525.Az

“Bil ki, mənəm min illərin dirisi...”


 

XALQ ŞAİRİ ZƏLİMXAN YAQUBLA NOSTALJİ RUHLU SÖHBƏT

“Bil ki, mənəm min illərin dirisi...”<b style="color:red"></b>

Xalq şairi Zəlimxan Yaqubla görüşüb söhbətləşməyi çoxdan arzulayırdım. Amma doğrusu, ürək eləmirdim. Səbəbi bu idi ki, özünün təbirincə desək, təpədən- dırnağa şövq, yanğı, eşq ilə dolu şairin illərlə pəncələşdiyi mərəzdən üzgün halını görmək istəmirdim. Ancaq doğru deyiblər, hərdən qorxu-hürkülərin birbaşa üstünə getmək lazımdıronlardan qurtulmaq üçün. Zəlimxan Yaqub beynimdə həmişə canlı saz kimi assosiasiya olunur, onun adı çəkiləndə istər-istəməz gözümün önünə saz gəlir. Vədələşdiyimiz gününhəkim günüolmasına   yorğunluğuna baxmayaraq xeyli irəli gəlib məni şəxsən qarşılamağa gəlmiş xalqın şairinin kefini saz görüb çox sevindim. Nostalji söhbətimiz zamanı isə sevincim bir az da böyüdü, anladım ki, sözün bütün mənalarında bu SAZ ADAMı bunca ağır xəstəlik kökdən salmağa qadir deyil. Söhbətimizin atmosferinə dərd, həsrət, fanilik havası qarışmasına kədərli, nisgilli notların duyulmasına rəğmən, ümumən bədbinlik yoxdu, bu söhbət daha çox  Zəlimxanyana idikövrək, yanğılı, eşqli ümidli...

Ey Allahın göydən gələn pərisi,
Soyulsa da şairlərin dərisi
Bil ki, mənəm min illərin dirisi,
Bircə məni, bircə məni xatırla...

Sadəcə üzbəsurət kiməsə deyil, həm gələcəyə ünvanlanan elə bu misralar Zəlimxan Yaqubu, onun doyulmaz söhbətini xatırlamaq üçün yetərlidir yəqin... İnanırıq ki, bu söhbət oxucularımızın da ürəyincə olacaq. Elə isə:

Geniş qapını, ay ev yiyəsi,
Şair Zəlimxanı qonaq göndərim...

Mənim üçün nostalgiyanın mahiyyəti uçmaqdır

Nostalji, məndən ötrü, həm gecələr yuxularda uçmaqdı, həm elə cənnət mənasındakı uçmaq. Mənim üçün nostalgiya daha çox məkanla, yerlə bağlıdır. Çünki yerin müqəddəsliyi daha çoxdu. İnsanda bicliklər var, yerdə yoxdu. Torpaq müqəddəsdi, bakirədi, təmizdi, ilkindi. İnsanda şeytan xisləti var, hər yola gedər, amma torpaq getmir. Torpaq qayım-qədimdi, əzəli-əbədidi. Həm beşikdi, həm məzardı. Borçalının hər yeri nostalji əhval-ruhiyyə ilə doludur. Bulaqları da, dağları da, çəmənləri , yaylaqları da...hamısı gözəldi, orda bir genişlik, duruluq var. Orda insan hər mənada böyüyür. İldə 3-4 dəfə Borçalıya gedirəm. Ata ocağından sonra ən çox baş çəkdiyim məkan ilk şeirimi yazdığım yerdi. Hər dəfə gedəndə oranı, o ağaclığı ziyarət edirəm. İlk şeirimi meşəbəyiyə yazmışdım. Qış idi, meşəyə odun gətirməyə getmişdim. Meşəbəyi qarşımı kəsdi, qoymadı, dedi ki, olmaz, meşəyə yoxlama gələcək. Kor-peşman geri qayıtdım. 15 yaşım olardı onda. İndi arzulayıram ki, kaş yaşımın o vaxtı olaydı... Həmin anları yaşayaydım. Hiss edirəm ki, indi xarakterimdə, təbiətimdə, dünyagörüşümdə dəyişikliklər var, onların hamısı doğulduğum vətənlə bağlıdır. Dəyişiklik bundan ibarətdir ki, insan yaşa dolduqca, doğulduğu yeri daha çox istəyir, böyüdüyü torpağa daha çox can atır. Mən indi daha çox Borçalıda olmağı arzulayıram, yenə oraya qayıtmaq, uşaq olmaq istəyirəm. Məkan anlayışı mənim üçün hər zaman müqəddəs olub. Həmişə Məkkəni, İstanbulu, Konyanı, Təbrizi, Bağdadı, Hələbi, Şamı, dünyanın ən müqəddəs yerlərini yuxularımda görürdüm, maraqlı burasıdır ki, sonra o şəhərlərin hamısını həyatda gördüm, oralarda oldum. O şəhərlərin hamısı gözəldi. Amma

mənim ruhumun, yuxularımın, sazımın, sözümün şəhəri Təbrizdi...

