525.Az

Kefiyyətsiz zeytun yağları


 

MARKETLƏRDƏN ZEYTUN YAĞI ALARKƏN NƏLƏRƏ DİQQƏT ETMƏLİ?

Kefiyyətsiz zeytun yağları<b style="color:red"></b>

Yağ orqanizm üçün faydalı olan qida məhsullarındandır. Bu səbəbdən də keyfiyyətli yağlardan istifadə etmək vacibdir. Mütəxəssislərin fikrincə, tərkibində doymamış yağ turşuları olan yağlardan istifadə etmək daha faydalıdır. Bu yağ turşularının zəngin olduğu yağlardan biri zeytun yağıdır. Zeytun yağı soyuq sıxım olan təbii və keyfiyyətli yağ hesab olunur. Bu gün ölkənin əmtəə bazarında alıcılara müxtəlif qablaşdırmada zeytun yağları təklif edilir. Bəs görəsən, marketlərdə müxtəlif qablaşdırmada və qiymətə olan zeytun yağları keyfiyyətlidirmi?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, yerli zeytunlarımız daha çox kimyəvi gübrələrdən və sintetik dərmanlardan istifadə olunmadan yetişdirilir və belə təbii gübrələrdən əmələ gələn zeytunlardan əldə olunan yağlar daha faydalıdır: "Zeytunun tərkibi A, D, E, K vitaminləri ilə çox zəngindir və xüsusi ilə də yerli zeytun olanda bu orqanizm tərəfindən genetik kodlara görə tez tanınaraq asan həzm olunur. Bu da yerli zeytunların daha üstünlük təşkil etdiyini və eyni zamanda zeytun yağının necə faydalı olduğunu göstərir. Mütləq şəkildə əgər təbii zeytun yağı alacağıqsa, birinci növbədə mənşəyi bəlli olan istehsal müəssəsinin məhsullarına müracət etməliyik. Çünki bəzən mənşəyi məlum olmayan və yaxud qablaşdırılmasında düzgün qaydalara əməl olunmayan orqanik qidalar adı altında da zeytun yağları satılır. Ona görə mütləq şəkildə etiket məlumatlarına diqqət etməliyik. Etiket məlumatlarında istehsalçı müəssisə haqqında ətraflı məlumat, ünvanı, eyni zamanda qaynar xətti, istehsal tarixi və son istifadə müddəti göstərilməlidir və tərkibində istifadə olunan inqridiyentlər haqqında tam məlumatlar verilməlidir. Bu, məhsulun keyfiyyətli və etibarlı mənbədən əldə olunduğunu göstərir".

Mütəxəssis qeyd edib ki, əsl zeytun yağının rəngi, adətən, sarımtıl-yaşıl və yaxud qızılı-sarı rəngə çalmalıdır: "Əgər bulanıq varsa, bu, onun təbii xüsusiyyətindən ola bilər. Amma kəskin sarı və ya yaşıl rəngdirsə, burada qida boyalarının istifadə olunur. Bəzən dibində az miqdarda bircinsli şəkildə olmayan çöküntü olur, bu da orqanik zeytun yağının göstəricisidir. Təmiz yağ təzə və xoşagələn zeytun qoxmalıdır. Əgər heç qoxusu yoxdursa və yaxud zəif qoxu gəlirsə, bu, onun təbii olmadığını göstərir. Əsl zeytunda yağından təbii zeytunun dadını hiss etmək olur, amma əgər qəbul etdikdən sonra ağızda kəskin dad, acılıq varsa, deməli, əlavə qatqılardan istifadə olunub. Zeytun yağı üçün daha çox "soyuq sıxım", yaxud "ekstra virgin" sözləri istifadə olunur. Bu, onun mexaniki yolla əzilərək yağa çevrilməsini göstərir və bu cür yağlar daha xeyirlidir".

Onun sözlərinə görə, zeytun yağı alarkən əsasən tünd rəngli şüşədə olmasına fikir vermək lazımdır: "Çünki bu, onu işıqdan qoruyur. Həmçinin qablaşdırmanın sərin yerdə qalmasına diqqət etməliyik. Müsbət 4 dərəcədə zeytun yağı donur, buna baxmayaraq, mütləq sərin və günəş işığı düşməyən yerdə olan yağları seçməliyik. Əgər uzunmüddətli istifadə edəcəyiksə, daha az həcmli, məsələn, 250-500 ml zeytun yağlarını almaq lazımdır. Çünki zeytun yağının qapağı hər dəfə açıldıqca oksigenlə reaksiyaya məruz qalır və tərkibini də dəyişir ki, bu da orqanizmdə bir çox həzm problemlərinə gətirib çıxara bilər. Evdə daha çox qaranlıq yerdə 15-22 dərəcə arasında saxlaya bilərik. Sənaye üsulu ilə hazırlanmış məhsulların rəf ömrünün daha az olanını seçməliyik, çünki digərlərində daha çox kimyəvi qatqı maddələri istifadə olunur. xüsusilə kimyəvi qatqılar xaricdən gələn məhsullarda özünü göstərir".

