Son günlər Ukrayna mediasında və sosial şəbəkələrində antiazərbaycan kampaniyasına başladılıb. Buna səbəb Rusiya Prezidenti Vladimirin Putinin avqustun 18-də Azərbaycana dövlət səfəri və SOCAR-la “Qazprom” arasında planlı strateji tərəfdaşlıq razılaşmasının əldə olunmasıdır. Azərbaycana qarşı qara piar aparanlar SOCAR-ın yanacaqdoldurma məntəqələrinin boykot edilməsinə də çağırış edirlər.
Məlumdur ki, Azərbaycan hər zaman Ukraynaya dost ölkə kimi yanaşıb, müharibə başlayandan isə özünün humanitar dəstəyini əsirgəməyib. Eyni zamanda, SOCAR da öz yardımını göstərib, təcili yardım, yanğınsöndürən maşınlarını yanacaqla təmin edib. Həmçinin, rəsmi Bakı hər zaman ərazi bütövlüyü məsələsində Ukraynaya birmənalı dəstək verib. Azərbaycan xalqı da Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirərək, öz dəstəyini ifadə edib.
Amma son günlər Ukraynada aparılan kampaniya onu göstərdi ki, bütün bu dəstəyi, həmrəyliyi, yardımları görməzdən gələnlər də var. Hətta Azərbaycan dövlətinin işlərinə qarışacaq qədər özlərində cəsarət tapırlar. Belə olan halda, vaxtilə eyni situasiyada olan, yəni əraziləri işğal edilmiş Azərbaycanla bağlı Ukraynanın hansı mövqedə olduğunu xatırlatmağa ehtiyac yaranır.
Birincisi, nə Qarabağ münaqişəsinin mövcud olduğu dönəmdə, nə müharibə günlərində, nə ondan sonra Kiyev Azərbaycanın haqq işinə lazımi dəstək verməyib, yalnız ümumi bəyanatlar verməklə kifayətlənib.
İkincisi və ən əsası Azərbaycanın xarici siyasəti ilk növbədə dövlətin maraqlarına söykənir. Yəni Bakı öz siyasətini kənar ölkələrin deyil, özünün maraqlarına uyğun olaraq müəyyənləşdirib həyata keçirir.
Bakıya qarşı əsassız ittihamlar irəli sürənlər bir məqamı da unutmamalıdırlar ki, Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, müstəqil xarici siyasət aparır, heç bir tərəfin diktəsi ilə hərəkət etmir, böyük güclərin oyunlarında yer almır. Nəhayət, Azərbaycanın heç kəsə borcu yoxdur, kiminsə qarşısında hər hansı öhdəliyə sahib də deyil.
Torpaqlarımız 30 il ərzində erməni işğalı altında olduğu zaman heç kəsdən, o cümlədən, Ukraynadan hansısa əməli dəstək görmədik. Ukrayna Azərbaycana qarşı işğal, soyqırımı və etnik təmizləmə aktlarına susub, Ermənistanın ünvanına hər hansı sərt bəyanatlar, tələblər irəli sürməyib. Əvəzində Azərbaycan torpaqlarının işğalında və Xocalı soyqırımında birbaşa şəxsən iştirak etmiş cani Serj Sarkisyan Ukraynaya səfər edib, bu ölkənin rəhbəri ilə görüşüb. Bakı buna isterik reaksiya verməyib. Çünki Ukraynanın Azərbaycana görə öz xarici siyasətini qurmaq kimi öhdəliyi yox idi, necə ki, bu gün Azərbaycanın belə bir öhdəliyi yoxdur.
Ukrayna hansısa dövləti ittiham edəndə öz yanaşmasını, siyasətini də nəzərdən keçirməlidir. Azərbaycan Qarabağda separatçı xuntanın kökünü kəsib, beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində dövlət suverenliyini bərpa etmək üçün antiterror tədbirləri həyata keçirəndə bir çox ukraynalı jurnalistlər, politoloqlar, şərhçilər və s. sosial şəbəkələrdəki səhifələrdə Azərbaycana qarşı belə çirkin kampaniya aparırdılar. Ona görə də başqasından nəsə umanda, öz əməllərini də gözdən keçirmək lazımdır.
