525.Az

Azərbaycan Beynəlxalq Telekomminikasiya İttifaqı Şurasına üzv seçilib


 

Azərbaycan Beynəlxalq Telekomminikasiya İttifaqı Şurasına üzv seçilib<b style="color:red"></b> Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) “C” regionunun ölkələri (Şərqi Avropa və Mərkəzi Asiya) Şurasına üzv seçilib.

Bu barədə bazar ertəsi 525.az-a Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Seçkilər oktyabrın 20-dən noyabrın 7-dək Koreya Respublikasının Pusan şəhərində keçirilən ITU-nun səlahiyyətli konfransı çərçivəsində baş tutub.

Səlahiyyətli konfrans ITU-nun ali orqanı olub qurumun gələcək siyasətinin hazırlanmasına cavabdehdir. Dörd ildən bir çağırılan konfransda 4 illik strateji və maliyyə planları qəbul edilir, həmçinin təşkilatın ali rəhbərliyi, Şura və Radioreqlament Komitəsinin üzvləri seçilir.

ITU-nun “C” regionunun ölkələri Şurasına üzvlüyə namizədlər Azərbaycan, Polşa, Bolqarıstan, Makedoniya, Rumıniya, Rusiya və Qırğızıstan olub.

Şuraya seçkilər beş region üzrə keçirilir. Azərbaycan 94 səs toplamaqla Şuraya daxil olub. Azərbaycanla yanaşı, ITU Şurasına Polşa (133 səs), Bolqarıstan (124), Rusiya (124) və Rumıniya (111) daxil olub.

Azərbaycanın ITU Şurasına üzvlüyü 2018-ci ilin sonunadək davam edəcək. ITU-nun növbəti səlahiyyətli konfransı 2018-ci ilin sonunda Dubayda keçiriləcək.
 





27.10.2014    çap et  çap et