Prezident Volodimir Zelenski avqustun 12-də Ukraynanın Rusiyanın Kursk vilayətində hərbi əməliyyat keçirdiyini təsdiqləyib. Bundan öncə Ukrayna rəsmiləri Rusiyanın Kursk vilayətində gedən hərbi əməliyyatlarla bağlı açıqlama vermirdilər. Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın 1000 kvadratkilometr ərazisinə nəzarət edir.
Rusiya rəsmiləri isə hələlik Ukaynanın yalnız 480 kvadratkilometr əraziyə nəzarət etdiyini etiraf edirlər. Prezident Vladimir Putinin sədrliyi ilə keçirilən müşavirədə Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov bildirib ki, Ukrayna ordusu vilayətin 28 yaşayış məntəqəsini nəzarəti altına alıb. Smirnov eyni zamanda, Ukrayna ordusunun dərinliyi 12 kilometr, cəbhə boyu eni 40 kilometr olan ərazini ələ keçirdiyini söyləyib.
Rusiya və Ukryana rəsmilərinin açıqlamalarında Kurskdakı vəziyyətlə bağlı fərqli rəqəmlər söyləmələrinə baxmayaraq, diqqət çəkən Rusiya rəsmilərinin də ilk dəfə olaraq yaranmış vəziyyəti qismən də olsa da, etiraf etməsidir. Diqqət çəkən digər məqam Kurskdan təxliyə edilənlərin sayının 121 min nəfəri keçməsi, bu sayın artmaqda davam edəcəyinin etiraf olunmasıdır.
Digər etiraf olunan bir məqam Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrinin qarşısını almaq üçün Kurskda 46 kilometrlik tank əleyhinə xəndək qazması ilə bağlıdır. Bu isə o deməkdir ki, Rusiya ordusu hücuma deyil, müdafiəyə hazırlaşır.
Bu isə Putinin Kursk vilayətini qısa müddətdə Ukrayna Silahlı Qüvvələrindən təmizlənəcəyi ilə bağlı vədinin tam əksi deməkdir. Belə görünür ki, Kurskdakı yaşayış məntəqələri uzun müddət Ukraynanın nəzarətində qalacaq. Əgər belə olarsa, Kursk vilayətinin böyük bir hissəsinin müharibə meydanına çevriləcəyi qaçınılmaz olacaq.
Rusiyanın torpaqları üzərində nəzarəti itirməsi ilə bağlı başqa bir məlumat Belqorod vilayətindən gəlib. Belqorod vilayətinin 14 yaşayış məntəqəsinə giriş bağlanıb. Həmin yaşayış məntəqələrinin sakinləri təxliyə edilib.
Kursk vilayətində hərbi əməliyyatlar və cəbhə meydanında vəziyyətin qismən aydınlaşması ilə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin əməliyyatına beynəlxalq reaksiyalar da məlum olmağa başlayıb. Ukraynanın Rusiya ərazisində keçirdiyi əməliyyatlarla bağlı Kiyevin əsas müttəfiqi olan Vaşinqtonun da mövqeyi müəyyənləşməyə başlayıb.
ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Vladimir Putin Kursk bölgəsindəki vəziyyətdən bu qədər narahat olarsa, Ukraynaya qarşı müharibəni dayandıra bilər. Kirbi bəyan edib ki, Kursk vilayətinə müdaxilənin Qərb tərəfindən təlqin edilməsi haqqında Rusiya rəhbərliyinin bəyanatları Ukraynaya müdaxilənin başlanğıcından bəri yapışdığı təbliğat elementidir: "Ukraynaya qarşı müharibəyə başlayan rusların özləridir və Ukrayna özünü təcavüzdən qoruyur. Bu, Putinin Ukraynaya qarşı müharibəsidir və əgər bir şey onun xoşuna gəlmirsə, nəsə onu qane etmirsə, bunun çox sadə həlli var - qoy o, Ukraynadan çıxsın və müharibəni dayandırsın". Con Kerbidən öncə isə Pentaqondan yayılan açıqlamada Ukraynanın Kursk bölgəsində irəliləyişinin ABŞ-nin siyasətinə uyğun olduğu bəyan edilmişdi.
Ukrayna ordusunun Kursk vilayətində həyata keçirdiyi hərbi əməliyyatların ilk həftəsi başa çatmamış amerikalı senatorlar, respublikaçı Lindsi Qrem və demokrat Riçard Blumental Kiyevə səfər edərək prezident Volodimir Zelenski ilə görüşüblər.
Görüşdən sonra respublikaçı senator Lindsi Qrem Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyatı şərh edib: "Kursk haqqında nə düşünürəm? Cəsarətli, parlaq, gözəl işdir. Belə də davam edin". Müharibəni Putinin başladığını bildirən senator Qrem Putinin arxasını təpikləməyə çağırıb. Senator Qremin bu ifadəsi "Reuters"in yaydığı xəbərdə əksini tapmasa da, bu ifadə "Ukrinform"da yer alıb.
Nüfuzlu senator respublikaçıların liderlərindən biri olan Lindsi Qrem Ukrayna ordusunun Kurskda keçirdiyi əməliyyatın ABŞ administrasiyasına da bir mesaj olduğunu bildirib. Senator bildirib ki, Co Bayden administrasiyası Ukryanının məğlubiyyətinin mümkün olmadığı müharibədə qalib gəlməsi üçün lazım olan silahları verməlidir. Bu zaman söhbətin uzaq mənzilli silahlardan getdiyi sirr deyil.
Ukraynaya verilən Amerika silahlarından istifadə mövzusuna toxunan senator Riçard Blumental bildirib ki, Ukraynaya hazırda mövcud olan ərazidən daha dərinliklərə zərbələr endirməsi üçün verilən silahlardan istifadə etmək üçün daha çox səlahiyyət verməlidir.
Bunun üçün Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırılacağına ümid edən senatorlar bu məqsədə nail olmaq üçün Ağ evlə danışıqlar da aparacaqlarını bildiriblər.
Ukrayna bir neçə aydır ki, Vaşinqtondan Amerika silahları ilə Rusiyanın beynəlxalq səviyyədə tanınmış ərazisinə zərbə endirməsinə icazə verməsini xahiş edir. Vaşinqton bu addımın münaqişənin daha da gərginləşdirəcəyini bəhanə edərək buna icazə vermir. Ukrayna uzaqmənzilli ATACMS raketlərindən istifadə etməklə Rusiya təyyarələrinin Ukraynaya hücum etmək üçün havaya qalxdığı hava limanlarını vurmaq istəyir. Çünki Rusiya ordusunun səmadakı üstünlüyü Ukrayna üçün ciddi problemlər yaradır. Əgər Ukrayna Rusiyanın səmadakı üstünlüyünü aradan qaldıra bilsə, Kursk, Belqorod və Bryansk vilayətlərində daha sürətli hərbi əməliyyatlar keçirə bilər.
Beləliklə, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın üç vilayəti ətrafında həyata keçirdiyi əməliyyatların ilk həftəsi bir neçə məsələyə aydınlıq gətirdi. Məlum oldu ki, Rusiya itirdiyi əraziləri qısa zamanda geri almaq imkanında deyil. Deməli, müharbə Rusiya ərazilərinə keçir və onun nə qədər dərinliklərə nüfuz edəcəyini heç kim bilmir. İkincisi, Kiyevin müttəfiqləri Ukraynanın müharibəni Rusiya ərazilərinə keçirməsinə etiraz etmir. Bu isə yeni hərbi vəziyyət yaratdığı kimi, müharibə ilə bağlı siyasi yanaşmanın da dəyişdiyini göstərir.