Xəzərdə ekoloji vəziyyət, onun sürətlə dayazlaşması ciddi narahatlıq yaradır. Dənizdə suyun səviyyəsi 2006-cı ildən bu yana davamlı olaraq azalmağa başlayıb, 2022-ci ildən isə vəziyyət kritik həddə çatıb. Ekspertlərə görə, dayazlaşma həm də iqlim dəyişikliyi ilə bağlıdır. Yəni havanın temperaturunun yüksəlməsi, yağıntıların miqdarı, onu qidalandıran çayların axınının azalması və s.
Qeyd edək ki, Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsidir, dünya okeanları ilə əlaqəsi yoxdur. Onu tez-tez Yer kürəsinin ən böyük gölü adlandırırlar.
Azərbaycan Prezidenti İlham Əliyev Xəzərin ekoloji vəziyyəti ilə bağlı məsələni hər zaman gündəmə gətirib. Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri zamanı da bu problem diqqətdə olub. Dövlət başçılarının mətbuata bəyanatlarla çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, hər iki tərəfi narahat edən məsələlər, məhz Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi aparılıb: "Danışıqlar apardığımız otağın pəncərəsindən Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdim. Biz bunu Abşeron yarımadasının bütün sahili boyu, həm də Azərbaycanın bütün sahilyanı ərazilərində müşahidə edirik. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün biz birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəldik. Yəni bu ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük".
Rusiya Prezidenti Vladimir Putin isə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşdə bu mövzuya toxunub və Xəzərin dayazlaşmasının qarşısını almaq üçün elmi təhlil aparmağı tapşırıb.
Putin bildirib ki, bu mövzunu Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edib: "Bu yaxınlarda Azərbaycanda idim. Azərbaycan Prezidenti, Xəzərin dayazlaşmasına diqqət çəkdi. İlham Əliyev Həştərxan vilayəti ilə qarşılıqlı təsir haqqında çox səmimi danışdı".
Putin Xəzər dənizinə kömək üçün yaxın gələcəkdə görülməsi zəruri olan məsələlərə toxunub, Volqa və Xəzər dənizi regionunda baş verən hadisələrin elmi təhlillərin aparılması barədə göstərişlər verib.
Onu da qeyd edək ki, 2022-ci il iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə toplantısındakı nitqində də Prezident İlham Əliyev Xəzər məsələsinə toxunub. O deyib: "Biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikik. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir.
Bu gün məhdud tərkibdə görüşdə biz xüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarlarımızla fikir mübadiləsi apardıq. Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər".
Son 500 ildə Xəzər dənizində ən aşağı səviyyə 1977-ci ildə qeydə alınıb və göstərici mənfi 29 metr təşkil edib. 1978-ci ildən Xəzər dənizinin səviyyəsi ildə orta hesabla 15 santimetr qalxmağa başlayıb və 1995-ci ildə ən yüksək həddə çatıb. Həmin vaxt dəniz səviyyəsi 1977-ci illə müqayisədə 2,50 m yüksək idi. 2006-cı ildən dənizin səviyyəsində davamlı olaraq azalma müşahidə olunur.
Bəs ekspertlər nə təklif edirlər, problemin həlli yolunu necə görürlər?
Rusiya Elmlər Akademiyasının Cənub Elmi Mərkəzinin aparıcı elmi işçisi, biologiya elmləri namizədi Vladimir Uşivtsev Rusiya mətbuatına deyib ki, alimlər Xəzər dənizinin dayazlaşmasını siklonların istiqamətinin dəyişməsi nəticəsində Volqa hövzəsində orta illik yağıntının azalması ilə əlaqələndirirlər: "Ümumiyyətlə, Xəzər dənizinin dayazlaşması bunun nəticəsidir. Səbəblər ilk növbədə iqlim dəyişikliyi ilə bağlıdır. Təxminən 20 il əvvəl Rusiyanın mərkəzi hissəsindən keçən və yağıntılarını Volqa hövzəsinin su hövzəsinə tökən Atlantik okeanından daim siklonlar alırdıq, bu sular Xəzər dənizinə tökülürdü və Xəzər dənizinin öz buxarlanma balansı, su axını var idi. Hazırda bu siklonlar daha da şimala doğru hərəkət edir, yağıntıları Moskva, Sankt-Peterburq ərazilərinə tökür və Şimal Buzlu Okeanına qarışır. İndi Volqada su qıtlığı yaranıb, çay çox dayazlaşıb və müvafiq olaraq Xəzər dənizi də dayazlaşıb".
