525.Az

Fransızsayağı rəzalət


 

"DUROVUN HƏBSİNİN ARXASINDA VAŞİNQTON DAYANIB"

Fransızsayağı rəzalət<b style="color:red"></b>

Teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durovun avqustun 24-ə Parisin Le Burje hava limanında saxlanılması neçə gündür ki, dünya gündəmini zəbt edib. Fransada axtarışda olan şəxslər siyahısına daxil edilən Durov 12 cinayət törətməkdə ittiham olunur. Belə ki, o, uşaq pornoqrafiyasının yaradılması və yayılmasında, narkotik vasitələrin satışında, qanunsuz əməliyyatlara şərait yaratmaqda, məlumat verməkdən imtinada, cinayət sövdələşmələrində iştirakda ittiham olunur.

Məlumata görə, ona qarşı cinayət işi iyulun 8-də açılıb. Saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Durovun saxlanılma müddətinin avqustun 28-dək uzadılması barədə qərar verilib.

Durovun saxlanılmasının əsl səbəbləri beynəlxalq mediada ciddi müzakirə olunur. Bir sıra tanınmış şəxslər, siyasətçilər Fransanı sərt tənqid edir, onun azadlığa buraxılmasını tələb edirlər. Həbsin detallarına, səbəbləri ilə bağlı səsləndirilən müxtəlif versiyalara keçməzdən əvvəl sahibkar barədə bəzi məlumatları diqqətə çatdıraq.

Pavel Durov 1984-cü ildə Leninqradda (Sankt-Peterburq) ziyalı ailəsində anadan olub. Atası Valeri Durov filologiya elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin klassik filologiya kafedrasının müdiridir, anası da eyni universitetdə çalışıb. Durov həyatının ilk illərini atası universitetdən göndəriş aldığı İtaliyada keçirib. Rusiyaya qayıtdıqdan sonra Sankt-Peterburq Dövlət Universitetinin Akademik Gimnaziyasına daxil olub. Artıq orta məktəbdə Pavel proqramlaşdırma və müxtəlif virtual layihələrlə maraqlanmağa başlayıb. Kompüter texnologiyasına marağına baxmayaraq, orta məktəbi bitirdikdən sonra Sankt-Peterburq Universitetinin ingilis filologiyası fakültəsinə qəbul olunuib. Təhsil aldığı müddətdə dəfələrlə fəal və akademik uğur qazanan tələbələrə verilən mükafatın laureatı olub. Pavel universiteti fərqlənmə diplomu ilə bitirib. O, 2014-cü ildə Sent Kits və Nevis Federasiyasının (Karib adaları) vətəndaşlığını alıb. 2021-ci ildə Fransa, bir il sonra isə BƏƏ vətəndaşı olub.

2013-cü ilin avqustunda Durov yeni layihəni - teleqram-ı işə salıb. Bu, açıq mənbəli və xüsusi şifrələmə sisteminə malik pulsuz bir messencerdir. Sosial şəbəkənin təşviqində şəxsi məlumatların və yazışmaların təhlükəsizliyi əsas diqqət mərkəzində olub. Durov dəfələrlə rəqiblərini istifadəçilərin şəxsi məlumatlarını izləməkdə və yaymaqda günahlandırıb.

O, ilk dəfə 2016-cı ildə "Forbes"in ən zəngin ruslar siyahısına daxil olaraq, 0,6 milyard dollar xalis sərvəti ilə 135-ci yeri tutub. İki il sonra teleqram yaradıcısının sərvəti 1 milyard dolları keçərək 1,7 milyard dollar təşkil edib. 2018-ci ildə "Fortune" jurnalı onu biznesdəki ən nüfuzlu gənclər siyahısına daxil edib. Teleqram-ın ilk dəfə öz istiqrazlarını buraxması və bazarda 1 milyard dollar cəlb etməsi səbəbindən qiymətləndirmə artıb. 2022-ci ildə Durov ilk dəfə Rusiyanın ən varlı adamları siyahısında üçüncü yerə yüksəlib, onun sərvəti 15,1 milyard dollar qiymətləndirilib. Bir il sonra, "Forbes" Durovu Rusiyanın ən yoxsul milyarderi adlandırdı. Çünki bir il ərzində o, 3,6 milyard dollar itirib, sərvəti 11,5 milyard dollara düşüb və "Forbes"in ən varlı adamları reytinqində 148-ci olub.

