525.Az

Azərbaycan-Rusiya: Putinin səfərinin əhəmiyyəti


 

Azərbaycan-Rusiya: <b style="color:red"> Putinin səfərinin əhəmiyyəti</b>

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri, müzakirə edilən məsələlər təkcə regionda deyil, bütün dünyada maraqla izlənildi. Putinin Bakıya səfəri ərəfəsində və səfərdən sonra dünyanın aparıcı beyin mərkəzləri, analitiklər bu səfərin əsas səbəbləri barədə müxtəlif şərhlər, proqnozlar verməyə çalışdılar. Səfərin son dərəcədə diqqət mərkəzində olması ilk növbədə dünyada mövcud olan gərgin və mürəkkəb vəziyyətlə bağlıdır ki, Rusiya-Ukrayna müharibəsi də bu gərginliyi yaradan əsas səbəblərdən biridir. Azərbaycan sülhsevər, münaqişələrin dialoq yolu ilə həllinə üstünlük verən dövlət olaraq Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizalanmasına üstünlük verir, hətta Bakı dialoq üçün ən etibarlı məkan hesab olunur.

Aydındır ki, Azərbaycan və Rusiya qonşu, dost dövlətlərdir, iki xalqı tarixi keçmiş birləşdirir. Son illər münasibətlər daha da inkişaf edərək, müttəfiqlik səviyyəsinə yüksəlib. Hazırda Bakı və Moskva arasındakı münasibətlərdə heç bir dərin ziddiyyət mövcud deyil. Azərbaycan və Rusiya liderləri mütəmadi olaraq görüşürlər, yaxud telefon əlaqəsi vasitəsilə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparırlar.

Prezident İlham Əliyev bu ilin aprelində Rusiyada işgüzar səfərdə olub, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ruhunda keçən səfər zamanı liderlər Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi-ticarət əlaqələri, qarşılıqlı sərmayələrin qoyuluşu, humanitar və digər məsələləri müzakirə ediblər.

Görüş zamanı "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi də müzakirə edilib və bu layihənin icrası istiqamətində lazımi addımların atılması üçün dövlət başçıları tərəfindən aidiyyəti hökumət nümayəndələrinə tapşırıqlar verilib.

Rusiya liderinin Azərbaycana budəfəki səfəri daha dostcasına, səmimi və xoş aurada keçdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Prezident Vladimir Putinlə evdə nahar etdilər. Rusiya lideri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Putinin ölkəmizə dövlət səfəri etməsi də həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Rəsmi danışıqlarda dövlətlərarası münasibətlərin geniş spektrini əhatə edən məsələlər diqqətdə olub. Tərəflər iqtisadi-ticari, regional təhlükəsizlik, humanitar məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan Prezidenti bəyan edib ki, keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir: "Ötən il biz 4 milyard dollar həddini adladıq və bunun son hədd olmadığı barədə fikir mübadiləsi apardıq".

Humanitar əməkdaşlıq sahəsinə də həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var.

Eyni zamanda, məhdud formatda keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib. Dövlət başçısı deyib ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.

Dövlətlərarası münasibətlərdə müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, "Şimal-Cənub" layihəsinin həyata keçirilməsi ilə bağlı da məsələlər müzakirə edilib.

Prezident İlham Əliyev deyib ki, Azərbaycanın ərazisində "Şimal-Cənub" dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir: "Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox - 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər".

Putin bəyan edib ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir.

"Şimal-Cənub" layihəsindən danışan Rusiya lideri bildirib ki, bu, Hind okeanının sahillərinə çıxmağa və bu marşrutları qarşılıqlı fayda və qarşılıqlı maraq kontekstində istifadə etməyə imkan verəcək. Putin Azərbaycanda rus dilinə göstərilən diqqətdən də danışıb və Azərbaycan liderinə minnətdarlığını bildirib.

Liderlər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətinə də diqqət yetiriblər. Putin bildirib ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək: "Həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq. Bizim mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir".

Səfər zamanı dövlət başçıları tərəfindən Birgə Bəyanat qəbul edilib və 6 sənəd imzalanıb. Rusiya lideri bildirib ki, aparılan danışıqlar və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək.

Göründüyü kimi, Cənubi Qafqazda söz sahibi, lider dövləti olan Azərbaycan bütün qarşılıqlı hörmət əsasında əməkdaşlığın inkişafına üstünlük verir. Bakı Ermənistandan fərqli olaraq regional əməkdaşlıq, təhlükəsizliyin təmini üçün bütün səyləri göstərir. Riyakar siyasət aparan Ermənistan isə bölgəni xarici güclərin plasdarmına çevirmək cəhdləri, ABŞ, Fransa, Aİ-nin dəstəyi ilə silahlanaraq həm də Rusiyaya qarşı xarici güclərin planlarına meydan verir. Moskva bütün bunları aydın dərk edir və Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığı daha da gücləndirir.

 

 





21.08.2024    çap et  çap et