Digər tərəfdən, Azərbaycan və Rusiyanı tarixi əlaqələr birləşdirir. Bu gün iki ölkə arasında heç bir dərin ziddiyyət yoxdur. Azərbaycanla Rusiya bir sıra sahələrdə möhkəm əməkdaşlığa malikdirlər. Rusiya təkcə öz regionunun deyil, həm də dünyanın aparıcı dövlətlərindən biridir, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Və SOCAR-ın “Qazprom”la razılaşmasına görə Azərbaycan şirkətinə qarşı kampaniyaya başlamaq isə tamamilə absurddur. Çünki Ukrayna Rusiya ilə müharibə vəziyyətində ola-ola öz ərazisindən Rusiya qazının tranzitini dayandırmayıb və buna görə pul alır. Belə təcrübəyə heç bir müharibədə rast gəlinməyib. Bu gün Kursk ərazisindəki Sudja qazölçmə stansiyası ukraynalıların nəzarətinə keçəndən sonra da qaz nəqli davam edir. Ukraynada SOCAR-ı boykot etmək istəyirlərsə, SOCAR günü bu gün bütün aktivləri satıb oranı tərk edə bilər. Oradakı bazar da SOCAR üçün elə də önəmli deyil.
Azərbaycan heç vaxt etdiyi yaxşılığı xatırlatmağı xoşlamır. Amma elementar “sağ ol” əvəzinə bu cür absurd ittiham və iddiaları da haqq etmir. Azərbaycan Ukraynanın bərpasında da iştirak edir, İrpen şəhərinin bərpasını, bu ölkənin enerji avadanlığı ilə təminini də yada salmaq lazımdır. Bütün bunların əvəzində Azərbaycan Ukraynadan bu cür “təşəkkür” eşidəcəyini yəqin ki, təsəvvür belə etmirdi.
Ukrayna hakimiyyətinin Azərbaycana qarşı bu qarayaxma kampaniyanı sakit izləməsi də suallar yaradır. Halbuki bu gün hərbi şəraitdə Ukrayna mediası tam nəzarət altında və senzuradadır. Bu o anlama gəlirmi ki, başlanan kampaniyanı elə hakimiyyət özü təşkil edib?
Nəhayət, Prezident İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə Prezident Volodimir Zelenskiyə avqustun 24-də ünvanladığı təbrik məktubunda qeyd olunub ki, ərazi bütövlüyü və suverenlik məsələlərində BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanla Ukrayna qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər: “Biz dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərmək üçün hər cür səy göstərmək niyyətimizi ifadə edirik”.

Milli Məclsin VI çağırış deputatı, politoloq Rasim Musabəyov mövzu ilə bağlı bildirib ki, Ukrayna sosial şəbəkələrində və bəzi KİV-lərdə Azərbaycana qarşı gülünc xəyanət ittihamları səslənir, SOCAR-ın yanacaqdoldurma məntəqələrini boykot etməyə çağırışlar edilir. Bütün bunlar Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri və Rusiya qazının Avropaya tranzitinin saxlanmasında, o cümlədən, Ukrayna qaz nəqli sistemindən istifadə etməklə ölkəmizin vasitəçilik imkanları ilə bağlıdır: “Amma ukraynalılar əsas şeyi bir kənara qoyub, öz ölkələri üçün ikinci dərəcəli məsələyə diqqət yetirirlər. Axı, az-çox səriştəli ekspertlərə aydındır ki, Rusiya qazının tranziti olmasa, onsuz da deqradasiyaya uğrayan Ukrayna qaz nəqli sistemi sadəcə olaraq dağılacaq və torpağa basdırılmış paslanmış metal qırıntıları yığınına çevriləcək. Avropa İttifaqı, Almaniya və ABŞ-dan nağd pul inyeksiyaları gələnə qədər bir milyard dollar tranzit gəliri Ukrayna üçün ikinci dərəcəli görünür. Lakin onlar əbədi deyillər. Azərbaycana gəlincə, ukraynalılar bizdən xahiş etsinlər ki, Rusiya qazının onların ərazisindən tranzitində vasitəçi kimi çıxış edək. Hər il biz öz qazımızın Avropa bazarına nəqlini artırırıq. Rusiya və ya Türkmənistandan sərfəli təkliflər olsa, ala bilərik. Rusiya qazının Ukrayna ərazisindən tranzit yükünü öz üzərinə götürmək o qədər də cəlbedici deyil, çünki bu, az gəlir və çoxlu başağrısı vəd edir”.
Politoloq əlavə edib ki, davam edən qanlı müharibə şəraitində Ukrayna dövlət müstəqilliyinin elan edilməsinin 33-cü ildönümünü qeyd edib. Bir çox ölkələrin, o cümlədən, Cənubi Qafqazın liderləri Ukrayna Prezidenti Zelenskiyə təbrik mesajları göndəriblər: “Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Salome Zurabişvili Ukraynanın ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiklərini bildiriblər, Ermənistanın Baş naziri Nikol Paşinyan isə məsələyə səssiz qalıb. Bu, qərbyönlü şəxsiyyətin bütün şöhrəti ilə mövqeyi budur”.
çap et