2024-cü ildə teleqram-ın qurucusu Rusiyada sıralamada onuncu yerdən səkkizinci yerə yüksəlib. Onun sərvəti 4 milyard dollar artaraq 15,5 milyard dollara çatıb.

Hazırda Fransada saxlanılan və barəsində ağır ittihamlar irəli sürülən Durovla bağlı bir çox siyasətçilər, iş adamları azadlıq çağırışları edirlər. Onun saxlanılması söz azadlığına növbəti hücum kimi qiymətləndirilir.

Amerikalı milyarder İlon Mask "FreePavel" həştəqi ilə Pavel Durovun azadlığa buraxılmasına çağıran sosial şəbəkə istifadəçilərini dəstəkləyib.

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo isə bildirib ki, Fransa teleqram-ın təsisçisi Pavel Durovu Paris hava limanında saxlamaqla özünün tiran mahiyyətini bütün dünyaya nümayiş etdirdi: "Bu, çox ciddi məsələdir. Fransa dünyaya özünün tiran mahiyyətini nümayiş etdirdi. Avropa İttifaqının Rəqəmsal Xidmətlər Senzurası Qanunu (DSA) Fransada söz azadlığının getdikcə daha amansız repressiyaya məruz qalmasına təkan verir. Görəsən, "X" sosial şəbəkəsinin sahibi İlon Mask da Fransaya gəlsə, eyni şəkildə saxlanılıb həbs oluna bilərmi?"

ABŞ-nin Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden teleqram-ın təsisçisi Pavel Durovun Parisdə saxlanmasını söz azadlığı hüququna qəsd, Fransa və bütün dünya üçün rüsvayçılıq adlandırıb: "Durovun həbsi əsas insan hüquqlarına, söz və birləşmək azadlığına hücumdur. Fransa Prezidenti Emmanuel Makronun şəxsi mesajlara çıxış yolu kimi girov götürmə səviyyəsinə enməsi məni təəccübləndirir və dərindən kədərləndirir. Bu, təkcə Fransa üçün deyil, bütün dünya üçün rüsvayçılıqdır".

Yeri gəlmişkən, prezident Emmanuel Makron Pavel Durovun saxlanılmasının siyasi olmadığını iddia edir: "Mən burada Pavel Durovun saxlanılmasından sonra Fransa ilə bağlı yalan məlumat oxuyuram... Teleqram rəhbərinin Fransa ərazisində saxlanılması davam edən hüquqi araşdırma çərçivəsində baş tutub. Bu, heç bir halda siyasi qərar deyil. Qərar vermək hakimlərin işidir".

İstənilən halda, Durovun həbsinin siyasi olduğu, hətta işin arxasında ABŞ-nin dayandığı, Fransanın da məhz Vaşinqtondan tapşırıq almasına dair ehtimallar artıq özünü doğrultmaqdadır. Durov barədə ittihamların əsassız olduğu gün kimi aydındır. Onun saxlanmasında siyasi məqsədi iş adamını sövdələşməyə inandırmaqdır. Pavel Durov heç bir kəşfiyyat xidməti ilə əməkdaşlıq etmək istəməməsi ilə dünyada məşhur idi və teleqram-ın uğurunun səbəblərindən biri də bu idi. Analitiklərə görə, ən böyük kommunikasiya platformalarından birinin təsisçisinin həbsi təkcə söz azadlığına təzyiq deyil, həm də Rusiyaya qarşı hibrid müharibənin yeni mərhələsidir.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də Durovun saxlanmasının arxasında Vaşinqtonun dayandığını açıqlayıb. Onun sözlərinə görə, ABŞ-nin hazırkı prezidenti Co Bayden prezident seçkilərinə qədər messencerə nəzarəti ələ almaq istəyir: "Teleqram ABŞ-nin heç bir təsiri olmayan azsaylı və eyni zamanda ən böyük internet platformalarından biridir. Həmçinin onları maraqlandıran bir çox ölkələrdə fəaliyyət göstərir".

