gözlənilməz olub.
Mədəniyyət Nazirliyinin mükafatının mənim üçün əhəmiyyəti xüsusidir. Çünki bu mükafat ümumilikdə kino araşdrımalarıma, resenziyalarıma, həmçinin tənqidi yazılarıma (onların arasında Kino Agentliyini, nazirliyin kino siyasəti ilə bağlı mətnlər də var) görə verilib. Bu, Mədəniyyət Nazirliyinin hazırkı rəhbərliyinin, nazir Adil Kərimlinin tənqidi diskursa açıq olduğunu və bunu dəyərləndirməsini göstərir. Buna görə nazirliyin rəhbərliyinə minnətdaram və çox istərdim ki, kinotənqidə, ümumiyyətlə kinoşünaslığa verilən mükafat davamlı olsun və haqq edənlər ona layiq görülsün.
Bir məsələni də yazmağa ehtiyac duyuram. İş elə gətirib ki, aktiv kinotənqidlə Əbülfəz Qarayevin nazir olduğu vaxtdan məşğulam. Qarayevin nazir olduğu illərdə, fəaliyyətilərini neqativ qiymətləndirsəm də, nə Yusif Şeyxovdan, nə Cahangir Məmmədovdan şəxsimə qərəz görmüşəm, kulislərdə şər-böhtan dediklərini eşitməmişəm. Əksinə, təndiqə dözümlü olublar. Və nazirliyin kino tədbirlərinə dəvət almışam. Hətta nazirlik tərəfindən bir kino müsabiqəsinin jüri üzvlüyünə dəvət alsam da, imtina etmişəm. Müşfiq Hətəmova tənqidlərimi həm mediada, həm şəxsidə rahatlıqla demişəm.
Kino sənətinə hörmətsizlik, kinoda xaos, dərəbəylik Anar Kərimov nazir olanda - Rüfət Həsənovun kino şöbəsinə rəhbərliyi dönəmində baş verdi. Və onda ünvanıma kulislərdə şər-böhtanlar da deyildi.
Hazırkı kinoidarəçiliyi ilə bağlı narazı qaldığım nöqtələr var. Bununla belə, Adil Kərimli nazir olandan sonra, ondan öncəki rəhbərliyin vaxtında, sözün əsl mənasında viran qoyulmuş kinosistemini çətin də olsa səliqə-sahmana salmağa çalışırlar...
Qısası, tənqidə dözümlülük göstərən məmur və yaradıcı adamlara təşəkkür edirəm.
Aqşin Kərimov, jurnalist:
- Vaqif Mustafayevin filmi müharibə janrında deyil, lakin Azərbaycanın qələbəsi fonunda erməni ictimaiyyətində yaranan psixologiyanı göstərir.
Bu cür filmlər geniş ictimaiyyət tərəfindən bəyənilməyə bilər. Amma filmi təhlil edəndə onun qayəsi və gözəlliyi ortaya çıxır.
Filmdə:
- Azərbaycanlı psixiatrın erməni əsirə qoyduğu diaqnoz Azərbaycanın Ermənistan haqqındakı diaqnozlarını simvolizə edir,
- Həmin psixiatrın erməni arvadı Azərbaycan və Türkiyə bayraqları ilə hərəkət edən izdihamın qələbə sevincləri kadrları fonunda ərinin ayağına yıxılır, ona yalvarır. Bu, qələbədən sonrakı məğlub Ermənistanın Azərbaycan və Türkiyədən aman diləməsini əks etdirir,
- Filmdə müharibədə Azərbaycana qarşı döyüşən iki qardaşın əsir düşdükdən sonra ayrı-ayrı düşüncələrdə olması Ermənistanda revanşistlərlə sülh istəyən qüvvələrin toqquşan baxışlarını bildirir,
- Mənə görə, filmdə bəzi səhnələr gərəksiz yerə çox uzadılıb, ancaq erməni ideologiyasının ruhu yaxşı təsvir edilib...
Qalanlarını da özünüz baxıb təhlil edə bilərsiniz.
