525.Az

Azərbaycana qarşı dezinformasiya tirajlayanlar 


 

MƏQSƏD NƏDİR?

Azərbaycana qarşı dezinformasiya tirajlayanlar <b style="color:red"></b>

Son günlər müşahidə olunan İran-İsrail qarşıdurması fonunda bəzi qüvvələr Azərbaycanın adını gündəmə gətirməyə çalışırlar. Bir sıra xarici KİV ölkəmiz əleyhinə dezinformasiyalar yayaraq guya Azərbaycan ərazisində hansısa kənar qüvvələrin olduğunu iddia edirlər. Xatırladaq ki, bir neçə gün əvvəl "Iran International" televiziya kanalı və "Kan" agentliyi guya, İsrailin öz hərbçilərinə Azərbaycan və Gürcüstan ərazisində qalmağı qadağan edib kimi dezinformasiya tirajlayıb. Bundan əvvəl isə "The Telegraph" nəşri cəfəng, heç bir əsası olmayan məlumatlara yer verib. Nəşr iddia edib ki, guya İran prezidenti Məsud Pezeşkian təklif edib ki, Azərbaycan Respublikasında və ya İraq Kürdüstanında İsraillə əlaqəli mərkəzlər hədəfə alınsın, lakin hücumdan əvvəl bu ölkələrə xəbər verilsin və bütün bu dram bitsin.

Azərbaycandakı rəsmi mənbələr isə yerli mediaya bildiriblər ki, ölkənin hakimiyyət dairələrində İran prezidentinin adından yayılmış bəyanatın feyk olduğunu düşünürlər və rəsmi Tehrandan açıqlama gözləyirlər: "Azərbaycan tərəfində, ümumiyyətlə, belə bir rəy var ki, bu, feyk və dezinformasiyadır. Hansısa dairələr İranla Azərbaycan arasında münasibətlərin son vaxtlar normallaşmasından narahat olmağa başlayıb, bu prosesi pozmaq istəyir".

Məlum olduğu kimi, HƏMAS-ın siyasi qanadının lideri İsmayıl Haniyənin iyulun 31-də Tehranda öldürülməsindən sonra İran İsrailə cavab verəcəyini bəyan edib. Hazırda bir sıra güclər Tehranı cavab tədbirindən çəkindirməyə çalışırlar. Azərbaycanın adı da bu müstəvidə hallandırılmağa başlayıb.

Məlumdur ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil. Azərbaycanın buna ehtiyacı da yoxdur. Birincisi, Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alır. 44 günlük Vətən müharibəsi ordumuzun gücünü, peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Qarabağda aparılan antiterror tədbirlərindən sonra bölgədə olan Rusiya sülhməramlıları tam şəkildə ərazimizi tərk etdi.

Yada salaq ki, 44 günlük Vətən müharibəsi günlərində də ölkəmizə qarşı eyni yalan və qərəz dolu məlumatlar gündəmə gətirilirdi. Guya Azərbaycanda muzdlu döyüşçülərin olması və s. kimi dezinformasiyalar tirajlanırdı. Amma bunu sübut edən bir fakt belə ortaya qoya bilmədilər. Əksinə, Ermənistan xaricdən muzdlu və əcnəbi döyüşçülər cəlb edərək onları Azərbaycana qarşı istifadə edirdi. Bununla bağlı kifayət qədər təkzibolunmaz faktlar var. Ermənistan Yaxın Şərqdən və hətta Avropa ölkələrindən muzdluları dəvət etmişdi. Bu faktları müharibə günlərində, sonrakı dönəmdə Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətə çatdırıb.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyi son dövrlər bəzi ölkələrin media resurslarının Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatları ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar. Dezinformasiyanın təsiri altında "Iran International" televiziya kanalı, habelə "The Telegraph" nəşri və "Kan" agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirmiş, guya İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yaymışdır.

Bildiririk ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyalarını ciddi şəkildə qınayırıq. Eyni zamanda, bir daha diqqətə çatdırırıq ki, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, media məlumatları paylaşarkən hamı tərəfindən qəbul olunmuş jurnalistikanın vahid etik prinsiplərinə əməl etməlidir.

Bu tipli klassik dezinformasiya nümunəsi olan materialların sosial şəbəkə seqmentinə sirayət etdikdən sonra bəzi yerli media subyektlərimiz tərəfindən təkrar tirajlanmasını yolverilməz hesab edirik".

Təəssüf ki, Azərbaycan əleyhinə iş aparanlar dezinformasiyanı da bir alətə çeviriblər. Ötən ay Şuşada keçirilən "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Qlobal Media Forumunda çıxışı zamanı Prezident İlham Əliyev deyib: "Təəssüf ki, bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilibdir. Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq... Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir.

Biz uzun illərdir üzləşdiyimizi bu gün görürük ki, Amerika Prezidenti də buna məruz qalıbdır. Prezident Tramp "Vaşinqton Post"u və "Nyu-York Tayms"ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır".

Azərbaycanla bağlı başladılan bu dezinformasiya kampaniyasının məqsədləri bəllidir. Onlar bu vasitə ilə bölgədə gərginlik yaratmaq, Azərbaycanı qarşıdurmaya cəlb etmək və bu oyunların içində tərəfə çevrilməsini istəyirlər. Amma həm də yaxşı bilirlər ki, bu gün rəsmi Bakı beynəlxalq müstəvidə ən ağıllı, düşünülmüş və ən əsası müstəqil xarici siyasət aparan az sayda ölkələrdən biridir. İkincisi isə, ölkəmiz 30 ildən artıqdır ki, bu cür kampaniyalarla mübarizə aparır.

Politoloq Zaur Məmmədov da deyir ki, Azərbaycanda hər hansı ölkənin hərbi kontingenti mövcud deyil: "Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar. Dezinformasiyanın təsiri altında "Iran International" televiziya kanalı, habelə "The Telegraph" nəşri və "Kan" agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirib, guya İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yayıblar. Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil. Beləcə biz bir daha ölkəmizə qarşı informasiya müharibəsinin apardıldığına şahidlik edirik".

 

 





14.08.2024    çap et  çap et