Ötən həftə Azərbaycanda dövlət səfərində olan Rusiya Prezidenti Vladimir Putin bəyan etdi ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın Baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin Moskva hələ Sovet İttifaqı vaxtından qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırdır. Rusiya lideri dedi ki, bizim mövqeyimiz odur ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir.
Avqustun 28-də isə Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Cənubi Qafqaz regionunda vəziyyət də müzakirə olunub. Vladimir Putin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu yenidən bəyan edib. Eyni zamanda, Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Bundan əvvəl isə Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Rəsmi məlumata görə, Rusiya tərəfi Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin təşviqində, habelə nəqliyyat və logistika əlaqələrinin blokdan çıxarılmasında yardım göstərməyə davam etməyə hazır olduğunu təsdiqləyib.
Azərbaycan Ermənistanla sülh danışıqlarında ikitərəfli formata üstünlük verdiyini dəfələrlə bəyan edib, eyni zamanda bu prosesdə kömək göstərmək istəyənlərə etiraz etmədiyini də açıqlayıb. Amma bu cür təşəbbüs göstərənlər ədalətli, obyektiv olmalıdırlar. Necə ki, Qərbin və Avropanın vasitəçilik səylərində bu məqam izlənmədi. Vasitəçi rolunda olmaq istəyənlər görüntü naminə belə neytral qala bilmədilər.
Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycanla Ermənistan arasında vasitəçiyə ehtiyac olmadığını vurğulayıb. Çünki vasitəçilər bir qayda olaraq münaqişə tərəflərinin deyil, daha çox öz maraqlarının təmin olunmasına çalışırlar. Bu amil Qarabağın işğal altında olduğu dövrdə də özünü dəfələrlə büruzə verib.
Dövlət başçısı deyib: “Ermənistan sülh müqaviləsinin zəmanətçiləri olmasını istəyir. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır”.
Prezident Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etmək istəyənlərə rəsmi Bakının etiraz etmədiyini də vurğulayıb: “Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin”.
Bu mənada, görünür, Moskva platforması Bakını qane etdiyi üçün Putinin təklifinə "yox" deməyib.
Bəs İrəvanın mövqeyi necədir? Hazırda Qərbin təsiri altında olan, onun qurduğu ssenarilərlə hərəkət edən Ermənistanın Rusiyanın təklifini qəbul edəcəyi mümkün görünmür. Ermənistanın bu cür mövqeyi, müstəqil olaraq qərar qəbul etmək iqtidarında olmaması təbii ki, regionda sülh prosesini ləngidir, ona zərbə vurur. İrəvan açıq şəkildə öz öhdəliklərini yerinə yetirməkdən imtina edir. Bu günlərdə Rusiyanın XİN başçısı Sergey Lavrovun “Ermənistan 10 noyabr üçtərəfli razılaşmasını sabotaj edir” açıqlaması da bunu bir daha göstərir.
Bəyanatın 9-cu bəndində kommunikasiyaların açılması qeyd olunub: “Regionda bütün nəqliyyat və iqtisadi əlaqələr blokdan çıxarılır. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətin təmin olunması məqsədi ilə Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsinə nəzarət Rusiya FTX-ının sərhəd xidməti həyata keçirir”.
Bu istiqamətdə üçtərəfli işçi qrup çərçivəsində müəyyən işlər görülsə də, İrəvan Qərbin fitvası ilə prosesi dayandırıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, kommunikasiyaların açılması üçün görülən böyük iş İrəvanın sərhəd nəzarəti məsələlərində qeyri-bərabərliyi və Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan tərəfində olmasını təkid etdiyi üçün dayanıb: “Təəssüflər olsun ki, rəsmi İrəvan növbəti dəfə də qərbin göstərişləri ilə hərəkət edir. Beləliklə, İrəvan Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən nəqliyyat axınına nəzarətdən imtina edib və faktiki olaraq işçi qrupda iştirakını dondurub”.
