Dünya bazarında qızılın qiyməti aparıcı mərkəzi bankların pul siyasətini yumşaltması və geosiyasi gərginliyə görə etibarlı aktivlərə güclü tələbat səbəbindən yeni tarixi maksimuma çatıb.
"Comex" birjasında qiymətli metalın 1 unsiyasının qiyməti 0,3 faiz artaraq 2 510,2 ABŞ dollarına çatıb. İlin əvvəlindən qızıl 21,5 faiz bahalaşıb.
Bəzi hesablamalara görə, 2000-ci ildən qızıla yatırılan investisiyaların gəliri 8 dəfə artıb. Belə investisiyalar dollar və qiymətli kağızlara qoyulan investisiyalardan qat-qat sərfəli olub. Cari yay ərzində dünyada bu metal üçün bir neçə dəfə qiymət artımı baş verib. İyul ayında onun qiyməti yeni tarixi maksimuma çatıb - 1 troya unsiyası 2450 dolları keçib.
Avqustun əvvəli bu məbləğ 2500 dollara çatmaqla daha bir rekordla yadda qaldı. Bu, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini dəyişməz saxlaması səbəbindən baş verib. Bundan əlavə, Yaxın Şərqdəki xoşagəlməz vəziyyət də öz rolunu oynadı. Bölgədə artan gərginlik və ümumilikdə qeyri-sabit geosiyasi vəziyyət qızılın etibarlı sərmayə kimi cəlbediciliyini artırır.
Əksər beynəlxalq analitiklərin fikrincə, qızıla olan tələbat artmaqda davam edəcək. Üstəlik, bu il artım troya unsiyası üçün orta hesabla 2700 dollara qədər ola bilər. Təbii ki, bu, yalnız qızıla etibar etmək üçün səbəb deyil - maliyyə portfelinin şaxələndirilməsi vacibdir. Qiymət artımından sonra ona tələb bir qədər azala bilər. Bununla belə, qızıl ən təhlükəsiz aktivlərdən biri olaraq qalır və inflyasiya dövrlərində mühüm rol oynayır.
Dünyada qızıla marağın artması nədən xəbər verir və onu özümüz hasil edib ixrac etdiyimizi nəzərə alsaq, bu, Azərbaycana necə təsir edəcək?
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin birinci yarısında Azərbaycanda qızıl hasilatı artsa da, mis və gümüş istehsalı, əksinə, azalıb. İlin ilk altı ayında 1003,7 kq qızıl filizi hasil edilib ki, bu da 2023-cü ilin nəticəsi ilə müqayisədə 3% çoxdur. Qızıl ehtiyatları cəmi 247,7 kq təşkil edib. 2026-cı ildə Azərbaycanda qızıl hasilatının 3 min 154,5 kq qədər artacağı gözlənilir. Bu il isə 3 min 83,5 kq olacağı gözlənilir.
İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, dünya bazarlarında qızılın qiyməti qalxmaqda davam edir: "Ötən dövr ərzində nə vaxt geosiyasi vəziyyət pisləşibsə, həmişə eyni hal müşahidə edilib. Ümumiyyətlə, qızıl bir qiymətli metal olaraq qlobal iqtisadiyyatda daim real vəziyyət göstəricisi sayılıb və sayılır. Belə ki, qızılın qiyməti nə vaxt ucuz xarakter daşıyıbsa, bu, investorların sərbəst fəaliyyət göstərdiklərindən və ortada onları çəkindirəcək heç bir amilin mövcud olmadığından, əksinə olduqda isə qlobal məkanda yatırım və biznes üçün əlverişsiz vəziyyətin hökm sürməsindən xəbər verib. Hazırda da vəziyyət eynidir. Qızıl bir sığorta mənbəyidir. Qızıl bir yatırım vasitəsidir. Qızıl istənilən aparıcı və sərbəst dönərli valyutaya çevrilə bilən metaldır, dəyər ölçüsüdür və sairdir. Dünyada əsas aparıcı valyuta ABŞ dolları sayıldığından, onun dəyəri aşağı düşən kimi qızıl bahalaşır və alış-verişi sürətlənir".
