Ermənistan iki gündür ki, Naxçıvan istiqamətində Azərbaycanın mövqelərini atəşə tutur. Azərbaycan Müdafiə Nazirliyi avqustun 15-də və 16-da bununla bağlı rəsmi məlumat yayıb. Qeyd olunub ki, avqustun 15-i saat 18:10 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub. Avqustun 16-sı saat 03:20 radələrində isə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Əslində Ermənistanın təxribatlara əl atacağı gözlənilən idi. Buna məğlub və ordusu darmadağın edilmiş dövləti ABŞ və Avropa tərəfindən silahlandırılması, hərbi dəstək alması cəsarətləndirir. Bu ilin 5 aprel tarixində Brüsseldə ABŞ və Avropa İttifaqının Ermənistanla imzaladığı və məxfi saxlanılan hərbi pakt çərçivəsində artıq İrəvana hərtərəfli hərbi dəstək göstərilir. Məhz Qərbin bu dəstəyinin nəticəsidir ki, İrəvan sülh danışıqlarından yayınaraq daha aqressiv ritorikaya üstünlük verir. Baxmayaraq ki, sülh sazişi üzrə məsələlər demək olar ki, 90 faiz razılaşdırılıb, sənədə yekun vurmaq üçün Ermənistan öz havadarlarının dəsti ilə pozucu mövqe sərgiləməyə başlayıb.
Yada salaq ki, Fransanın ardınca ABŞ da Ermənistanı silah-sursatla təmin etməyə başlayıb. Belə ki, artıq yerli mətbuatın yazdığı kimi, avqustun 2-si və 3-də ABŞ-nin Rumıniya və Qətərdəki bazalarından iki hərbi təyyarə Ermənistanın Zvartnots hava limanına uçub. ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi nəqliyyat təyyarələrində hərbi yükdən əlavə, 50 nəfərədək ABŞ ordusu şəxsi heyəti də daşınıb.
Ermənistan Silahlı Qüvvələri ABŞ-dan yeni silahlandırma - snayper tüfəngləri, gecə görmə cihazları, müasir rabitə vasitələri, xüsusi təyinatlı qüvvələr üçün zirehli gödəkçələr, ABŞ ordusunda istifadə olunan zərbə mini-dronları, həmçinin kiçik ölçülü minalar və digər döyüş sursatları alıb. Bu silahlar artıq Ukraynada praktiki sınaqdan keçirilib və müasir döyüş əməliyyatlarının xüsusiyyətləri nəzərə alınaraq təkmilləşdirilib. Məsələn, dəbilqələr və zirehli gödəkçələr xüsusi olaraq Rusiya və sovet istehsalı olan qəlpə və odlu silahlardan effektiv müdafiə üçün uyğunlaşdırılıb.
Bundan əlavə, təyyarələrdən biri İran ərazisindən gələcək raket və uçuş aparatlarının trayektoriyalarını izləmək üçün Ermənistana avadanlıqlar çatdırıb və bu avadanlıqlar Ermənistan-İran sərhəddində quraşdırılacaq. ABŞ hərbçilərinin mövcudluğuna diqqət çəkməmək üçün Vaşinqton və İrəvan keçmiş SSRİ ölkələrindən ABŞ-yə mühacirət etmiş erməni əsilli hərbçiləri, slavyan və Qafqaz simalı insanları seçiblər. Yeni məlumatlara əsasən, hərbi yüklər və ABŞ Silahlı Qüvvələrinin şəxsi heyəti ilkin olaraq "Zvartnots" hava limanından Ermənistan Müdafiə Nazirliyinin İrəvan ətrafında yerləşən 513-cü əlahiddə batalyonuna çatdırılıb.
Ermənistanın hərbiləşdirilməsi regionda sülh imkanlarına zərbə vurur. Fransa, ABŞ, Hindistan, eyni zamanda Avropa Sülh Fondu regionu yenidən eskalasiya mənbəyinə çevirməkdə maraqlı görünürlər. Amma anlamalıdırlar ki, Azərbaycan istənilən hərbi təxribata artıqlaması ilə cavab verəcək.