Alimin sözlərinə görə, başqa bir siklon dövrü, Cənub siklonu da müasir iqlim reallıqlarında Volqadan yan keçərək yağıntıları Don və Dnepr drenaj hövzələrinə axıdır.
Ümumilikdə, Xəzər dənizinə 130-dan çox çay tökülür, onlardan ən böyüyü Volqa, Ural, Terek, Sulak və Samurdur. Xəzər sahilində beş dövlət var - Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran. Hazırkı vəziyyət isə bütün Xəzəryanı dövlətlər üçün SOS siqnalı olmalıdır.
Tədqiqatlar həyata keçirən elm adamları hesab edirlər ki, son illər Xəzər dənizinin səviyyəsi ildə 69 santimetr aşağı düşüb. Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Federal Tədqiqat Mərkəzinin Xəzər Bioloji Ehtiyatlar İnstitutunun baş elmi işçisi Maqomedrasul Maqomedova görə, belə davam edərsə, 75 ildə Xəzər 5 metrdən 18 metrə qədər dayazlaşa bilər: "Əgər o, hətta on metr də dayazlaşarsa, demək olar ki, bütün Şimali Xəzər dənizini itirəcəyik", - Xəzər dənizi o qədər dayazlaşıb ki, onun bütün sərhədi boyu geniş ərazilər üzə çıxıb. Ümumi, 22 min kvadratkilometr ərazi. Müqayisə üçün bu, bir sıra ölkələrin əraziləri ilə eyni ölçülüdür, məsələn, İsrail və Sloveniya".
Tədqiqatçılar hesab edirlər ki, dayazlaşmanın əsas səbəbləri qlobal istiləşmə və çaylarda suyun səviyyəsinin aşağı düşməsidir. Ekoloq Kirill Osin deyir ki, dənizin iki əsas qolu Volqa və Uraldır. Xəzər öz suyunun demək olar ki, 90%-ni bu çaylardan alır: "Bu iki çaydan sənaye və kənd təsərrüfatı üçün su intensiv şəkildə çəkilir və bu çaylardan axım azalır".
Xəzər dənizinin ən dayaz hissəsi Qazaxıstanın yaxınlığındadır. Buradakı dəniz bəzi yerlərdə üzgüçülük hovuzuna çevrilir. Ekspertlər bunu ciddi təhlükə adlandırırlar. Onlar deyirlər ki, dəniz çəkilir, dayazlıq həqiqətən fəlakətlidir. Bu, neft çıxarılmasını, balıq tutmağı getdikcə çətinləşdirir.
Həştərxan Təbiət Qoruğunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri namizədi Kirill Litvinov bildirib ki, bu gün Xəzər dənizinin səviyyəsi mənfi 29 metrdən aşağı düşüb. Bu o deməkdir ki, ötən əsrin göstəricisini keçmişik. Müvafiq olaraq, azalma hələ də davam edir.
Ekspertlərə görə, problemin ən yüksək səviyyədə gündəmə gətirilməsi, müzakirəsi dayazlaşmanın dayanması və suyun səviyyəsinin qalxmağa başlayacağı ilə bağlı təcili və mühüm addımların atılacağını deməyə əsas verir. Onu da vurğulayaq ki, noyabrda Bakıda keçiriləcək COP29-da Xəzər dənizinin dayazlaşması probleminin də diqqətdə olacağı gözlənilir. Eyni zamanda, Xəzəryanı dövlətlərin bu məsələdə həmrəyliyi ilə dünyanın ən böyük gölünün xilas ediləcəyinə ümidlər böyükdür.
çap et