Təbrizdə mənimlə bağlı film çəkiləndə küçədə kim görsə, deyirdi, bu ki Zəlimxan Yaqubdu... Yaxınlaşıb öpüşüb-görüşürdülər. Bir ay Təbrizdə qaldım, bəlkə 3 min adam ziyarətimə gəldi. Məni ordasazın Atatürküadlandırdılar, ürəyim dağa döndü. Bu cür sevgiylə lap yüz il yaşamaq olar... Təbriz hər şeyizarafatları, gülməcələri, dodaqqaçdıları, sazı, sözü ilə o qədər doğmadır ki... Orda olanda elə bildim, Borçalıda, Kəpənəkçidəyəm. Gözəl şəhərlər,ölkələr çoxdur, lap çoxdur, amma dünyanın ən gözəl yeri belə, Təbrizə çata bilməz. Çünki o gözəl görünənlər doğma deyil, yaddı, soyuqdu... Amma Təbrizdə kimlə istəsən,  yolun ortasındaca danış, dərdləş... O da ağlayacaq, sən ağlayacaqsan... Təbrizdə ağlamamaq mümkün deyil... Orda mənim ağlamadığım gün olmurdu. Məni ayrılığımız ağladırdı. Təbrizin, Arazın, Bakının günahı var? Niyə biz ayrı düşməliydik? Mən bu fikirdəyəm ki, indinin şairi göz yaşıyla yoğrulub. Onun mayasında, xəmrəsində göz yaşı var. qədər ki, Təbrizdən ayrıyıq, o yaşlar qurumayacaq, o ağrı kəsməyəcək...O ağrılar, o dərdlər məni xəstə elədi...

Valideynlərim mənim üçün peyğəmbərdi

Uşaqlıq yaddaşımda qalan ən parlaq xatirə atamın müəllimliyidir. Riyaziyyat müəllimiydi. Amma ədəbiyyatı çox oxuyurdu. Atam hər dəfə məktəbə gedəndə elə bilərdin ki, əsgər döyüşə gedir. Bir dəqiqə gecikməzdi. Müəllimliyi gözəl idi. Bir dəfə məktəbdə bir hadisə olmuşdu, xoşuna gəlməmişdi, həmin gün ərizəsini yazıb işdən çıxdı. Dedi ki, mən məktəbi Məkkə bilirəm, bu hadisədən sonra orda işləyə bilmərəm. Anam Güllü özü bir xəzinədi. Kəndə gedəndə anamla çox dərdləşirəm, çox müdrik qadındı. Şifahi xalq ədəbiyyatını, xüsusən bütün bayatılarımızı əzbər bilir. Mən ondan çox şey öyrənmişəm. O, söhbət edəndə inanmazsınız ki, danışan savadsız bir qadındı. O qədər gözəl danışır. Daha çox öz atasından söz açır... Atasınımenşevikadıyla 1937-ci ildə sürgün eləyiblər. Bir yerdə olanda öz uşaqlığından, bizim uşaqlığımızdan, gəncliyimizdən, bizi necə böyütməyindən danışır. Anam Bakıya tez-tez gəlir, elə bil onda Borçalını da özü ilə gətirir...

Ədəbiyyat təmiz, duru, bakirə, hamının sevdiyi müqəddəs bir varlıqdır

Səmavi kitablardan başlamış bəşəriyyətin böyük dahilərinin yazdığı kitabların hamısı bir-birindən əzizdir, qiymətlidir. Amma elə ki, şou zəmanəsi gəldi, məhv elədi hər şeyi. Şou bizim mədəniyyətimizin evini yıxdı. Burada birinci zərbə ədəbiyyata dəydi. Elə bil birdən-birə gəlib bir boşluğa düşdük, məəttəl qaldıq ki, bu dövrdür, zamandır? Təəssüflər olsun ki, bir ara kitaba maraq azaldı. Gənclər mütaliədən uzaqlaşdılar. Bu da adama çox ağır gəlir. Mən orta məktəbdə oxuyanda bəlkə 200 ədəbiyyat oxumuşdum. Bizim ideallarımız vardı, “Koroğlunu oxuyanda, Koroğluya, “Dəli Kürü oxuyanda Cahandar ağaya, Hüqonu oxuyanda Jan Valjana bənzəmək istəyirdik ilaxır. Böyük şəxsiyyətlər bizim üçün örnək idi, onlardan öyrənirdik. Məsələn, mən deyirdim ki, böyüyəndə Aşıq Ələsgər, Səməd Vurğun olacam. Yəni o ilhamla, o məhəbbətlə, o həvəslə yaşayırdıq. Gündüz oxuyurdum, gecə yuxumda görürdüm onları... Mən yuxulara çox minnətdaram. Dəfələrlə Aşıq Ələsgəri, Səməd Vurğunu yuxumda görmüşəm. Onların hər biri insana böyüklük, qüdrət, qüvvət aşılayan sənətkarlardı. Bəlkə dünyanın nadir hadisəsidir ki, Aşıq Ələsgəri, Səməd Vurğunu, Hüseyn Arifi, Hüseyn Kürdoğlunu az qala əzbər bilirəm.  Ümumiyyətlə, ədəbiyyatımızın dili, ruhu gözəl olan dəyərli şair yazıçılarını əzbər bilirəm. Onlar biziböyüdüb”, püxtələşdirib, onlar çox qiymətli insanlardı. Ümumiyyətlə, dünyada insandan dəyərli var? Nəsimi demişkən, mən insanda Allahı görürəm. İnsanın simasında bütün yaradılışı görmək mümkündü. Mən həddindən çox həyata, insana vurğun adamam, amma bununla belə, indi yuxularımda daha çox ölümü görürəm.