Yeri gəlmişkən, mövzu ilə bağlı danışan erməni politoloq Vigen Akopyan hesab edir ki, bu marşrut uğrunda mübarizə gedir: "Rusiyanın əsas məqsədi statusundan asılı olmayaraq marşruta nəzarət etməkdir ki, bu nəzarəti geosiyasi rəqibləri ələ keçirməsinlər. İran Ankara və Bakıya öz ərazisində alternativ təklif edərək dəhlizə qarşı çıxır. Tehran Rusiyanın yola nəzarət etməsinə qarşı ola bilər, lakin bu, İran üçün Qərbin nəzarətindən daha yaxşıdır. Bu mənada 9 noyabr bəyanatının 9-cu bəndi də İran üçün faydalı ola bilər. Bu yol istənilən halda mövcud olacaq, yeganə sual odur ki, de-yure dəhliz olacaq, yoxsa de-fakto. Bununla yanaşı, erməni ekspert o qənaətdədir ki, Qərb çoxdan Paşinyanın yerinə alternativ namizəd axtarır. Akopyana görə, nə vaxtsa Qərb Ermənistanın Baş nazirinə növbədənkənar seçkilər təşkil etməyi məsləhət görəcək və bu seçkilərdə Paşinyanın yerinə namizədlər meydana çıxacaq. Çünki Qərb anlayır ki, Paşinyan hakimiyyəti faktiki olaraq onların tələblərini təmin etmək iqtidarında deyil. Qərbin təkcə danışan biri kimi Paşinyana ehtiyacı yoxdur, onlara məsələn, Ermənistanın KTMT-dən çıxması lazımdır, nəinki bu barədə bəyanatlar verilməsi. Uğursuz ola biləcək hər şey uğursuz oldu. Hakimiyyət sadəcə izləyir və ümid edir ki, onlar ən pisdən – hakimiyyət itkisindən qaça biləcəklər. Atdıqları hər addımın həm özlərinin, həm də bütövlükdə ölkənin vəziyyətini daha da pisləşdirə biləcəyini anlayaraq, özlərini bütün proseslərdən təcrid etməyə çalışırlar. Hakimiyyət başa düşür ki, Lukaşenkonun sözləri Putinin sözləridir. Ermənistan hakimiyyəti zəifliyinə görə vəziyyəti daha da pisləşdirməməyə və hücumlara cavab verməməyə çalışır. Amma eyni zamanda, xarici qüvvələrin diktəsi ilə Rusiyanın bəyanatlarına çox kəskin reaksiya verirlər”.
Akopyan izah edib ki, Ermənistan hakimiyyəti Qərb qarşısında xal toplamaq üçün Rusiyaya konkret cavab verə və ona qarşı hərəkətə keçə biləcəyini göstərməyə çalışır. Onun sözlərinə görə, Rusiya artıq Paşinyanla maraqlanmır: “Son vaxtlara qədər belə deyildi, Paşinyanın yeritdiyi siyasət Moskvanın Ermənistanın strateji müttəfiqi kimi öhdəliklərini yerinə yetirməməsini, eləcə də Rusiyanın Bakı və Ankara ilə yaxınlaşmasını legitimləşdirdi. Ermənistan indi Moskvanı yalnız Sünikdən (Zəngəzur) keçən dəhlizə nəzarət məsələsində maraqlandırır ki, heç olmasa Qərbin nəzarəti altına düşməsin”.
Erməni analitiklərə görə, Paşinyan hökuməti Qərblə yaxınlaşma yolunda çox ehtiyatla hərəkət edir. Rusiyanın təsirindən qurtulmaq istəyi olsa da, iqtisadi asılılıq, eyni zamanda Moskvanın hələ də güclü rıçaqlarının olması bunu əngəlləyir. Ermənistanın nə vaxt və hətta KTMT-dən çıxmaq barədə qərar qəbul edib-etməyəcəyi də bəlli deyil. Ermənistan Qərblə təmasda Ukrayna qədər uzağa getməyib. Bundan əlavə, Ermənistanda Rusiyanı dəstəkləyənlər kifayət qədərdir ki, bu da cəmiyyətdə qərbyönümlülərlə parçalanma yaradır.
Politoloq Zaur Məmmədov hesab edir ki, əgər regional dövlətlər Zəngəzur məsələsini indi həll etməsələr, sonra onlar üçün gec olacaq: “Son 5 ildə Göyçə və Zəngəzuru 50 minə yaxın erməni tərk edib. Paşinyan hökuməti, bu fonda, bölgəyə ağır hərbi texnikaları yeridir. Cənubi Qafqazı dünyanın növbəti qaynar nöqtəsinə çevirmək istəyən qüvvələr planlarını işə salmaqdadırlar. Ssenari 1990-cü illərdə səsləndirilib. Regionun bəzi dövlətləri tutduqları mövqedən əl çəkməsələr, özləri də proseslərdən ziyan görəcəklər. Əgər regional güclər vaxtında Qarabağ məsələsini həll etsəydilər, Ermənistanda indiki proseslər cərəyan etməzdi. Əgər regional dövlətlər Zəngəzur məsələsini indi həll etməsələr, sonra onlar üçün gec olacaq.
Azərbaycan dövləti olduqca uzaqgörəndir. Qarabağ münaqişəsi vaxtında həll olundu. Zəngəzur məsələsi də vaxtında həllini tapacaq. Seçim isə, beynəlxalq və regional aktorlarındır. Ya erməni məsələsi adı altında köhnə illüziyalarını davam etdirəcəklər, ya da Azərbaycanın yanında olacaqlar”.
O deyib ki, qlobal güclər Ermənistanı silahlandırırlar. Əgər onlar bu gün Ermənistanı durdurmasalar, vəziyyət qarışa bilər: “Qərbi Zəngəzur silahsızlaşdırılmış bufer zona elan edilməlidir. Əks təqdirdə, Ermənistan ordusu yaxın 1 ildə Azərbaycan Ordusu qarşısında təxribat törədə bilər. Şübhəsiz, təxribat cavabsız qalmayacaq”.
çap et