525.Az

Çin İsraili Qəzzada hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb


 

Çin İsraili Qəzzada hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb<b style="color:red"></b>

Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq qurumun Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı brifinqində çıxışı zamanı İsraili Qəzza zolağında bütün hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

525.az bu barədə “Sinxua” agentliyinə istinadən məlumat verir.

Fu Konq bildirib ki, Qəzzada 10 aydan çox blokada, mühasirə, bombardman və hücumlar zamanı 40 mindən çox insan həlak olub, 1,9 milyon insan köçkün düşüb, evlərin təxminən 80 faizi dağıdılıb, ərazinin 85 faizi isə İsrailin təcili evakuasiya əmri altındadır.

Çinin nümayəndəsi deyib ki, bu faciə davam edə bilməz: “Beynəlxalq ictimaiyyət dəfələrlə atəşkəs və döyüşlərin dayandırılması ilə bağlı açıq çağırışlar etsə də, İsrail onları eşitmədi və atəşkəs əlaməti göstərməyib”.

O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsinin qəbulundan iki aydan çox vaxt keçsə də, İsrailin Qəzzada hərbi əməliyyatları hər gün yeni itkilərlə nəticələnməkdə davam edir. İsrailin təkrar təxribatları münaqişənin genişlənmə riskini artırıb və Yaxın Şərq bir ipdən asılıb. Atəşkəs və siyasi həll üçün danışıqlar əsas həll yoludur.

Çinli diplomat  İsraili beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə və humanitar yardıma sürətli və təhlükəsiz çıxışı təmin edərək bütün sərhəd keçidlərini açmağa, BMT və humanitar təşkilatlara qarşı məhdudiyyət və hücumları dayandırmağa, poliomielit əleyhinə peyvənd proqramına dəstək verməyə və əməkdaşlıq etməyə çağırıb.

Davamlı təhlükəsizliyin yalnız ümumi təhlükəsizlik konsepsiyasını dəstəkləməklə əldə edilə biləcəyini vurğulayan Fu Konq bildirib ki, regional sülh bütün tərəflərin məsuliyyətli iştirakı ilə qurulmalıdır.

O, deyib ki, Qəzzada müvafiq qətnamələrin icrasına və atəşkəsə nail olunmasına kömək etmək üçün Çin BMT Təhlükəsizlik Şurasını müvafiq qətnamələrin həyata keçirilməsini asanlaşdırmaq üçün əlavə lazımi tədbirlərin həyata keçirilməsində dəstəkləyir və Qəzzada müharibənin tezliklə dayandırılması, humanitar fəlakətin aradan qaldırılması, “iki xalq üçün iki dövlət” prinsipinin reallaşdırılması, Yaxın Şərqdə davamlı sülh və təhlükəsizliyə nail olunması

istiqamətində beynəlxalq ictimaiyyətlə işləməyə hazırdır.

Pərvanə Sultanova

 





23.08.2024    çap et  çap et