Asif Nərimanlı, jurnalist:
- İranda İsraillə qarşıdurmanı Azərbaycan platformasına keçirmək istəyən qüvvələrin olduğu bəllidir. Bu kontekstdə Pezeşkianın SEPAH-a "İsraillə qarşıdurmada Azərbaycanı vurmaq" təklifini verdiyi haqda yayılan informasiyalar diqqət çəkir.
Pezeşkianın azərbaycanlı olması onun Azərbaycan maraqlarını İranın maraqlarına qurban verəcəyi demək deyil, əksinə, rejimin içindən çıxan doktorun lazım gələrsə, hər şeyə əl atacağı, yaxud rejimin antiazərbaycan qərarlarına qarşı çıxmaq gücündə olmadığı aydındır. Lakin o da aydındır ki, İsraillə qarşıdurmadan çəkinən Pezeşkianın Azərbaycanla normallaşma prosesini də dəstəkləyir və bu baxımdan, onun "Azərbaycanı vuraq" mövqeyindən çıxış etməsi şübhəlidir.
Belə bir informasiyanın tirajlanması İran daxilində Azərbaycana qarşı olan qüvvələrin - SEPAH-ın özünün marağındadır.
- Azərbaycanla normallaşma prosesini dəstəkləyən Pezeşkianı Bakı ilə üz-üzə qoyur;
- Cənubi Azərbaycanda Pezeşkiana olan inamı zədələyirlər.
İstisna deyil ki, SEPAH İsraillə mümkün qarşıdurmada Azərbaycanı hədəfə almaq, yaxud Bakıya qarşı köhnə təhdidləri yeniləmək ssenarisini də hazırlayır və Pezeşkianın adından belə bir məlumatın yayılması hadisələrin inkişafında Bakının rəsmi Tehranla diplomatik təmaslarına maneələrin yaradılması məqsədi daşıyır.
Hərçənd, Tehran Bakı ilə normallaşma prosesinə şübhələrin yaranmaması üçün Pezeşkianın adından yayılan bəyanatı təkzib etməlidir.
Fərid Pərdəşünas, texnobloger:
- COP29-a görə şəhərdə çox ciddi və sürətli dəyişikliklər baş verir. Xüsusilə nəqliyyat yolları və qovşaqlar tərəfindən. Demək olar hər gün görürəm ki, yeni avtobus zolağı, yeni velosiped (mobil nəqliyyat) zolağı salınır. Bu istiqamətdə dəstəklədiyim işləri və təklifləri etmək istəyirəm:
* Mobil nəqliyyat vasitələri üçün zolaqlar salınırsa, bu istiqamətdə ciddi təşviqat olmalıdır. Hazırda velosiped zolaqları boşdur. Skuter qiymətləri aşağı olmalı, dövlət tərəfindən aylıq icarə ilə çox ucuz qiymətə velosiped paylaşım servisi təklif olunmalıdır. Məsələn, aylıq 30 manat abunəliklə, şəhərin istənilən yerində elektrikli velosiped götürmək imkanı;
* Avtobus və nəqliyyat ödənişləri bir başa NFC ödəmələri dəstəkləməlidir. "Apple Pay" və "Google Pay" çalışmalıdır;
* Baş yol və stop nişanlamaları mümkün qədər işıqforla əvəz edilməlidir;
* Təqaüdçülər, tələbələr, qazilər və digər xüsusi qruplar üçün aylıq abunəlikli daha ucuz nəqliyyat abunəlik kartları yaradılmalıdır;
* Tranzit əsaslı təkmilləşdirmə olmalıdır. İnsanlar A nöqtəsindən B nöqtəsinə səyahət edəndə, nəqliyyat vasitəsini dəyişmək üçün çox vaxt sərf etməməlidir. Bu səbəbdən qovşaq sayı artmalıdır;
Bəs sizcə, nə dəyişməlidir?
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- "Aztelekom" və "Baktelecom"un indiki tariflərinə necə gəlib çıxmışıq?
Hökumətə təklif.
"Aztelekom" və "Baktelecom" 15 avqustdan başlayaraq indiyədək mövcud olan minimal tarifləri 40% qaldıracaq. İndiyədək minimal tariflər 15-18 manat (40 Mbit/s) olub.
