525.Az

Keçmişdən bu günə: Azərbaycan-Özbəkistan dostluğu


 

PREZİDENTİN DÖVLƏT SƏFƏRİ İKİ ÖLKƏ ARASINDA MÜNASİBƏTLƏRİN DAHA DA DƏRİNLƏŞMƏSİNƏ TÖHFƏ VERƏCƏK

Keçmişdən bu günə: <b style="color:red"> Azərbaycan-Özbəkistan dostluğu</b>

Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Xalqlarımızı oxşar milli adət-ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz "Xəmsə"sini Nizami Gəncəvinin "Xəmsə"sindən ilhamlanaraq qələmə alıb.

Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün də on minlərlə azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.

Bu gün Azərbaycan-Özbəkistan münasibətləri sıx dostluğa, qardaşlığa əsaslanmaqla, yüksək səviyyəsinə çatıb. Bu münasibətləri tarixi bağlar daha da möhkəmləndirir. Azərbaycan-Özbəkistan münasibətləri iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində demək olar ki, bütün sahələrdə artan templə inkişaf etməkdədir.

Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə yaradılıb. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin may ayında Özbəkistanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb.

İkitərəfli münasibətlərin inkişafında şübhəsiz ki, dövlət başçılarının səfərləri xüsusi əhəmiyyətə malikdir. Son illər Azərbaycan və Özbəkistan liderlərinin bir sıra qarşılıqlı səfərləri həyata keçirilib. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, aparılan müzakirələr, imzalanan sənədlər təbii ki, münasibətlərin daha da inkişafında, dostluğun möhkəmlənməsində yeni səhifə açacaq.

Ümumiyyətlə, iki ölkə arasında səfərlər hər zaman dinamik olub. Bu mənada Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana  1996-cı ilin mayında ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər ərzində iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən, "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb.

Sabiq Prezident İslam Kərimov dövlətlərimiz və xalqlarımız arasında mədəni əlaqələrə toxunaraq deyib ki, Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, Azərbaycan paytaxtının küçələrindən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələridir.

Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli lider Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.

1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Ölkələrin Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Ulu öndər tədbirdə çıxışında bildirib ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir. Heydər Əliyevin 1997-ci ildə Özbəkistana rəsmi səfərini münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Ümumiyyətlə, Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub.

Hazırda dövlətlərimiz arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Xüsusilə 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından məhsuldar olub. Məhz həmin il Prezident İlham Əliyev Özbəkistana üç dəfə səfər edib. Bu, Azərbaycan liderinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir.

Ötən il noyabrın 8-də isə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olub. Bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.

Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də bu ölkəyə dövlət səfəri zamanı "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" imzalanıb. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə tərəflərin keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdikləri ifadə olunub. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Həmçinin 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib.

Şavkat Mirziyoyevin ötən il avqustun 22-23-də yenidən Prezident seçilməsindən sonra ilk dövlət səfərini Azərbaycana etməsi iki qardaş ölkənin münasibətlərinin tarixində yeni səhifə açdı. Bu səfər zamanı imzalanan sənədlər və yol xəritələri Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə və çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Özbəkistan lideri işğaldan azad edilmiş ərazilərə - Füzuliyə və Şuşaya səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfəsinin və dəstəyinin daha bir göstəricisi oldu.

Füzuli şəhərində Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə özbək xalqının hədiyyəsi olaraq tikilmiş 960 şagird yerlik təhsil ocağının açılışı Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının rəmzinə çevrilib. Eyni zamanda, səfərlər zamanı imzalanan sənədlər energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar və s. sahələrdə münasibətlərimizin inkişafında çox vacib rol oynayır. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dan çox sənəd, o cümlədən, strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əlaqələr üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, ümumilikdə Mərkəzi Asiya ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

Vaxtilə Ulu öndər Heydər Əliyev demişdir ki, "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin".

Bu gün artıq əminliklə demək olar ki, iki ölkə arasında etibarlı, güvənli, sıx dostluq münasibətləri qurulub. Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də mühüm rol oynayır. Bu baxımdan Azərbaycanın dövlət başçısının səfəri iki ölkə arasında əməkdaşlığın və strateji tərəfdaşlığın inkişafı və qarşıya qoyulan hədəflərə çatmaq baxımından önəmlidir.

İqtisadçı Vüqar Bayramov hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcək: "Bütövlükdə, son illər Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərinin strateji münasibətlərinin daha da dərinləşməsi müşahidə olunur. Eyni zamanda, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında əlaqələr və eləcə də iqtisadi inteqrasiya meylləri daha güclənməkdədir".

Onun sözlərinə görə, pandemiyadan sonra ölkələr arasındakı ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 2023-cü ildə 178.7 milyon dollara çatıb. 2018-ci il ilə müqayisədə isə ticarət dövriyyəsi 4 dəfə artıb: "Bu da tərəflər arasındakı strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri Təşkilatının üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm enerji sahəsində yeni starteji əməkdaşlıq potensialına malikdirlər. Digər tərəfdən, Azərbaycan və Özbəkistan müxtəlif sahələr üzrə təcrübə mübadiləsi də həyata keçirmək imkanlarına malikdirlər. Özbəkistan aqrar sektorda strateji məhsulların istehsalı sahəsində xüsusi üstünlüyə malik olan ölkələrdəndir. Bu baxımdan, Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir. Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı, birgə sərmayə qoyuluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəlxalq qurumlarda, o cümlədən, Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşdırıb".

İqtisadçı əlavə edib ki, Özbəkistan Füzuli şəhərində müasir standartlara uyğun orta məktəb inşa etdi. Artıq həmin məktəbdə Füzuli şəhər şagirdləri beynəlxalq standartlara uyğun təhsil ala bilirlər: "Bu isə tərəflərin, həmçinin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir.

Türk dövlətləri arasındakı strateji münasibətlər inkişaf edir və daha da dərinləşir. Bu, Azərbaycan-Özbəkistan münasibətlərində özünü bir daha təsdiq etməkdədir".

 

 





26.08.2024    çap et  çap et