Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Bundan əvvəl isə ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a müsahibəsində Azərbaycanın BRICS-ə qoşulmaq istəyini ifadə edib: “BRICS -ə üzv olmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib. Bu barədə rusiyalı həmkarlarımızla danışdıq. Lakin bu da bir prosesdir”.
Xatırladaq ki, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.
Bundan başqa, Milli Məclisin sədri Sahibə Qafarova bu il iyulun 11-də BRICS ölkələrinin X Parlament Forumunun plenar sessiyasında çıxışı zamanı deyib ki, beynəlxalq sistemin səmərəliliyinin təmin edilməsi qarşılıqlı faydaya əsaslanan ədalətli münasibətlərin qurulmasını, bir-birinə hörmət edilməsini və həqiqi çoxtərəfliliyin gücləndirilməsini tələb edir. Azərbaycan öz xarici siyasətində bu prinsipləri rəhbər tutaraq, həm ikitərəfli əlaqələrində, həm də çoxtərəfli formatlarda dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq edir. Bu prinsiplər həm də BRICS üçün fəaliyyət prioritetləridir. Azərbaycan artıq BRICS-ə qoşulmaq arzusunu ifadə edib. Bu kontekstdə əməkdaşlığın gücləndirilməsi ortaq məqsədlərimizə xidmət edəcəkdir.
BRICS nədir və bu platformada olmaq Azərbaycana nə verəcək?
Əvvəlcə qeyd edək ki, iqtisadi platforma olan BRICS 2006-cı ildə yaradılıb və ilk olaraq təsisçi ölkələrin - Braziliya, Rusiya, Hindistan və Çin - adlarının ingilis dilində baş hərfləri ilə (Brazil, Russia, India, China) BRİC adlandırılıb. Daha sonra Cənubi Afrika Respublikası assosiasiyaya qoşulur və platforma BRICS adlandırılmağa başlayıb.
Təsisatın sonuncu genişlənməsi 2024-cü ilin yanvarına təsadüf edir. Belə ki, yanvarın 1-də daha beş ölkə - Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya BRICS-ə qoşulub. Onlar birliyin adını dəyişməmək qərarına gəliblər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha sonra bildirib ki, təşkilat yeni üzvlərin gələcək qəbulu məsələsində “fasilə vermək” qərarına gəlib. O deyib ki, bu yaxınlarda Tailand və Malayziya da daxil olmaqla 30-dan çox ölkə üzv olmaq üçün müraciət edib. BRICS-in dünyadakı mövqeyindən danışan Lavrov təşkilatın beynəlxalq arenada ədalətin bərqərar olmasında maraqlı olan və çoxmərkəzli dünyada qütb kimi görünməyən ölkələr qrupu kimi meydana çıxdığını bəyan edib.
BRICS-ə artan maraq, xüsusilə dünyada böyük iqtisadi gücə malik olan bir sıra dövlətlərin bu təsisatda olması onun perspektivdə Qərb iqtisadi bloklarına, xüsusilə G7-yə rəqib olacağını dair fikirləri gündəmə gətirib. Bölgənin ən böyük iqtisadiyyatlarından birinə malik Türkiyə də BRICS-ə qoşulmaq istəyini ifadə edib. Təbii ki, bu qrupda olmaq Ankaraya geniş bazara çıxış və inkişaf etməkdə olan dünyanın aparıcı iqtisadiyyatları ilə ticarət və investisiyaları artırmaq imkanları verəcək.
Hazırda BRICS-ə Rusiya sədrlik edir. Rusiya Prezidenti Vladimir Putin sədrliyin başlaması ilə bağlı müraciətində bəyan edib ki, bu təsisat getdikcə daha çox tərəfdar toplayır və BRICS-in fəaliyyətinin əsasını təşkil edən fundamental prinsipləri bölüşən dövlətləri cəlb edir. Bu, suveren bərabərlik, öz inkişaf yolunun seçiminə hörmət, maraqların qarşılıqlı nəzərə alınması, açıqlıq, konsensus, çoxqütblü dünya düzənini və qlobal maliyyə və ticarət sisteminin ədalətli modelini formalaşdırmaq istəyi və kollektiv həll yollarının axtarışıdır. Məhz bu ruhda, bütün maraqlı dövlətlərlə müsbət, yaradıcı əməkdaşlığa diqqət yetirməklə, BRICS-də Rusiya sədrliyi 2024-cü ildə “Bərabər qlobal inkişaf və təhlükəsizlik naminə çoxtərəfliliyin gücləndirilməsi” devizi altında həyata keçiriləcək.
Ümumiyyətlə, Rusiya BRICS çərçivəsində üç əsas sahədə - siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar təmaslar üzrə tərəfdaşlıq əməkdaşlığının bütün spektrini inkişaf etdirmək üçün səylərini davam etdirəcəyini açıqlayıb. Rusiyanın prioritetləri sırasına elm, yüksək texnologiyalar, səhiyyə, ekologiya, o cümlədən, mədəniyyət, idman, gənclər mübadiləsi sahəsində və vətəndaş cəmiyyəti vasitəsilə qarşılıqlı fəaliyyətin təşviqi daxildir.
