Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Şamil Tağıyevin seçicilərə müraciəti
1. İkinci Qarabağ müharibəsindəki möhtəşəm ZƏFƏRİMİZDƏN sonra bütün dünyanın gözündə ölkəmizin yeri və mənəvi çəkisi daha da yüksəldi.
Qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımızın birliyi və bütün gücünü səfərbər etməsi nəticəsində, şəhid qardaşlarımın canı və qazi qardaşlarımın sağlamlığı bahasına düşmən tapdağında inləyən əbədi və əzəli torpaqlarımızın bir hissəsi – doğma Qarabağımız mənfur erməni işğalından azad olundu.
Bu haqq savaşında öz qanını və canını əsirgəməyən bütün insanlarımıza sonsuz ehtiramımı bildirirəm.
Ruhu şad olsun bütün ŞƏHİDLƏRİMİZİN!
Allah şəfa versin bütün QAZİLƏRİMİZƏ!
Yolları açıq olsun bütün igid DÖYÜŞÇÜLƏRİMİZİN!
Geri qaytarılan torpaqlarımızı ona görə bir hissə kimi qeyd etdim ki,
şəxsən mənim anadan olduğum,
ilk ayaq açdığım yurd yerlərimiz,
bu gün isə əlimiz çatmayan,
babalarımızın məzarını ziyarət edə bilmədiyimiz müqəddəs torpaqlarımız – Qərbi Azərbaycanımız hələ də düşmən tapdağındadır və bizim yolumuzu gözləyir.
Və doğma Zəngəzurumuza, Göyçəmizə gedəcəyimiz bu haqq yolçuluğunda bütün gücümü və gənclik enerjimi, illərdir topladığım bilik və bacarığımı, ən əsası isə, son nəfəsimizə qədər qəlbimizdə və başımız üstündə yeri olan Vətənimizə və Millətimizə sonsuz sevgi və sayğımızı əldə rəhbər tutaraq dövlətimizə şərəf və ləyaqətlə xidmət etmək üçün deputat olmaq istəyirəm.
2. Cənab Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, ölkədə görülən böyük işlərə heç bir məmur kölgə sala bilməz və belə hallar baş verərsə, hər kəs öz etirazını bildirə bilər.
Ölkəmizdə görülən bütün faydalı işlərə öz töhfəmizi vermək üçün, habelə mövcud problemlərin həll olunması yolunda var gücümlə çalışmaq üçün deputat olmaq istəyirəm.
3. Həm deputatlığa namizədi olduğum, həm də məskunlaşdığım Yeni Günəşli və Qaraçuxur ərazilərində illərdir heç bir həllini tapmayan və sakinlərin haqlı narazılığına səbəb olan bəzi məhəlli problemlərin həlli üçün səlahiyyətim olsun deyə deputat olmaq istəyirəm.
4. Bəzi deputatların yarıtmaz fəaliyyətləri nəticəsində insanların gözündən düşən,
hətta adı bir çox insanlarda qıcıq yaradan “deputat” adına hörmət və dəyər qazandırmaq, millətimin əsl vəkillərindən biri olmaq üçün deputat olmaq istəyirəm.
5. Seçkilərdən öncə min söz verib, seçkilərdən sonra yoxa çıxan,
nömrəsini dəyişən və ya zənglərə cavab verməyən, Milli Məclisdə səsi çıxmayan, oturduğu yerdə mürgüləyən, səsi çıxanda da düzgün danışa bilməyən, sosial şəbəkələrdə yazdığı bir cümlədə on dənə səhv buraxan deputatlardan haqlı olaraq bezmiş və deputatlara olan inamını tamamilə itirmiş insanlarımıza gözəl bir nümunəni təqdim etmək üçün deputat olmaq istəyirəm.
6. Bir tarixçi olaraq ölkəmin tarixini, bir yazıçı olaraq insanlarımızın psixologiyasını və sosial durumlarını çoxundan daha çox bildiyim üçün, bütün məsuliyyətimlə xalqımın və dövlətimin yanında olmaq,
daima öz yaxşı əməllərim ilə insanlarımızın qəlbində böyük bir sevgi və sayğı qazanmaq və həmişə millətim üçün faydalı işlər görən yaxşı bir insan kimi anılmaq üçün deputat olmaq istəyirəm.
7. Qərbi Azərbaycandan deportasiya olunduğumuz üçün qəlbimdə vətən həsrəti, ruhumda yurd nisgili və düşüncəmdə sabaha olan ümidimlə doğma Göyçəmizə qovuşmaq arzusu ilə mən də əlimdən gələnin daha artığını ortaya qoymağa bir ixtiyarım olsun deyə deputat olmaq istəyirəm.
8. Bizi doğma yurd-yuvalarımızdan edən bədnam qonşumuz ermənilər və onların havadarları üzərində qazandığımız ZƏFƏRİN əsl qəhrəmanları olan ŞƏHİD qardaşlarımın valideynlərinə bir oğul, qardaş-bacılarına bir qardaş kimi xidmət etmək, QAZİ qardaşlarımın hər zaman yanında olmaq, onların durumu ilə maraqlanmaq və hər cürə diqqət və qayğı göstərməyi özünə şərəf və qürur bilən, vətəndaşlarımızın hər çətin anında onlara bir doğma balası, bir qardaşı kimi dəstək ola bilmək üçün deputat olmaq istəyirəm.
9. Qalib dövlətin qalib vətəndaşı olmağın qürurunu və məsuliyyətini hər evdə və hər ailədə hiss etdirmək, insanlarımızın məişət problemlərinin altında əzilməməsi üçün var gücümlə çalışmaq,
sözdə deyil də, əməldə insanların yanında var olmağın xoş nümunələrini yaratmaq üçün deputat olmaq istəyirəm.
10. Hər hansı bir sahədə xüsusi istedadı olan uşaq və yeniyetmələrin aşkar olunması yönündə,
savadlı və bacarıqlı gənclərimizin üzə çıxarılıb onları öz sahələri üzrə inkişaf etdirilməsi istiqamətində işlər görmək, Milli Məclisə deputat seçildiyim təqdirdə hər bir seçicimin bir ailə üzvü kimi onları layiqincə təmsil edəcəyimə söz verirəm.
Tanrı yolumuzu açıq, arzularımızı çin, ümidlərimizi gerçək eləsin. Amin!
Şamil TAĞIYEV
31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd