14 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizədliyini vermiş Günay Əfəndiyeva Zirə Mədəniyyət Mərkəzi Eko-Parkını ziyarət edib.
525.az xəbər verir ki, namizəd Zirə Mədəniyyət Mərkəzi Eko-Parkına ziyarəti ilə bağlı sosial şəbəkədə bunları paylaşıb:
“Zirə Mədəniyyət Mərkəzi Eko-Parkını ziyarət etdik. Bu Mərkəz çoxcəhətli fəaliyyəti ilə Azərbaycanda ekoloji mühitin qorunması, təhsil, mədəniyyət, incəsənət sahələrinin davamlı inkişafına göstərilən diqqətin və bu yöndə aparılan ciddi işlərin önəmli nümunələrindən biridir.
Zirə Mədəniyyət Mərkəzi Eko-Park Heydər Əliyev Fondunun və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılıb.
Ümumi ərazisi 15 ha olan Eko-Parkda 200.000-dən artıq ağac, kol və müxtəlif bitkilər əkilib. Həmçinin ərazidə Quş Parkı adlanan sahədə müxtəlif ekzotik quşlar saxlanılır.
Zirə Mədəniyyət Mərkəzində tədris otaqları və Zirə Xalça Muzeyi yerləşir.
Tədris sahəsində xarici dillər, İDEA resurs mərkəzi, şahmat klubu, dərziliyin əsaslarını öyrədən Moda studiya, xalçaçılığın tədrisi, kişi idman gimnastikası, bədii gimnastika, xoreoqrafiya və Art studiyada rəssamlığın tədrisi həyata keçirilir.
Zirə Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlı bizə ətraflı məlumatlar təqdim edən Mərkəzin direktoru Xumara Əliyevaya, Mərkəzin tədris işləri üzrə şöbə müdürü Ləman Əliyevaya, eləcə də əslən Zirədən olan tanınmış şair, yazıçı İlqar Fəhmiyə təşəkkür edirəm.
Azərbaycanın mədəni, sosial, ekoloji tərəqqisinə xidmət etməsi baxımından bu cür Mərkəzlərin fəaliyyəti mühüm əhəmiyyət daşıyır.
Sözügedən sahələrin inkişafına töhfə vermək mənim seçki kampaniyamın əsas istiqamətləri sırasında yer alır.
İnanıram ki, seçicilərin dəstəyi ilə ətraf-mühitin, mədəni irsin qorunması, eləcə də elm və təhsil ilə bağlı layihələri həyata keçirəcəyik.
Cəmiyyətimizin inkişafına yönəlmiş bu önəmli işləri gerçəkləşdirmək üçün, Gəlin, körpüləri birlikdə salaq!”