Ermənistanın pozucu siyasəti nəticəsində sülh sazişi üzrə proses demək olar ki, dayanıb. Rəsmi İrəvanın öz öhdəliklərinə əməl etmək istəməməsi artıq böyük hissəsi razılaşdırılmış sülh sazişini başa çatdırmağa imkan vermir. Ən böyük maneə əlbəttə ki, Ermənistanın konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarının yer alması ilə bağlıdır.
Bu günlərdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bəyan etdi ki, Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qalır: "Söhbət Konstitusiyanın Azərbaycanın təzyiqi altında dəyişdirilməsindən deyil, seçicilərin bir suala cavab verməsindən gedir: Siz sülh istəyirsiniz, yoxsa Azərbaycanla yeni qarşıdurma üçün fürsət? Əgər Ermənistan hakimiyyəti sualı bu cür qoyarsa, düşünürəm ki, referendumda iştirak edəcək Ermənistan vətəndaşlarının əksəriyyəti sülhü dəstəkləyəcək".
Bakı əmin olmaq istəyir ki, sülh sazişi keçmişdə olduğu kimi gələcəkdə revanşizmi və ya Azərbaycana qarşı hər hansı ərazi iddialarını mümkünsüz edəcək bir növ sarsılmaz sazişdir.
Məlum olduğu kimi, kommunikasiyalar açılması məsələsi sülh müqaviləsindən çıxarılıb. İndi sazişi yekunlaşdırmaq üçün daha bir mübahisə yaradan məsələnin müzakirəsi sonraya saxlanılıb. İrəvanın iradəsi olarsa, artıq sülh həddindən artıq yaxındır. Prezidentin nümayəndəsi Elçin Əmirbəyov da açıqlamasında deyib ki, hazırda danışıqları asanlaşdıran amillərdən biri də odur ki, hər iki tərəf qalan məsələlərdən ən mübahisəli olanını - Azərbaycanın qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etməyə razılaşıb: "Biz qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirmək qərarına gəldik. Beləliklə, biz onu mətndən çıxarmağa qərar verdik, lakin bunun ölkələrin gələcəkdə müzakirə etmək və ümumi razılığa gəlmək üçün qayıda biləcəyi məsələlərdən biri olması faktını hələ də mətndə əks etdirə bilərik".
Politoloqlar, siyasi şərhçilər də bu məqamın sülh prosesini asanlaşdıracağı qənaətindədirlər.
Kommunikasiyalar məsələsinin sülh sazişindən çıxarılması prosesin irəli aparmasına ümid yaratsa da, Ermənistanın silahlanması, qeyd etdiyimiz kimi, qanunvericiliyini dəyişmək istəməməsi bunun əksini göstərir.
Mövzunu "525"ə şərh edən politoloq Rasim Musabəyov deyib ki, ölkə Prezidentinin söylədiyi kimi, sülh sazişinin mətni 90 faiz razılaşdırılıb: "Ermənilər az qala deyirlər ki, 100 faiz razılaşdırılıb. Ortada şərt var. Şərt ondan ibarətdir ki, Ermənistan öz daxili qanunvericiliyini yeni münasibətlərə adaptasiya etməlidir. Yəni söhbət təkcə konstitusiyadan getmir. Ermənistanın digər qanunvericilik aktları var ki, onları dəyişə bilər, amma məsələni uzadırlar. Həmin hüquqi aktlardan Azərbaycana qarşı ərazi iddiaları aradan götürülməlidir. Daxildə bunlar yenə də o revanşizmdən, qondarma "artsax" dedikləri ritorikadan əl çəkmirlər. Zəhmət çəkib, qanunverici bazalarını yeni şəraitə, öz bəyanatlarına uyğunlaşdırsınlar. Onlar bu işə başlamayana qədər düşünmürəm ki, ümumiyyətlə danışıqları aparmaq üçün ortada hansısa bir mövzu, yenilik olsun".

