525.Az

Macarıstan ukraynalı qaçqınlara yardımı kəsir


 

Macarıstan ukraynalı qaçqınlara yardımı kəsir<b style="color:red"></b>

Macarıstanda ukraynalı qaçqınlara güzəştli mənzillərin verilməsi qaydaları dəyişib. Qüvvəyə minmiş fərmana əsasən, dövlət dəstəyi yalnız döyüş bölgələrindən və Rusiyanın tammiqyaslı işğalından birbaşa təsirlənən ərazilərdən gələnlərə veriləcək.

525.az bu barədə “Euronews”a istinadən xəbər verir. Məlumata görə, hazırda hökumət rəsmilərinin hər ay yenilənəcəyini dedikləri belə ərazilərin siyahısına Ukraynanın 13 regionu daxildir ki, bu da bütün regionların yarısıdır.

“Ukraynada iki il yarım davam edən müharibədən sonra qanunvericilikdə “ağlabatan və mütənasib” dəyişiklik gecikib”, - ukraynalıların qəbulu üzrə komissar Norbert Pal bildirib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, ötən ayın sonunda Macarıstanda qeydiyyatda olan 46 mindən bir qədər çox ukraynalı Avropa qanunlarına əsasən müvəqqəti sığınacaq alıblar. Bunlar əsasən macar dilinin geniş yayıldığı Zakarpatyadan gələn mühacirlərdir.

Köçkünlərin əksəriyyəti ya öz mənzillərinin pulunu ödəyir, ya da dostları, qohumları və ya könüllülər ilə yaşayır, lakin Macarıstan Helsinki Komitəsinin hesablamalarına görə, kifayət qədər vəsaiti olmayan təxminən 4000 nəfər hökumət tərəfindən maliyyələşdirilən mənzillərdə yaşayır. Yeniliyə əsasən, onlardan artıq 3 min nəfərə yaxını dövlət dəstəyi almaq hüququna malik deyil.

Məlumata görə, Budapeştin təxminən 70 kilometr qərbində yerləşən Koçda insanların köçürülməsinə başlanılıb, 120-yə yaxın qaçqın müvəqqəti yaşayış yerlərindən çıxarılıb.

İnsan haqları qrupu Macarıstan hökumətinin hərəkətlərini qanunsuz hesab edir, onlar deyirlər ki, Avropa İttifaqı qanunlarına görə, müvəqqəti qoruma alanlar dövlət tərəfindən mənzillə təmin edilməlidir.

Pərvanə Sultanova

 





22.08.2024    çap et  çap et