525.Az

Peşəkar Futbol Liqasının prezidenti "525"i təbrik etdi


 

“525-ci qəzet”in baş redaktoru cənab Rəşad Məcidə

Peşəkar Futbol Liqasının prezidenti "525"i təbrik etdi<b style="color:red"></b>

Hörmətli Rəşad müəllim!

Noyabrın 17-si təsisçisi və baş redaktoru olduğunuz “525-ci qəzet”in 20 yaşı tamam olur. “525-ci qəzet” bu 20 ildə dəqiq, operativ xəbərləri ilə oxucuların rəğbətini qazanıb. Hazırda qəzetiniz çap media məkanının liderlərindən biridir. “525-ci qəzet” fəaliyyətə başladığı vaxtdan qısa bir müddət sonra öz oxucu kütləsini toplamağı bacarıb. Artıq neçə ildir ki, onun respublikamızın bütün bölgələrində oxucuları var. Fəaliyyət göstərdiyi bu illər ərzində “525-ci qəzet” Azərbaycanın ictimai-siyasi həyatını, mədəniyyət və ədəbiyyat sahəsindəki prosesləri fəal şəkildə işıqlandırıb. Eyni zamanda “525-ci qəzet” Azərbaycan idmanının, xüsusən də Azərbaycan futbolunun təbliğatında önəmli rol oynayıb. Dünən üçün də, bu gün üçün də fəxrlə demək olar ki, qəzet bu işin öhdəsindən uğurla gəlib və gəlir.

Həmişə oxucuları ilə hesablaşmağa üstünlük verən qəzet bu gün də bu missiyaya ləyaqətlə xidmət edir. Futbolumuzu, yay və qış olimpiadalarını, müxtəlif idman növləri üzrə çempionatları, beynəlxalq turnirləri, idman yarışlarını oxucuların diqqətinə çatdırır. Sizin ən böyük üstünlüklərinizdən biri isə qurduğunuz kollektivin kifayət qədər peşəkar olmasıdır. “525-ci qəzet” eyni zamanda bir məktəb olub. Çoxlu sayda gənc məhz bu qəzetin “şinel”indən çıxaraq özləri üçün uğurlu karyera qurmağı bacarıb. Artıq bu şəxslər Azərbaycanın dövlət qurumlarında, televiziyalarında, xarici ölkələrdə çalışırlar.

Biz də Peşəkar Futbol Liqası olaraq, Sizə və rəhbəri olduğunuz “525-ci qəzet”in kollektivinə Azərbaycan futbolunu və idmanını təbliğ etdiyinə görə öz təşəkkürümüzü bildirir, işlərinizdə müvəffəqiyyətlər arzu edirik.

Ad gününüz mübarək!
Hörmətlə,
Peşəkar Futbol Liqasının prezidenti  
Ramin Musayev

 





14.11.2012    çap et  çap et