Prezident İlham Əliyev artıq bu məsələdə xəbərdarlığını edib. Dövlət başçısı bu il mayın 10-da Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimindəki çıxışında deyib: "Əgər Ermənistana verilən silahların kritik həddə çatdığını görsək, heç kim bizdən inciməsin. Bizim nəyə qadir olduğumuzu, ordumuzun nəyə qadir olduğunu, iradəmizin nə qədər güclü olduğunu hər kəs bilir. Heç kim bizə müqavimət göstərə bilməz".
Odur ki, Ermənistanı silahlandıranlar, regionu "barıt çəlləyi"nə çevirmək istəyənlər bir daha dərindən düşünməlidirlər.
Hərbi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı "525"ə deyib ki, 2020-ci ildən bəri hər il sentyabr ayı gələndə Ermənistan tərəfi Azərbaycana qarşı təxribatlarını intensivləşdirir. Bu il isə təxribatların törədilməsinin əsas səbəbi ABŞ və Fransadan Ermənistana verilən hərbi dəstəkdir: "İntensiv şəkildə silahlanan Ermənistan ordusunun son yarım gündə Naxçıvan istiqamətində iki dəfə atəşkəsi pozması, fərarilər ölkəsinin 5 aprel tarixində ABŞ və Avropa İttifaqı ilə imzalanan hərbi paktdan qaynaqlanır. Bu dəstək nəticəsində Ermənistan ərazidə son günlər kifayət qədər aqressiv davranır. Son yarım gündə iki dəfə Naxçıvan istiqamətində atəşkəsin pozulması Ermənistanın cəzalandırılmasını labüd edir".
Ekspertə görə, atəşkəs pozuntuları yeni müharibədən xəbər vermir, amma süni şəkildə növbəti eskalasiya yaradılmasının birbaşa göstəricisidr. O xatırladıb ki, Ermənistan tərəfinin Naxçıvandan başqa Kəlbəcər istiqamətində də təxribatlar törədəcəyi gözləniləndir.
"Ermənistanın təxribatlar törətməsinin nə ilə nəticələnəcəyi indidən hamıya məlumdur. Ermənistan dövlət maraqlarına uyğun olmayan təxribatçı addımları öz qərarı ilə atmır. Bu qərarlar adətən kənar qüvvələrin, xüsusilə də ABŞ məsləhətçilərinin yardımı ilə qəbul edilir. Onlar Ermənistanı Azərbaycana qarşı təxribatlara təhrik edirlər. ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində maraqlı deyil. Çünki bu sülh əldə olunacaqsa, ABŞ regionda iştirakdan tamamilə məhrum olacaq. Amma Ermənistanla Azərbaycan arasında gərginlik qaldığı müddətdə İrəvanın kənar yardımlara ehtiyacı olacaq ki, bu yardımları da təqdim edən ölkələr, xüsusilə ABŞ və Fransa regionda öz qüvvələrini saxlamaq imkanı əldə edəcəklər", - hərbi ekspert əlavə edib.
Ə.Verdiyevin sözlərinə görə, bu proseslər yalnız Azərbaycana qarşı deyil: "Eyni zamanda, Ermənistan ərazisindən İran və Gürcüstana, Rusiyaya qarşı təsir mexanizmlərini qorumaq üçün Ermənistanda ABŞ-nin mövcudluğu çox vacibdir".
Hərbi ekspert hesab edir ki, Ermənistanın törətdiyi təxribatların qarısının alınması üçün çox da dərindən analizlər etməməliyik: "Ermənistanın ərazidə aqressiv davranışlarının qarşısı İrəvanın anladığı dildə, yəni çox qətiyyətli şəkildə alınmalıdır. Düşmənin atəş açdığı döyüş mövqelərini darmadağın etməli, əgər həmin mövqelər ordumuz üçün əhəmiyyət daşıyrsa, bu mövqelər üzərində Azərbaycan bayrağı də Azərbaycan əsgəri yerləşdirilməlidir. Yox, əgər həmin mövqelər bizim üçün əhəmiyyət daşımırsa, o zaman həmin mövqelərə bir daha Ermənistan əsgərinin təkrar yaxınlaşmasna imkan verməməliyik. Tarixi Azərbaycan torpaqlarından Azərbaycan əsgərinə atəş açılmasının məsuliyyəti Ermənistanın məğlub ciyinlərinə yüklənməlidir. Düşmən növbəti itkilərə məruz qalmayana qədər "rahatlıq" tapmayacaq".
çap et