Ekspertin dediyinə görə, bu gün dünyada geosiyasi vəziyyət olduqca gərgindir. İnvestorlarda çaşqınlıq var. Pandemiyadan sonra Ukrayna-Rusiya müharibəsinin başlanması investorları özlərinə gəlməmiş daha bir qaranlıq şəraitə atdı. Hazırda qiymətli kağızlara və səhmlərə pul yatırmaq böyük risk sayılır. Çünki bütün seqmentlər üzrə dəyərlərdə yüksək rəqslər və yaxud volatillik müşahidə edilir. Odur ki, yeganə ümid yenə qızıladır. Bəs belə bir şəraitdə Azərbaycanı gözləyən təhlükələr, təzyiq və təsirlər və yaxud da səmərə - effekt nədən ibarətdir? Qızılın bahalaşması bizə ziyandır, yoxsa xeyir?: "Bəri başdan qeyd edim ki, xeyirdir. Qızılın bahalaşması bizə iki istiqamətdə səmərə gətirir və effekt verir. Birincisi, valyuta ehtiyatlarımızın bir hissəsi qızıldan ibarətdir. Odur ki, təhlükə barədə ümumiyyətlə danışmağa dəyməz. Dövlət Neft Fondunun ehtiyatlarının təxminən 15 faizə qədəri qızılla yerləşdirilib. Mərkəzi Bankın da qızıl ehtiyatı var. Sözügedən metalın dəyəri qalxdıqda və yaxud endikdə valyuta ehtiyatlarının ümumi həcminə təsir edir. İkincisi isə, Azərbaycan qızıl ixrac edən ölkədir. Hansı ki, regionda demək olar yeganə ölkəyik ki, bu qiymətli metal növünü hasil və ixrac edirik. Təkcə ötən il ərzində yerli və xarici bazarlarda ümumən 68,1 min unsiya qızıl və 119,8 min unsiya gümüş satmışıq ki, bu da, 2022-ci illə müqayisədə bilavasitə qızıl satışı üzrə 7 faiz artım deməkdir.
İqtisadçı ekspert Fuad İbrahimov Beynəlxalq Qızıl Araşdırmaları Mərkəzinin proqnozuna əsaslanaraq qızılın qiymətində bahalaşmanın davam edəcəyini qeyd edib: "Qiymət artımı növbəti illərdə də dayanmayacaq. Proqnozlara görə, yaxın zamanda qızıla tələbat ən azı 25 faiz artacaq. Təbii ki, bu, proqnozdur, ehtimaldır. Amma bununla belə, gələcəkdə digər proseslər də baş verə bilər. Belə ki, dünya birjalarında spekulyativ alət deyilən bir anlayış var. Bax, bu alət hərəkətə gələndə çox şey insan faktorundan asılı olmur. Yəni tələbatın artması fonunda qızılın qiymətində müəyyən ucuzlaşma olur. Belə olanda bütün bazar iştirakçıları baha aldıqları malı təşviş içərisində bazara daha ucuz qiymətə təklif edirlər. Təbii ki, bunlar istisna hallardır. Amma bu gün Azərbaycan bazarı heç bir təşviş yaşamır. Sadəcə, müəyyən səngimələr nəzərə çarpır. Amma bütün hallarda dünyada olduğu kimi, Azərbaycanda da qızılın qiyməti getdikcə bahalaşacaq".
İqtisadçı ekspert Xalid Kərimli deyir ki, dünya bazarında qızılın qiymətinin artması özünü Azərbaycanda da göstərir. Ay ərzində qızılın qiyməti 10 faizdən çox artıb: "Qızılın qiymətinin artmasının səbəblərindən biri də qeyri-müəyyən maliyyə mühitində banklar və investorlar üçün təhlükəsiz investisiya olduğu üçündür. Bu ilin ikinci yarısından başlayaraq intensiv sürətdə faiz dərəcələri aşağı salına bilər. Bu zaman qızıl kimi əmtəələrin qiyməti yüksəlir. Çünki faiz dərəcələrinin aşağı salınması divident verməyən qızıl kimi aktivlərə investorların marağını artırır. Faiz dərəcəsinin aşağı enməsi bontlardan gələn gəlirlərin aşağı enməsinə səbəb olur. Bontların gəlirləri azaldıqca isə qızıla maraq artmış olur".
"Azərbaycan Zərgərlər Assosiasiyası" ctimai Birliyinin İdarə Heyətinin sədr müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib ki, Azərbaycanın qızıl bazarında bahalaşma tendensiyasının bu ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırmaq olar: "Bu bazar qiymətli metalların və qiymətli daşların birja qiymətləri ilə tənzimlənir. Hazırda London əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 2430-2440 ABŞ dolları (4131-4148 manat) arasında dəyişir. O cümlədən, birjada 999,9 əyar qızılın 1 qramının qiyməti 78 ABŞ dollarıdır (təxminən 133 manat), 750 əyar qızılın 1 qramının qiyməti 59 ABŞ dolları (təxminən 100 manat), 585 əyar qızılın 1 qramının qiyməti isə 46 ABŞ dolları (təxminən 78 manat) təşkil edir. Yerli bazarda satış qiymətləri isə 999,9 əyar qızıl üçün 140-150 manat, 750 əyar qızıl üçün 130-150 manat, 585 əyar qızıl üçün isə azı 100 manatdır".
R.Əmircanovun sözlərinə görə, yaxın vaxtlarda dünya bazarında qızılın 1 unsiyasının qiymətinin 2500 ABŞ dollarını keçəcəyi gözlənilir: "Araşdırmalar nəticəsində məlum olub ki, 999,9 əyarlı külçə və sikkələrə tələbat daha çoxdur. Çünki onlar daha çox investisiya aləti kimi alınır.
Araşdırmalarımız həm də onu göstərir ki, ölkədə zərgərlik məhsullarının satışı daha çox toylarla bağlıdır. "Həmişəki kimi Ramazan və Məhərrəmlik aylarında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında bu mövsümlərdə alıcılıq qabiliyyəti təqribən 50 % aşağı düşür. Qızıl bazarında 8 Mart və Novruz bayramları öncəsi aktivlik hiss olunur".
İqtisadçı ekspert Emin Qəribli qeyd edib ki, respublikada qızıl hasilatı bundan sonra da artacaq: "Belə ki, indi Daşkəsəndə istehsal artımı müşahidə olunur və Qarabağda bu metalın böyük yataqları var. Qızıl qiymətlərinin artması hasilatın artmasına təkan verəcək. Eyni zamanda, gələcək nəsillər üçün ehtiyatların qorunması vacibdir. Qızıla olan marağa gəlincə, indi bir çox ölkələrin valyutaları risk altındadır və onların məzənnələri kifayət qədər sürətlə dəyişir".
Ekspertin sözlərinə görə, kriptovalyuta ilə də oxşar vəziyyətdir. Səhmlərə investisiya etmək də risklərə məruz qalır. Buna görə də, xüsusilə bir çox ölkələrin mərkəzi bankları tərəfindən qızıla üstünlük daha çox verilir. Nəticədə qızılın likvidliyi artır".
Mütəxəssis vurğulayıb ki, ölkədə qızıl hasilatının artırılması təkcə qeyri-neft sektorunun ixrac imkanlarının artırılması baxımından vacib deyil: "Bu, qızıl ehtiyatlarının artırılması üçün də vacibdir və indi biz həm bizdə, həm Türkiyədə, həm də başqa ölkələrdə belə bir vəziyyətin şahidi oluruq".
Sevinc QARAYEVA
çap et