İndi isə bu dövlət operatorları bütün ölkə boyu infrastruktur qurulandan sonra ölkənin ən ucqarlarına, 30 ildə internet olmayan ərazilərə də keyfiyyətli internet çəkib, amma dərhal da qiymətləri qaldıracaqlarını, minimal 25 manatdan 100 Mb/s verəcəklərini bildiriblər.
Təsəvvür edin, uzaq rayonun, uzaq bir kəndində, gündəlik ruzisini güclə çatdrıan, sahibkarlıqla və fermerliklə məşğul olmayan, internetdən bəlkə də, şəhərlərdə təhsil alan övladı ilə əlaqə saxlamaq, yaxud da dövlət xidmətlərini almaq üçün istifadə edə biləcək birisinə 100 Mbit/s sürət təklif edəcəklər.
İndi bu yazıq kəndçi onun inkişafına və kommunikasiyasına müəyyən kömək ola biləcək internet üçün 25 manatı necə tapacaq, haradan çıxaracaq, nə qədər süd/şor satmalıdır, nə qədər pomidor/xiyar satmalıdır ki, ona gərəkli olmayan bu internet sürət üçün ödəniş etsin.
Maraqlı olacağını nəzərə alaraq "Aztelekom" və "Baktelecom"un indiki tariflərə necə gəlib çıxdığını göstərmək istərdim:
"Aztelekom" və "Baktelekom" tarifləri:
2022-ci ilədək olan dövr
4 Mb/s - 10 manat
10 Mb/s - 12.5 manat
2022
15 Mbit/s - 15 manat
30 Mb/s - 18 manat
2023
40 Mbit/s - 18 manat
2024, 15 avqust
100 Mbit/s - 25 manat (elan ediblər)
Hökumətə təklifimiz.
Əlbəttə , biz RİNN tərəfindən, şəxsən nazir Rəşad Nəbiyevin səyləri ilə ölkə üzrə keyfiyyətli internetə əlçatanlıq istiqamətində nəhəng işlərin görülməsini təqdir edirik.
Hətta bu günlərdə mən bir toplantıda Prezident Adminsitrasiyası nümayəndəsindən xahiş etmişdim ki, 30 ildə reallaşmayan bir işi daxili resurslarla görə bilən bir qurumun rəhbərinə gərək bir orden də verək.
Amma nazirliyin operatorlarının indiki atdığı addımlar, infrastruktur qurulan anda ağına-bozuna baxmadan, tələbata baxmadan, hansısa dünya reytinqində irəliləmək xatirinə tarif siyasəti tətbiq etmək sadəcə ağlasığmazdır.
Cənablar, bu, heç bir halda doğru yanaşma deyil!
Xatırladıram ki, rəsmi statistikaya görə də ölkə əhalisinin təxminən yarısı kəndlərdə yaşayır.
Biz bir daha hökumətə müraciət edirik.
Əgər ölkədə vergi siyasəti regionları nəzərə almaqla tətbiq edilirsə, onda gəlin internet bağlantısı üçün də bu prinsipi tətbiq edək.
İmkan verək ki, kəndlərdə yaşayanlar kütləvi olaraq internetdən imtina etməsinlər.
Əgər biz istəyiriksə rəqəmsal transformasiya olsun, hökumət min əziyyətlə rəqəmsallaşdırdığı xidmətləri kəndlərdəkilər də rahat əldə etsin, nəhayət regionlar da inkişaf etsin onda gəlin heç olmasa bir müddət KƏNDLƏRDƏ MİNİMAL İNTERNET TARİFLƏRİNƏ toxunmayaq.
Yəni kəndlərdə yaşayanlar üçün, yenicə keyfiyyətli internetə əlçatanlıq qazananlar üçün elə əvvəlki qaydada, bəlli bir dövr üçün 40 Mbit/s - 18 manat saxlanılsın.
Az da olsa inanmaq istərdim ki, o nəhənglikdə Antiinhisar və İKTA bəlkə inhisarçıları yerində oturda bilər, bəlkə heç olmasa bu təkliflərə diqqət yetirə bilərlər.