Qərb və Hindistan Ermənistanı silahlandırmaqda davam edir. İrəvanın sürətli şəkildə hərbiləşdirilməsi onun sülh prosesindən demək olar ki, imtinasına səbəb olub. Ermənistanı silahlandıran güclər bununla da regionu yenidən müharibəyə, yeni toqquşmalara sövq edirlər. Fransanın ardınca ABŞ və Hindistanın hücum və öldürücü silahları İrəvana tədarük etməkdə məqsədi məhz bundan ibarətdir.
Azərbaycan torpaqlarının 30 ilə yaxın davam edən işğalına heç bir dəstək olmadan özü son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Qərb Rusiya-Ukrayna münaqişəsində ərazi bütövlüyü prinsipini qətiyyətlə müdafiə edir, Kiyevə hər cür dəstək verir, baxmayaraq ki, hər iki məsələdə söhbət ərazi bütövlüyündən gedirdi.
Qərbin bu dəstəyi Ermənistanda revanşist meyllərin güclənməsinə səbəb olur. Amma bu prosesdə İranın da iştirakçılığına dair faktlar var. Tehran Ermənistan ordusunun müasir silahlarla təmin edilməsində fəal iştirak edir. Fransanın artilleriya və raketləri məhz İran vasitəsilə Ermənistana çatdırılıb.
Caliber.Az-ın açıqladığı təsdiqlənmiş faktlara görə, son bir neçə həftə ərzində Fransanın 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri Ermənistana çatdırılıb. SEZAR özüyeriyən artilleriya qurğuları ilə bağlı əldə edilən məlumata görə, bu silahlar Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir. Daha sonra İranın "Merac" aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırır. Hazırda Ermənistana 12 ədəd SEZAR özüyeriyən artilleriya sistemi çatdırılıb. Təchizatın miqyasını daha yaxşı anlamaq üçün qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin əvvəlində Fransa ordusunun balansında cəmi 76 SEZAR sistemi olub. Bundan əlavə, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 hava-hava raketləri, "ERYX" tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və "Panzerfaust 3" tank əleyhinə raket sistemləri verilib. Bundan başqa, Ermənistan silahlı qüvvələri Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik "Apilas" reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə təmin edilib. Hərbi ekspertlərin fikrincə, müvafiq modifikasiyalardan sonra bu silahlar Ermənistan Hərbi Hava Qüvvələrinin balansında olan müasir Su-30 SM qırıcılarında quraşdırılacaq.
Nikol Paşinyanın etiraf etdiyi kimi, Rusiyanın "raketsiz" təchiz etdiyi qırıcılar bu modifikasiyalara ehtiyac duyur. Hindistanda belə modifikasiyalar üçün presedentlər mövcuddur və böyük ehtimalla, uyğunlaşma prosesi artıq müvafiq təcrübəyə malik hindistanlı hərbi mütəxəssislər tərəfindən həyata keçirilir.
Nəhayət, hərbi təchizat sırasında Almaniya və ABŞ silahlarının olmasına da diqqət yetirmək lazımdır. Bu silahların Ermənistana çatdırılması onu göstərir ki, Almaniya və ABŞ fransızlara müvafiq icazələr verib. Belə ki, təsdiq proseduru olmadan Almaniyanın Panzerfaust və Bunkerfaust raketləri, eləcə də Amerikanın TOW raketləri Ermənistan ordusunun sərəncamında ola bilməzdi. Azərbaycan tərəfi onu da bilir ki, Fransa silahlarının hava yolu ilə ötürülməsi ilə paralel olaraq, İranın "Bəndər-Abbas" dəniz limanı Hindistandan Ermənistana göndərilən hərbi yükləri də qəbul edir. Diqqət çəkən başqa bir məqam isə Ermənistana verilən həm Fransa, həm də Hindistan silahlarının qismən rəsmi bəyan edilməsi, qismən isə mülki mallar adı altında daşınmasıdır. Bu, beynəlxalq ticarət hüququnun və logistika fəaliyyətini tənzimləyən beynəlxalq qaydaların kobud şəkildə pozulması deməkdir. Sadə dillə desək, bu, qaçaqmalçılıqdır.
Başqa bir fakt isə İranın Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalamasıdır. Bu fakt artıq öz təsdiqin tapıb. Göründüyü kimi, Azərbaycanla münasibətlərin genişləndirilməsinə can atan İran arxa planda qeyri-dost addımlarını davam etdirir.
İstənilən halda bu proseslərdə uduzan tərəf regional əməkdaşlıqdan imtina edərək üzünü Qərbə çevirən İrəvan olacaq. Çünki Qərb Ermənistanı lazım olduğu qədər istifadə edib, daha sonra çıxılmaz duruma salıb, tərk edəcək. Necə ki, artıq belə presidentlər mövcuddur.
Bu mənada Belarus prezidenti Aleksandr Lukaşenko olduqca haqlıdır. O, müsahibəsində deyib: "Siz Ermənistanın siyasətini də görürsünüz. Bu necə siyasətdir?! Ermənilər bizdən başqa kimə lazımdır?! Heç kimə. Elə isə iqtisadiyyatlarıını inkişaf etdirib öz resurslarına köklənsinlər. Hansı Fransa və ya hansı Makron? Sabah Makron da hakimiyyətdə olmayacaq və hər kəs Ermənistanı unudacaq. Eynilə Amerika Birləşmiş Ştatları ilə olduğu kimi".
Belarus lideri uzaqgörənliklə reallıqları dilə gətirib, bildirib ki, Ermənistanın inkişafı, rifahı məhz bölgə dövlətləri ilə münasibətlərin bərpasından, əlaqələrin inkişafından asılıdır.
Bakı ilə sülhün bir addımlığında olan İrəvan bu fürsəti qaçırmamaq əvəzinə özünü ziddiyyətlərin içinə salıb.
Politoloq Zaur Məmmədov mövzu ilə bağlı bildirib ki, Ermənistanda intensiv şəkildə hərbi texnikalar yerləşdirilir: "44 günlük müharibə və 2023-cü ilin antiterror tədbirləri adekvat düşünməyə qadir olan beynəlxalq aktorları Cənubi Qafqazdakı yeni reallıqları qəbul etməyə vadar etsə də, bəziləri hələ də, yeni müharibə nəticəsində vəziyyəti dəyişəcəklərinə ümidlər edirlər.
Əldə edilən məlumatlara görə, son bir neçə ay ərzində Ermənistana Hindistandan və Fransadan ən yeni hərbi texnikalar daxil olmağa davam edir. Fransanın 155 mm-lik "SEZAR" özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket sistemləri və "hava-hava" tipli raketlər təkcə son 3-4 həftə ərzində Ermənistana gətirilib. Hazırda Ermənistan ordusunda SEZAR özüyeriyən silahlarının bir diviziyası yerləşdirilib. Fransız silahları Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir, oradan İranın Merage aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırır. Bununla da, guya izi gizlətməyə çalışırlar.
Həmçinin, Fransa Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 "hava-hava" tipli raketlər, 30 ERYX tank əleyhinə raketlər, onlarla Almaniya istehsalı olan DM32 qumbaraatanları ("Bunkerfaust" kimi də tanınır), həmçinin "Panzerfaust" verilib. Bundan başqa, Ermənistan silahlı qüvvələrinə Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik Apilas reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə raket kompleksləri verilib.
Bundan başqa, Hindistan hərbi texnikalarının da İranın Bander - Abbas dəniz limanı vasitəsilə Ermənistana çatdırılması davam etməkdədir.
Beləcə, adları çəkilən dövlətlərin öz aləmlərində gizli fəaliyyətləri artıq ifşa edilib. Bu qruplar Ermənistanı silahlandıraraq "erməni məsələsi" adı altında öz maraqlarını reallaşdırmaq arzusundadırlar".
Politoloq təəssüflə bildirib ki, Azərbaycan Respublilasının ərazi bütövlüyü məsələsində separatizmi və terroru seçən bu aktorlar siyasətin çirkab bataqlığında olmalarına baxmayaraq, suları bulandırmaqda israrlıdırlar: "Ermənistan ordusunun son həftələrdə şərti sərhədlərdə Azərbaycan sərhədçiləri və ordusu istiqamətində atəş açmaları işğalçı silahlı qüvvələrə bəzi dairələrin yaratdığı arxayınçılığın nəticəsidir. Sual yaranır, bu gün 29.000 kv km ərazidə mövcud olan Ermənistan Respublikası niyə Azərbaycan ilə sülh müqaviləsi bağlamır, əvəzində isə silahlanır? Cavab aydındır!"
Z.Məmmədov əlavə edib ki, rəsmi Bakının səbri tükənməz deyil. Azərbaycan Zəngəzurda hücum xarakterli silahların toplanmasına imkan verməyəcək: "Qərbi Zəngəzur (Sünik) silahsızlaşdırılmış bufer zona elan edilməlidir. Əks təqdirdə, Ermənistan ordusunun xarici havadarları ilə birlikdə törətdiyi təxribatları bölgədə yenidən qanın axıdılmasına gətirib çıxara bilər".
çap et