525.Az

Almaniyada Ukraynaya əlavə yardımdan imtina tənqidlərə səbəb olub  


 

Almaniyada Ukraynaya əlavə yardımdan imtina tənqidlərə səbəb olub  <b style="color:red"></b>

Almaniya hökumətinin Ukraynaya yardımı artıq təsdiqlənmiş maliyyə ilə məhdudlaşdırmaq planları ölkədə həm müxalifət, həm də hakim partiyalar tərəfindən tənqid edilib.

525.az xəbər verir ki, bu barədə “Dw” məlumat yayıb.

“Svetofor koalisiyası daxili siyasi çəkişmələr nəticəsində Ukraynaya əlavə yardımı kəsərək Donald Trampın üslubunda siyasətlə məşğuldur. Yeganə fərq ondadır ki, Almaniya üçün Ukraynanı dəstəkləmək öz təhlükəsizliyini maliyyələşdirmək deməkdir", - Almaniyanın müxalif Xristian Demokrat İttifaqının (XDİ) xarici siyasət eksperti Norbert Röttgen “X” hesabında yazıb.

Eyni partiyanın üzvü, XDİ-nin büdcə eksperti İnqo Qadeçens bildirib ki, Almaniya kansleri Olaf Şoltz və hakim koalisiya Ukrayna ilə bağlı “görünməmiş ikiüzlülük” nümayiş etdirir: bir tərəfdən Şoltz davamlı olaraq lazım olduğu müddətdə Ukraynanı hərbi cəhətdən dəstəkləyəcəyini vəd edir, digər tərəfdən isə "sülh kansleri" olmağa çalışır. Müxalif siyasətçi hesab edir ki, bu ziddiyyət indiki vəziyyətə gətirib çıxarıb.

Kiyevə əlavə yardımın dayandırılması planları Almaniya hökumətinin tərkibində olan Yaşıllar Partiyası tərəfindən də tənqid edilib. Bundestaqdakı Yaşıllar fraksiyasının sədri Britta Hasselman deyib: "Ukraynanın bizim tam həmrəyliyimizə və dəstəyimizə ehtiyacı var".

Almaniyadakı hakim koalisiyaya daxil olan  Sosial Demokratların müdafiə eksperti Kristian Klink də Ukraynanı “borc əyləcinə” qurban verməməyə çağırıb. Almaniyada dövlətin borc büdcəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verməyən tədbirlər kompleksi belə adlandırılır.

“Diplomatiyaya yer vermək, əlbəttə ki, düzgündür, lakin biz Ukraynaya müdafiə müharibəsindən sağ çıxmaq imkanı verməyə davam etməliyik, xüsusən də mülki əhalisini qorumaq üçün təcili olaraq hava hücumundan müdafiə sistemlərini çatdırmaq lazımdır”, -  Klink deyib.

Bundan əvvəl Almaniya mətbuatı maliyyə naziri Kristian Lindnerin müdafiə naziri Boris Pistoriusa məktubuna istinadən yazıb ki, Berlin yaxın vaxtlarda Kiyevə əlavə maliyyə dəstəyi vermək niyyətində deyil. Federal Kansler İdarəsi və Maliyyə Nazirliyi tərəfindən görülən qənaət tədbirləri ilə əlaqədar olaraq, cari büdcə planlaşdırması bu məqsədlər üçün yeni vəsaitlərin ayrılmasını nəzərdə tutmur. Bu halda, əvvəllər təsdiq edilmiş yardım göstəriləcəkdir.

Eyni zamanda, Berlin Rusiyanın dondurulmuş aktivlərindən Kiyevə kömək etmək üçün istifadə etmək niyyətindədir. Belə ki, federal büdcədən Ukraynaya hərbi dəstək üçün daimi ödənişlər əvəzinə, Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən istifadə etməklə silah təchizatının maliyyələşdirilməsi planlaşdırılır.

Pərvanə Sultanova

 





19.08.2024    çap et  çap et