Ermənistan iki gündür ki, Naxçıvan istiqamətində Azərbaycanın mövqelərini atəşə tutur. Azərbaycan Müdafiə Nazirliyi avqustun 15-də və 16-da bununla bağlı rəsmi məlumat yayıb. Qeyd olunub ki, avqustun 15-i saat 18:10 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri, avqustun 16-sı saat 03:20 radələrində isə Sədərək rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Hərbi ekspert Ədalət Verdiyev 525.az-a şərhində Ermənistanın atəşkəsi pozmasının səbəbləri, daha geniş hərbi təxribat və yeni müharibə ehtimalı, təxribatlarını davam etdirəcəyi halda Bakının mümkün addımları barədə suallara aydınlıq gətiib.
Onun sözlərinə görə, 2020-ci ildən bəri hər il sentyabr ayı gələndə Ermənistan tərəfi Azərbaycana qarşı təxribatlarını intensivləşdirir. Bu il isə təxribatların törədilməsinin əsas səbəbi ABŞ və Fransadan Ermənistana verilən hərbi dəstəkdir:
“İntensiv şəkildə silahlanan Ermənistan ordusunun son yarım gündə Naxçıvan istiqamətində iki dəfə atəşkəsi pozması, fərarilər ölkəsinin 5 aprel tarixində ABŞ və Avropa İttifaqı ilə imzalanan hərbi paktdan qaynaqlanır. Bu dəstək nəticəsində Ermənistan ərazidə son günlər kifayət qədər aqressiv davranır. İki dəfə Naxçıvan istiqamətində atəşkəsin pozulması Ermənistanın cəzalandırılmasını labüd edir”.
Hərbi ekspertə görə, atəşkəs pozuntuları yeni müharibədən xəbər vermir, amma süni şəkildə növbəti eskalasiya yaradılmasının birbaşa göstəricisidr. O xatırladıb ki, Ermənistan tərəfinin Naxçıvandan başqa Kəlbəcər istiqamətində də təxribatlar törədəcəyi gözləniləndir.
“Ermənistanın təxribatlar törətməsinin nə ilə nəticələnəcəyi indidən hamıya məlumdur. Ermənistan dövlət maraqlarına uyğun olmayan təxribatçı addımları öz qərarı ilə atmır. Bu qərarlar adətən kənar qüvvələrin, xüsusilə də ABŞ məsləhətçilərinin yardımı ilə qəbul edilir. Onlar Ermənistanı Azərbaycana qarşı təxribatlara təhrik edirlər. ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində maraqlı deyil. Çünki bu sülh əldə olunacaqsa, ABŞ regionda iştirakdan tamamilə məhrum olacaq. Amma Ermənistanla Azərbaycan arasında gərginlik qaldığı müddətdə İrəvanın kənar yardımlara ehtiyacı olacaq ki, bu yardımları da təqdim edən ölkələr, xüsusilə ABŞ və Fransa regionda öz qüvvələrini saxlamaq imkanı əldə edəcəklər”, - hərbi ekspert əlavə edib.
Ə.Verdiyevin sözlərinə görə, bu proseslər yalnız Azərbaycana qarşı deyil: “Eyni zamanda, Ermənistan ərazisindən İran və Gürcüstana, Rusiyaya qarşı təsir mexanizmlərini qorumaq üçün Ermənistanda ABŞ-nin mövcudluğu çox vacibdir”.
Hərbi ekspert hesab edir ki, Ermənistanın törətdiyi təxribatların qarısının alınması üçün çox da dərindən analizlər etməməliyik: “Ermənistanın ərazidə aqressiv davranışlarının qarşısı İrəvanın anladığı dildə, yəni çox qətiyyətli şəkildə alınmalıdır. Düşmənin atəş açdığı döyüş mövqelərini darmadağın etməli, əgər həmin mövqelər Ordumuz üçün əhəmiyyət daşıyrsa, bu mövqelər üzərində Azərbaycan bayrağı və Azərbaycan əsgəri yerləşdirilməlidir. Yox ,əgər həmin mövqelər bizim üçün əhəmiyyət daşımırsa, o zaman həmin mövqelərə bir daha Ermənistan əsgərinin təkrar yaxınlaşmasna imkan verməməliyik”.
Pərvanə Sultanova
çap et