Azərbaycanın platformada olmasının əhəmiyyətinə gəlincə, ilk növbədə ölkəmiz Cənubi Qafqazın aparıcı dövlətidir, geniş iqtisadi potensiala, nəqliyyat, logistika imkanlarına, çox əlverişli coğrafi mövqeyə malikdir. Bütün bunlar təbii ki, BRICS ölkələri üçün cəlbedicidir. Digər tərəfdən, platformadakı əksər dövlətlərlə Azərbaycanın çox yaxın dostluq münasibətləri var.
Səfir Polad Bülbüloğlunun sözlərinə görə, bu, Azərbaycana yeni imkanlar yaradacaq: "Azərbaycanın əsas partnyoru Türkiyə və Avropadır. BRICS üçün biz ona görə cəlbediciyik ki, coğrafi mövqeyimiz əlverişlidir. Biz nə qədər çox platformada iştirak edəcəyiksə, o qədər faydalıdır".
Politoloq İlqar Vəlizadə “525”ə şərhində deyib ki, BRICS yeni yaradılmış bir iqtisadi platformadır və orada Qərbə aid olmayan aparıcı dövlətlər iştirak edir. Həmin dövlətlərin Azərbaycanla sıx münasibətləri var: “Ölkəmiz Çin Xalq Respublikası ilə çox yaxşı münasibətlərə malikdir, bu yaxınlarda iki dövlət arasında Strateji əməkdaşlıq sazişi imzalanıb. Çin BRICS-də aparıcı ölkədir, onun yaradıcısıdır. Azərbaycanla strateji tərəfdaşa çevrilib. Rusiya ilə də ölkəmizin çox sıx, yaxın münasibətləri var. Azərbaycan və Rusiya strateji tərəfdaşlar, müttəfiqdirlər. BRICS-də qonşu İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də təmsil olunur. BƏƏ Azərbaycanla strateji tərəfdaşdır, bildiyiniz kimi, bu il ölkələrimiz arasında “Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Xüsusilə son illər çox mühüm birgə layihələr həyata keçirilir. BRICS-ə bəzən antiqərb bloku deyilir, amma mənim fikrimcə, bu, daha çox Qərb iqtisadi sisteminə alternativ bir topludur. Alternativ iqtisadi modellər formalaşdırıb”.
Politoloq əlavə edib ki, Qərb müxtəlif ölkələrə siyasi səbəblərə görə sanksiyalar tətbiq edib ki, bunlar da iqtisadi münasibətlərə mənfi təsir göstərir: “Əgər bu sanksiyaların tətbiqi davam edərsə, o zaman Qərb ölkələri digər dövlətlərlə özlərinə çəpər qurmuş olacaqlar. Biz bəzən Azərbaycana münasibətdə də belə cəfəng fikirlər eşidirik, yəni sanksiyaların tətbiqi və s. Əlbəttə ki, bütün bunlar bizi düşündürür və tədbirli olmağa vadar edir. Sabah bizə, yaxud yaxın ölkələrə sanksiyalar tətbiq olunsa, o zaman nə edəcəyik?
BRICS-də əməkdaşlıq həm də Qərbin təsirindən uzaqlaşmaq məqsədi daşıyır. Bu, yeni formalaşan dünya düzənində özünəməxsus rol almaq istəyindən irəli gəlir. Azərbaycan müstəqil, öz maraqlarına uyğun siyasət aparır. Onun əsas məqsədi bu siyasətin hansısa digər ölkənin deyil, öz dövlətimizin maraqlarına cavab verməsidir. BRICS bu mənada bizə maraqlıdır. Eyni zamanda, bu platforma daxilində müxtəlif institutlar, Banklararası Əməkdaşlıq Mexanizmi fəaliyyət göstərir. Banklararası Əməkdaşlıq Mexanizmi BRICS ölkələri arasında iqtisadi və investisiya qarşılıqlı əlaqəsini inkişaf etdirmək və gücləndirmək məqsədi ilə yaradılıb. Bu, qlobal prosedir və Rusiya, Hindistan, Çin, Braziliya və s. ölkələr bu proselərdən kənarda qalmaq istəmirlər”.
BRICS-də təmsil olunmaq istəyən ölkələrin sayının çoxluğu nəzərə alınarsa, Azərbaycanın tez bir zamanda bu təsisata qoşula bilməsi perspektivinə gəlincə, politoloq deyib ki, Azərbaycanın üstünlükləri var: “Bu təsisatdakı ölkələr, onun yaradıcıları Azərbaycanın qurumda olmasında maraqlıdırlar. Rusiya, Çin bizim namizədliyimizi dəstəkləyəcək. Eyni zamanda, qonşu İran da Azərbaycanı dəstəkləyə bilər. İran BRİKC-ə ümidlər bəsləyir. BƏƏ də əlbəttə ki, dəstək verən ölkələr arasında olacaq. Hindistanla bağlı suallar var, amma düşünürəm ki, Hindistana təsir edən ölkələr - Rusiya, İran, BƏƏ-nin səyləri ilə bizim bu platformaya daxil olmaq şansımız çoxdur. Düzdür, Hindistanla Çinin münasibərləri yaxşı deyil. Lakin qeyd etdiyim kimi, Azərbaycana dəstək verən ölkələr çox olacaq və onlar bizi həmin platformada görmək istəyirlər”.
Xatırladaq ki, BRICS-in növbəti sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək.
çap et