525.Az

Böyük güclərin yanlışları


 

Böyük güclərin yanlışları<b style="color:red"></b>

Anar TURAN

 

Böyük Çin mütəfəkkiri Sun Tzunun "Hərb sənəti" əsərində belə bir əhvalatdan bəhs edilir: Bir zamanlar bir Çin soylusu üç loğman qardaşın ən kiçiyindən aralarında hansı qardaşın daha üstün olduğunu soruşur. O, ən böyük qardaşın xəstəliyin ruhunu görə bildiyini və ortaya çıxmadan onu yox etdiyini, bu səbəbdən də onun şöhrətinin evin divarlarını aşmadığını söyləyir. Ortancıl qardaşın xəstəlikləri yarandıqdan sonra müalicə edərək yox etdiyini, şöhrətinin məhəllə hüdudlarını keçmədiyini, özününsə xəstənin damarlarını açdığını, müalicə üsulları hazırladığını, masaj etdiyini və buna görə də hər yerdə tanındığını deyir. Sonra kiçik qardaş Çin soylusundan soruşur: İndi hansımız daha üstünük?

Sun Tzunun "Hərb sənəti" əsərində verilən bu əhvalatdan bir daha aydın olur ki, ölkələr üçün ən böyük uğur və qabiliyyət problemin ortaya çıxmadan həll edilməsi məziyyətidir. Müharibə isə dövlətlərin nəticə əldə etmək üçün istifadə etməli olduqları ən son vasitədir. Buna görə də bir çox ideoloqlar müharibədə qazananın olmadığı fikri üzərində dayanırlar. Müharibəyə qədər ölkələrə, onun siyasətçilərinə nüfuz etməklə və yaxud qeyri-xalqlara öz mədəniyyətini hakim etməklə həmin dövlətləri təsir altına almaq mümkün olur. Son illərdə iqtisadi blokadalar vasitəsilə də ölkələrə təzyiqlər göstərilmək siyasətinə şahidlik edirik. Burada başqa parametrlər də yox deyil. Buna görə də dövlətlər ən son nəticədə müharibə kartına əl atmağa məcbur olur.

Əgər müharibədən danışılırsa, bir şey də açıq-aydın qeyd edilməlidir. Həqiqi müttəfiqə malik olmadan heç bir dövlət müharibədə qalib gələ bilməz. Bu həqiqət iki böyük savaşda - Birinci və İkinci Dünya müharibələrində bir daha təsdiqlənib. Dövrünün ən güclüsü olan alman dövləti dünyanın qalanına qarşı nəticədə hər iki müharibəni uduzdu. Müasir dünya tarixinin ölkələrarası, eləcə də güclərarası müharibələrdə dövlətlərin diqqət mərkəzinə gətirdiyi daha bir məqamsa yenə güclü dövlətlərin birbaşa müharibəyə daxil olmasının və döyüş meydanında bayraq göstərməsinin stratejik yanlışlıq olmasından ibarətdir. Yaxın keçmişdən ABŞ-nin Vyetnamda, Əfqanıstanda, hətta İraqda yaşadıqları bu qənaəti təsdiq edir. XXI əsrdə ABŞ dövlətinin imicinə vurulan ən böyük zərbə kimi bu dövlətin qoşunlarının Talibanla mübarizədə Əfqanıstandan çıxarılmasını da nümunə kimi göstərmək olar. Məhz Birləşmiş Ştatlar bundan sonra xarici siyasətdə yeni bir strategiya hazırlayaraq maraqlı olduğu coğrafiyalarda maraqlarını müdafiə edən yerli qüvvələrlə işləməyə başlamış, hətta qeyri-amerikalı döyüşçülər (kimililərinə görə terroristlər) üzərindən vəkalət savaşlarını ön plana çıxarmışdır.

Tarix təkərrürdən ibarətdir. Tarixən Almaniyanın və ABŞ-nin yaşadıqlarını 2022-ci ildə bu dəfə Rusiya təcrübə etmiş oldu. Analitiklərə görə, dəfə Rusiya-Ukrayna müharibəsi Rusiyanı çox ciddi sınaqlarla qarşı-qarşıya qoyub. Bu gün bir çox dairələrdə "Ukrayna Rusiyanın Əfqanıstanına çevrilir?" sualı üzərində müzakirələr aparılır. Çox qısa zamanda Ukrayna torpaqlarını ələ keçirməyi planlaşdıran Rusiya nəinki bu istəyinə nail ola bildi, ölkə çoxlu itkilərlə üz-üzə qaldı, dünyada imicinə ciddi zərbələr vuruldu. Hətta bu ölkə indi ölkədaxili müxtəlif təxribatlarla mübarizə aparmaq məcburiyyətindədir. Bütün bunlar azmış kimi, Ukrayna ordusu Rusiyanın Kursk vilayətində uğurlu əməliyyatlar həyata keçirməklə müharibəni Rusiya torpaqlarına da yaymış oldu və müharibə yeni bir fazaya yüksəldi.

Əlbəttə, Rusiya Kurskda yaşananlara ən sərt reaksiyanı verəcək və Ukraynaya sarsıdıcı zərbələr endirmək istəyəcək. Bununla belə, Rusiya bu müharibənin tezliklə sonlanmasını, referendumla öz torpaqlarına qatdığı ərazilərin Rusiyanın tərkib hissəsi kimi tanınmaqla sülhə nail olunmasını arzulamaqdadır. Digər tərəfdən də Ukrayna və onun Qərb müttəfiqləri Rusiyaya sarsıdıcı zərbələr endirilməsini, müharibənin daha da uzadılmasını, hətta mümkünsə, bu dövlətin torpaqlarında bir neçə dövlətin yaradılmasını arzu edir.

İndi Rusiya-Ukrayna müharibəsində Rusiya üçün ən qəbul hesab edilə bilən variant hələlik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, "Hər iki tərəfə də böhrandan heysiyyətli çıxış imkanı verəcək məqbul, ədalətli və həyata keçirilən bilən bir diplomatik həll" yoludur. Digər tərəfdən də bəşəriyyət Birinci və İkinci Dünya müharibələri kimi yeni bir böyük savaşın yaşanması təhlükəsindən olduqca narahatdır və bütün bunların fonunda dünya nizamına yön verən dövlətlərdən, güclü liderlərdən bəsirət göstərərək ümumi evimiz olan dünyamızda sülhün bərqərar olmasını istəyir. Amma təəssüf ki, dünya güc mərkəzləri yeni geosiyasi düzən üçün mübarizəsini daha da yaymaq və kütləviləşdirməklə sülhdən uzaq olduqlarını göstərirlər. Belə olan halda sülhün üfüqdə görüldüyünü demək hələlik mümkün deyil.

NAXÇIVAN

 





28.08.2024    çap et  çap et