Respublikaçılar Partiyasından ABŞ prezidentliyə namizəd olan Donald Tramp bildirib ki, onun rəqibi, demokratların nümayəndəsi Kamala Harris sentyabrın 4-də “Fox News” telekanalının təşkilatçılığı ilə keçirilməli olan debatdan imtina edib.
525.az xəbər verir ki, Tramp bu barədə “Truth Social”dakı səhifəsində yazıb.
“Kamala Harris az əvvəl bizi məlumatlandırdı ki, “Fox News” telekanalının debatında iştirak etməyəcək”, - deyə sabiq dövlət başçısı bildirib.
D.Tramp əlavə edib ki, hadisələrin bu cür gedişatı onu təəccübləndirmir. Sentyabrın 4-də o, “Fox News” telekanalında baş tutmayan debatın əvəzində seçicilərin suallarını cavablandıracaq.
Xatırladaq ki, Tramp daha əvvəl bəyan etmişdi ki, Harrislə üç raund seçki debatı keçirmək istərdi. İlk debat sentyabrın 4-də baş tutmalı idi. İkinci debat üçün Donald Tramp sentyabrın 10-nu təklif edib. Həmin debatın təşkilatçısı ABC telekanalıdır. Sonuncu debatı isə NBC telekanalı təşkil etməlidir. Hazırkı məqamda Harris yalnız sentyabrın 10-dakı debata razılıq verib. O, həmçinin əlavə edib ki, həmin tarixdən sonra əlavə debatların keçirilməsini müzakirə etməyə hazırdır.
İbrahim Cəfərov
çap et