M.Hüseynova vurğulayıb ki, mütləq şəkildə yağ alarkən mənşəyi bəlli, olan, istehsalçı şirkət haqqında tam məlumatları, içərisindəki inqridientləri qeyd olunan, istehsal tarixi və son istifadə müddətinə diqqətinə yetirmək lazımdır: "Faydalı yağ daxili orqanların funksiyasını normal yerinə yetirə bilməsi üçün gündəlik lazımdır. Yoxsa bu, ürək-damar xəstəliklərinə, digər xəstəliklərə yoluxma riski çoxalır. Müvafiq qurum tərəfindən baxış olduqda yağların tərkibi ilə bağlı çatışmazlıqlar, uyğunsuzluqlar, sanitar qaydalara riayət olunmaması aşkar olunur"

Qida mütəxəssisi deyir ki, bəzən istifadə müddəti bitmiş kərə yağını anbarda saxlayıb, yenidən digər yağlarla qarışdıraraq emal edib təkrar satışa çıxarırlar.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, marketlərdə əhaliyə satılan zeytun yağlarının heç də hamısı keyfiyyətli deyil: "Bu günlərdə rəhbəri olduğum qurub tərəfindən ölkənin əmtəə bazarında saxta zeytun yağı aşkarlanıb. Azad İstehlakçılar Birliyinə istehlakçılar hər həftə şübhələndikləri ərzaq və sənaye mallarının nümunələrini gətirirlər. Sonuncu gətirilən nümunə satış qiyməti 44.55 manat olan 5 litrlik yaşıl fonlu metal qabda qablaşdırılmış, üzərində ağ böyük şriftlərlə "Vero Greco", Olive Blended Oil (zeytun qarışığı yağı, bu söz Azərbaycan dilinə tərcümə olunmayıb), Selected quality (Seçilmiş keyfiyyət) yazılmış zeytun yağı idi. Qablaşdırmanın üzərində yetişmiş meyvələr olan zeytun ağacının budağı verilib, çox kiçik şriftlərlə, diqqəti az cəlb edən yerdə "Blend of 51% pomace olive oil&corn oil" (Qarışıq 51% pomace zeytun yağı&qarğıdalı yağı) yazılıb. İstehlakçının şübhə etdiyi və bilərəkdən kiçik şriftlərlə yazılmış "pomace zeytun yağı" ifadəsi diqqətimizi çəkdi. Araşdırmalardan sonra məlum oldu ki, bu ifadənin mənası o deməkdir ki, bu yağ zeytunun soyuq sıxılmasından sonra əldə olunan keyfiyyətli "Extra Virgen" yağınının xammalının qalıqlarından, yəni jmıxından termik və kimyəvi yolla alınan "yağdır".

E.Hüseynovun sözlərinə görə, zeytun yağına dair beynəlxalq qurum bu yağları süni yağ hesab edir: "Zeytun jmıxından hazırlanan və dünyanın müxtəlif ölkələrində satılan bu yağların elektron kataloquna nəzər yetirdikdə 300 növdən çox müxtəlif etiketlərlə satılan yağlar arasında Azərbaycanda satılan "Vero Greco" yağı yoxdur və əksər etiketlərdə böyük şriftlərlə "Pomace olive", yəni jmıxdan hazırlanmış yağ yazılıb. Baha qiymətə satılan bu yağ zeytun yağı hesab olunmur. "Vero Greco" mal nişanı ilə əhaliyə baha qiymətlə zeytun yağı adıyla satılan yağ, əslində, tərkibində ən çox 8 faiz zeytun yağı olan, qalanı naməlum yağların qarışığı olan süni yağdır. Araşdırmaların obyektivliyinə nail olmaq üçün bu yağın qabı üzərində yazılmış elektron poçtuna - [email protected] ünvanına şübhələrimiz barədə suallarımızı göndərdik, lakin cavab yoxdur. www.VeroGreco.com saytına müraciət etdik, lakin heç bir məlumat tapılmadı. Malın üzərində yazılmış və yuxarıda qeyd etdiyimiz ştrix-kodu beynəlxalq axtarış sistemində araşdırdıq və məlum oldu ki, belə bir ştrix-kod heç bir müəssiəyə verilməyib".

Bəs zeytun yağı alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır? E.Hüseynov deyir ki, Zeytun yağlarının alışı zamanı istehlakçılar bəzi məqamlara diqqət etməlidirlər: "Üzərinə "virgin" yazılmış zeytun yağı fiziki üsulla sıxılan, ən yaxşı və ən təbii, çiy halda istifadə edilən məhsul sayılır. Bu yağ salatların, sousların, yeməklərin üzərinə əlavə etmək üçündür. Üzərinə "extra virgin" yazılan zeytun yağı "virgin" kateqoriyasına aid olan ən keyfiyyətli yağdır. Bu yağ maksimum 27 dərəcə temperaturda alınır. Turşuluq dərəcəsi 1 faiz təşkil edir. Bu yağ da çiy halda istifadə edilmək üçündür. Üzərinə "refinado" yazılmış zeytun yağı rafinə edilmiş, saflaşdırılmış məhsuldur. Bu yağların sənaye emalı vasitəsi ilə dad keyfiyyətləri yaxşılaşdırılır, ləzzəti artırılır və turşuluq nisbəti aşağı salınır. Rafinə zeytun yağı xörəkləri bişirmək, qızartmaq üçündür. Əgər zeytun yağını xörək hazırlamaq üçün alırsınızsa, rafinə edilmiş zeytun yağını seçmək məsləhətdir. Onun yanma temperaturu 240-270 dərəcədir. Çiy istifadə üçün isə "virgin" kateqoriyasından olan yağlara üstünlük verilməlidir".

Sevinc QARAYEVA

 





19.08.2024    çap et  çap et