Rusiyalı rəsmi hesab edir ki, əksər qlobal şəbəkələr Amerika mənşəlidir və ABŞ onlara asanlıqla nəzarət edə, təsir göstərə bilir. Dövlət Departamentinə və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məlumat çatdırmaq üçün teleqram ilə də eyni şeyi etmək istəyirlər, lakin indiyədək bu, mümkün olmayıb. Bunun fonunda onlar Durovu Fransa vasitəsilə ondan çox cinayətdə ittiham etməyə çalışırlar.

Volodin xatırladıb ki, Durovun heç vaxt Birləşmiş Ştatlar haqqında hansısa illüziyası olmayıb və onları polis dövləti adlandırıb. O, həmçinin ABŞ Federal Təhqiqat Bürosu və kəşfiyyat orqanlarının şəxsən ona və şirkətə həddindən artıq təsir etdiyini bildirib: "Teleqram-ın aktiv fəaliyyət göstərdiyi və inkişaf etdiyi dövlətlər baş verənlərin mahiyyətini anlamalı və özləri qərar verməlidirlər: onlar istəyirlər ki, Vaşinqton bu platformanı da nəzarətdə saxlasın, yaxud onun işi ABŞ-nin siyasi maraqları naminə tənzimlənməməlidir".

Alman politoloq Eyk Hamer hesab edir ki, Teleqram platformasının təsisçisi Pavel Durovun Fransada həbsi özbaşınalıqdır: "Vətəndaşların hüquqları var, bu, bizim bütün əməkdaşlığımızın əsasını təşkil edir. Vətəndaşı həbs etməmişdən əvvəl məhkəmə iclası olmalıdır, bu, normaldır, Durov məsələsində isə bu, baş verməyib. Bu vəziyyət onu göstərir ki, Fransada, görünür, özbaşınalıq baş alıb gedir. Durov cinayət törətməyib, o, sadəcə olaraq Avropa İttifaqının və ABŞ-nin cinayətkar maxinasiyalarına uymayıb, onların əleyhinə danışıb və deyib ki, "Nə qədər ki, insanlar qanunsuz heç bir iş görmürlər, şərhləri silməyə ehtiyac yoxdur". Rəylərə bu cür senzura çox baha başa gəlir və votsap bunun üçün ciddi məbləğ ödəyir. Eyni zamanda, demək olar ki, bütün Aİ ölkələrinin əsas qanunları ilə fikrin senzurası tamamilə istisna edilir. Hamı deyir ki, söz azadlığını qorumaq lazımdır, amma biz burada tam ziddiyyət görürük. Fransanın işlək hüquq sisteminin olub-olmaması bilinmir. Əgər Fransanın artıq işlək bir hüquq sistemi olmadığı ortaya çıxsa, investorlar və turistlər üçün nəticələr çox ciddi olacaq".

Dörd pasportu olan Durovun mümkün ekstradisiyasından danışan politoloq deyib ki, belə halları başa düşmür. Lakin sahibkarın qanunsuz heç bir iş görmədiyini söyləyib: "Fransada müəyyən dərəcədə özbaşınalıq hökm sürür və əgər bu ölkə artıq qanuna və ədalətə hörmət etmirsə, o zaman ekstradisiya tələbləri heç bir nəticə verməyəcək. Əgər insanlar Fransanı hüquq dövləti kimi qəbul etməyi dayandırsalar, Aİ-nin mühüm sütunu dağılacaq. Məncə, əsas problem budur".

Onu da vurğulayaq ki, Rusiya artıq Fransaya Pavel Durovla bağlı nota göndərib. Amma onun həm də Fransa vətəndaşı olması Parisə əlavə fürsət verir. İstənilən halda, Durov qanunsuz saxlanılıb, baş verənlər özünü söz, ifadə azadlığının müdafiəçisi hesab edən ABŞ-nin, Qərbin əsl simasını bir daha ortaya qoyur. Kim ki, onlarla əməkdaşlıq etmir, onu asanlıqla cinayətkar elan edirlər. ABŞ və Qərb "demokratiya"sının "özünəməxsusluğu" da elə budur. 

 

 





28.08.2024    çap et  çap et