Yuxularımda gördüyüm ölümün şəkli var...

Bir görürsən, başdan-ayağa geyimdə gəlir dayanır qapının ağzında... Deyir, mən ölüməm, gəlmişəm. O ölüm Əli Kərimə , Məmməd Araza da, Xəlil Rzaya da, Cabir Novruza da, Tofiq Bayrama da, Xudu Məmmədova da, İsa Muğannaya da gəlib, bizim başqa şair dostlarımıza da... Yəni, bunun özünə təbii baxmaq lazımdır. Bu adını çəkdiyim çəkmədiyim o qədər qiymətli söz adamlarımız olub ki... İndi var... Onlar gecə-gündüz şeirlə, poeziya ilə yanırdılar. Biz onlardan od, yanğı götürürdük. Məndə o yanğı hələ qalır. Bu gün var, öləndə olacaq. Çünki məni yaşadan o yanğıdır. O yanğı olmasa, mən bir gün yaşaya bilmərəm. Bütün kitablarım, ürəyim yanğıdır. Saçımdan-dırnağıma varlığım yanğıdır. Mən o yanğıyla, doğma dilimizin gözəlliyi ilə Zəlimxan Yaqub olmuşam. Amma indi bəzi gənc yazarlar dilimizi elə korlayırlar ki, baxıb dəhşətə gəlirsən ki, bu, Azərbaycan dilidirmi? Azərbaycan dili beləmi olur? Dilimizi o kökə salanlar heç olmasa, bircə dəfə İsa Muğannanı oxuyalar... İsa Hüseynov sirri açılmayan bir dünya idi, sirri açılmamış da getdi bu dünyadan. Son dövrlərdə yazdığım şah əsərimi Muğannaya həsr eləmişəm.

Keçmişə qayıdanda əvəzsiz dostları xatırlamamaq mümkündürmü? Xudu Məmmədovla möhkəm dost idik. Elə gur səsi, xüsusi natiqliyi yox idi, astadan, qırıq-qırıq danışardı. Amma hər cümləsinin bir ton ağırlığı vardı. Vətən təəssübkeşliyinin, vətəndaş qeyrətinin  simvolu idi Xudu Məmmədov... Ürəyində Qarabağ dərdi köçdü bu dünyadan... Xatırlayıram, bir dəfə Universitetdə Şah İsmayıl Xətainin növbəti yubileyi keçirilirdi. Hamımız ordaydıq, Xudu Məmmədov da ordaydı. Birdən əlini qaldırıb söz istədi (təvazökar idi, çox danışmazdı, amma orada məcbur oldu sözünü desin). Qalxıb dedi ki, ay yoldaşlar, (həmişə belə müraciət edərdi, “ay yoldaşlarxitabını çox işlədərdi) deyirlər, dünyanın 7 möcüzəsi var. Mən isə deyirəm ki, dünyanın səkkiz möcüzəsi var. 8-ci möcüzə  Azərbaycan tarixçilərinin, alimlərinin Azərbaycan tarixinə biganəliyidir. Elə bil zala  bomba düşdü. Aləm qarışdı bir-birinə. Bizim bax belə, çox qiymətli ziyalılarımız var idi. Təəssüf ki, indi onlardan lap az qalıb.

Allaha minnətdaram, mənə istədiyim həyatı yaşatdı

Çox şey bəxş etdi. Bakı mənə qiymətli dostlar qazandırdı. Yazıçılar, şairlər, alimlər, ziyalılar hamısı mənim əzizim oldu. Almaniyada müalicə olunuram. Prezidentimizə çox minnətdaram, mənə böyük qayğı göstərir. Yəni, o cür qiymətli adamlar məni qiymətli elədilər. gözümü açanda gördüm ki, mən bir Zəlimxan Yaqub olmuşam...Məni Zəlimxan eləyən həm saz oldu. Sazın bütün havaları gözəldi, müqəddəsdi. Saz xalqımın varlığıdı, sazla yaşayıram, sazla nəfəs alıram. Saz ruhumdu, nəfəsimdi, canımdı, mən sazla danışıram, pıçıldaşıram, dərdləşirəm... Mənim üçün saz qədər əziz ola bilər? qədər saz var, mən varam. İstərdim ki, saz deyəndə Zəlimxan Yaqub, Zəlimxan Yaqub deyəndə saz yada düşsün...

 





27.10.2014    çap et  çap et