Politoloq əlavə edib ki, qalan məsələlər üzrə mətn razılaşdırılıb: "Sülh müqaviləsində ümumi şəkildə kommunikasiyaların açılması nəzərdə tutulurdu. Eyni zamanda, Ermənistanın Zəngəzur dəhlizinin açılması, bu dəhliz vasitəsilə Azərbaycanla Naxçıvan arasında maneəsiz, təhlükəsiz əlaqənin yaradılması ilə bağlı öhdəliyi var. Ermənilər bunu etmək istəmirlər. İndiki mərhələdə bunu etmək istəmirlərsə, onda gözləməsinlər ki, biz sülh müqaviləsinə kommunikasiyaların açılmasını yazacağıq. Ona görə ki, indi heç nəyi dəyişmədən Gürcüstan vasitəsilə Ermənistana daşınmalar mümkündür. Onda deyəcəklər ki, nə yaxşı, Rusiyadan yanacaq gələcək, Qazaxıstandan nələrsə gəlib Azərbaycandan maneəsiz keçərək Gürcüstana, ordan da Ermənistana daxil olacaq. Biz Qazax-İcevanı açmırıq, bunlar da Zəngəzurdan keçidi açmırlar. Amma bundan başladılar qazanmağa. Həmçinin, kommunikasiyaların açılması Türkiyə ilə də sərhədin açılmasına gətirib çıxaracaq ki, bunun üçün də şərait yaradacağıq. Ümumiyyətlə, biz bu bəndi sülh müqaviləsindən çıxardıq. Bu o deməkdir ki, Zəngəzur dəhlizi məsələsi həll olunmayana qədər Ermənistan özünün özü üçün yaratdığı nəqliyyat blokadasından canın qurtara bilməyəcək. Nə İrandan keçən dəmir yolu, nə Gürcüstandan keçən yol açıla bilər. Niyə açmalıyıq? Mehridən yol bərpa olunmayana qədər heç bir nəqliyyat xətləri Ermənistan üçün açılmayacaq, vəssalam. Amma sülh müqaviləsini ağırlaşdırmamaq üçün biz dedik ki, yaxşı, qoy nəqliyyat xətlərinin açılması və istifadəyə verilməsi məsələsi ayrıca danışıq predmeti olsun".
Silahlandırma məsələsinə toxunan R.Musabəyov deyib ki, Ermənistan əsasən Fransa və Hindistandan silahlar alır: "Fransa ilə razılaşma əldə ediblər, müqavilə imzalanıb, müəyyən müddətdə o, icra olunacaq. Ermənistana pulsuz heç nə verilmir, Düzdür, Avropa İttifaqı tərəfindən vəsait ayrılıb, ABŞ da müxtəlif cür dəstək verir. Amma o silahlar gətirilib çatdırılandan sonra belə Ermənistanın Azərbaycanla baş etməsi üçün gücü yoxdur. 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirlərindən sonra onlar üst-üstə 3-4 milyard dollarlıq silah-sursat, ağır texnika itirblər. İndi reanimasiya mərhələsindədirlər. Ancaq istənilən halda biz buna diqqəti cəlb edirik və deyirik ki, bunlar hamısı revanşist əhval-ruhiyyəni gücləndirəcək. Bu, bizim üçün qəbuledilməzdir və o dövlətlər ki, bu gün Ermənistanı silahlandırırlar anlamalıdırlar ki, Azərbaycanın reaksiyası ilə üzləşəcəklər".
Politoloq əlavə edib ki, Ermənistan hazırda ÜDM-nin demək olar ki, 5 faizinə qədərini orduya xərcləyir: "Biz iqtisadi cəhətdən onlardan qat-qat güclüyük, 3,5 faiz xərcləyirik. Bu, əslində onlar üçün kifayət qədər böyük yükdür, amma təkrar edirəm ki, cəbhəxanaları boşdur, bütün artilleriyası demək olar ki, Qarabağda darmadağın olub, Rusiyadan müftə silah almağa öyrəşmişdilər. Amma Rusiyanın indi özü silah alır, anlayırlar ki, Moskvadan nəinki pulsuz, heç pulla da nəsə almaq mümkün deyil. Ona görə çalışırlar ordan-burdan nə isə alıb gətirsinlər. Biz bu məsələni əlbəttə ki, diqqətdən kənarda saxlamırıq və təbii ki, saxlamayacağıq".
Cərəyan edən proseslər fonunda sülh gündəliyinin uzun müddətə geriləyə bilməsi nə dərəcədə real görünür?
R.Musabəyov deyib ki, Azərbaycan 30 il müharibə şəraitində yaşayıb: "Bu, Azərbaycanın inkişafına maneə yaradırdı, yox, lap 5 il danışıqlar uzansın, sülh yoxdursa, İrəvan öhdəliyini yerinə yetirmirsə, Azərbaycanın tələblərinə cavab vermirsə, heç o sülh müqaviləsi olmadan da Azərbaycan öz inkişafını davam etdirib, əlaqələrini genişləndirəcək. İndi İranla dəmiryolu, avtomobil yolunun tikilməsi, körpülərin salınması məsələsi gündəmdədir, Şimal-Cənub dəhlizi üzrə Rusiya ilə işlər aparılır, kənarda qalan elə Ermənistan olacaq".
çap et