525.Az

Bakı Ukrayna-Rusiya sülh danışıqlarında etibarlı məkan ola bilər


 

Bakı Ukrayna-Rusiya sülh danışıqlarında etibarlı məkan ola bilər<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycanda dövlət səfərində olub. Məlum olduğu kimi, Azərbaycanla Rusiya arasında yaxın dostluq münasibətləri mövcuddur, dövlətlərarası dialoq yüksək səviyyədədir. Ölkələrimiz müxtəlif sahələrdə sıx əməkdaşlıq edir.

Bu mənada Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri, müzakirə edilən məsələlər iki ölkənin əlaqələrinin kompleks inkişafı, gələcək istiqamətlərin müəyyənləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində ölkələrimizin əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəlib. İki dövlətin liderlərinin görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm verir.

Ümumiyyətlə, Azərbaycanın siyasəti regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlib. Bu kontekstdə qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir.

Regionun böyük ölkələrindən biri olan Rusiya tarixən Azərbaycanla sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malik olub. Rusiya dünyanın aparıcı dövlətlərindən biri, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olmaqla çoxqütblü dünya nizamında öz yerini qoruyub saxlayır.

Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və inkişaf edir.

Bu inkişaf özünü iqtisadi əlaqələrdə də göstərir. 2023-cü ilin nəticələrinə görə, 2022-ci illə müqayisədə ticarət dövriyyəsi 17 faiz artaraq 4.5 milyard dollar səviyyəsinə yüksəlib, 2024-cü ildə daha yüksək nəticələr gözlənilir. Burada sənaye, kənd təsərrüfatı, turizm və tranzit axını, yük daşımalarının həcminin artmasının xüsusi əhəmiyyət daşıyır. İqtisadi-ticarət əlaqələrinin həcmi iki ölkənin mövcud potensialına əsaslanır. Ermənistanda olduğu kimi beynəlxalq sanksiyalar altında olan məhsulların ixracı hesabına yüksəliş əldə edilməyib.

Əlaqələrdə dəhlizlər də mühüm yer tutur. İki ölkə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq edir. Bu dəhliz vacib əhəmiyyət daşımaqla dünyada mövcud olan qlobal nəqliyyat dəhlizləri arasında əsas yerlərdən birini tutur. Azərbaycan Prezidenti bu ilin aprelində Rusiyaya işgüzar səfəri zamanı "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi də müzakirə olunmuşdu. Səfər zamanı layihənin icrası istiqamətində lazımi addımların atılması üçün dövlət başçıları tərəfindən aidiyyəti hökumət nümayəndələrinə tapşırıqlar verilib.

Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən, tədbirlər həyata keçirən Azərbaycan 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşulub. Beləliklə, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat tranzit qovşağına çevrilmək imkanları daha da artdı.

Hazırda Şimal-Cənub dəhlizinin inkişafı, onun üzərindən hərəkətin təkmilləşdirilməsi istiqamətində ölkəmizdə işlər aparılır.

Onu da əlavə edək ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Şimal-Cənub Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, Şimal-Cənub Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir.

Müstəqil siyasət aparan Azərbaycan öz milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığı inkişaf etdirməyə üstünlük verir. Azərbaycanın həm Qərblə, həm də Rusiya, İran və digər ölkələrlə yaxşı əlaqələri vardır. Azərbaycan həm BRİKS, ŞOS kimi platformalarda iştirak edir, həm də Avropa İttifaqı və Qərbin digər qurumları ilə əməkdaşlıq edir. Qoşulmama Hərəkatının fəal üzvlərindən biri kimi Azərbaycan hərbi-siyasi platformalara qoşulmur.

Ölkəmiz həm Rusiya, həm də Ukrayna ilə yaxın münasibətlərə malikdir. Təsadüfi deyil ki, Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiya qazının alınmasından tam imtina etdikdən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlıq cəhdlərini artırmağa çalışır və Azərbaycan qazının Ukrayna ərazisindəki qaz kəmərləri vasitəsilə nəqlini nəzərdən keçirir. Təklif ilk növbədə Avropa İttifaqı və Ukrayna tərəfdən səsləndirilib.

Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü siyasət, məharətli diplomatiyası, həm də Rusiya ilə qurulmuş düzgün münasibətlər nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələri həllinə nail oldu, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Təsadüfi deyil ki, ukraynalı ekspertlər də Azərbaycanın yürütdüyü müdrik siyasəti nümunə gətirir və Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Qərblə Rusiya arasında münaqişə arenasına çevrilmədiyini və öz milli məqsədlərinə nail olduğunu qeyd edir, bunu yüksək qiymətləndirirlər.

Azərbaycan dünyada həm də dialoq məkanı kimi tanınır. Həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olan ölkə kimi Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində onun imkanlarından istifadə oluna bilər. Azərbaycanın bu sahədə təcrübəsi var. Belə ki, Bakı daha əvvəl Rusiya-NATO görüşlərinə ev sahibliyi edib. Sülh və dialoq məkanı kimi də tanınan Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında da bu missiyanı uğurla həyata keçirə bilər.

 

 





20.08.2024    çap et  çap et