525.Az

Sülhə ən böyük maneə: Paşinyan hakimiyyətinin Konstitusiya imitasiyası 


 

Sülhə ən böyük maneə: <b style="color:red"> Paşinyan hakimiyyətinin Konstitusiya imitasiyası </b>

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına başlıca əngəl bu ölkənin Konstitusiyasıdır. Məlum olduğu kimi, Ermənistanın əsas qanununda və bir sıra digər hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Bu iddialar aradan qaldırılmadan sülh sazişinin imzalanması mümkün deyil. Çünki belə şərtlərlə sülh sazişinin imzalanması yarımçıq sülh deməkdir, eyni zamanda İrəvan istənilən vaxt həmin sənədləri əsas gətirərək Azərbaycana qarşı yenidən ərazi iddiaları qaldıra bilər. Bu cür müddəaların İrəvan qanunvericiliyində yer alması həm də beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deməkdir. Çünki Ermənistanın daxili qanunvericiliyi ilə beynəlxalq hüquq ziddiyyət təşkil edir.

Xatırladaq ki, 1996-cı ildə qəbul edilmiş Ermənistan Konstitusiyasında ölkənin Müstəqillik Aktına istinad olunur. 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin qəbul etdiyi həmin sənədin mahiyyəti isə "Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında" Ermənistan Ali Soveti və "Dağlıq Qarabağın Milli Şurası"nın 1989-cu il 1 dekabr tarixli birgə qərarını rəhbər tutur. Beləliklə, Ermənistan Ali Sovetinin qanunsuz və istər SSRİ sənədlərini, istərsə də beynəlxalq hüquq normalarını pozan qərarı istinadlar zənciri vasitəsilə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını legitimləşdirib.

Sülhə mane olan ən vacib məqam məhz budur. Ermənistanda da bunu çox yaxşı anlayırlar, etiraf edirlər, amma əməli işə gələndə müxtəlif bəhanələrlə prosesi uzatmağa, bununla vaxt qazanmağa çalışırlar. Amma nə prosesin uzadılması, nə də bu yolnan vaxt qazanmaq onların xeyrinədir. Bu gün mövcud olan imkanları vaxtında dəyərləndirmək əvəzinə İrəvan oyun oynamağa çalışır.  

Yeri gəlmişkən, avqustun 29-da bu ölkənin ədliyyə naziri Qriqor Minasyan mətbuata açıqlamasında bildirib ki, Ermənistanda konstitusiya referendumunun keçirilməsi 2027-ci il üçün planlaşdırılır. Əlavə edib ki, onlara Konstitusiya dəyişikliyi yox, yeni Konstitusiya lazımdır: "Yeni razılaşmaya uyğun olaraq Konstitusiya referendumu 2027-ci ilə planlaşdırılır. Bu o deməkdir ki, bu mürəkkəb sənəd üzərində detallı işləyəcəyik, tələsmədən ictimai müzakirələr aparacağıq, həmçinin bütün mütəxəssislərlə çalışacağıq".

Minasyan Baş nazir Nikol Paşinyanın ölkə konstitusiyasına təklif olunan dəyişikliklərlə bağlı yaratdığı Konstitusiya İslahatı Şurasının rəhbəridir. Şuraya dövlət rəsmiləri, hökumətyönlü siyasətçilər, iki qeyri-hökumət təşkilatının rəhbərləri daxildir.

Ermənistanın Baş naziri Nikol Paşinyan da Konstitusiya islahatı ilə bağlı məsələyə bir neçə dəfə toxunub. Bu ilin yanvarında bildirib ki, ölkənin yeni Konstitusiyaya ehtiyacı var. Fevral ayında isə o, Konstitusiya referendumunun keçirilməli olduğunu deyib. Paşinyan Müstəqillik Bəyannaməsi barədə danışarkən söyləyib: "Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq".

Göründüyü kimi, İrəvan real addım atmaq istəmir. Amma rəsmi Bakının da bu məsələdə dəyişməz mövqeyi ortadadır. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin əsas şərti Ermənistan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsidir, çünki bu sənəddə Azərbaycana qarşı ərazi iddiaları var və bu iddialar aradan qaldırılmayana qədər sülh müqaviləsi imzalanmayacaq.

Prezident İlham Əliyev çıxışlarının birində bu mövzuya diqqət çəkərək deyib: "Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Bizim heç vaxt heç bir ölkəyə, o cümlədən, Ermənistana qarşı ərazi iddiamız olmayıb və yoxdur. Onların bizə qarşı ərazi iddiaları var idi. Məhz onların Konstitusiyasına sonradan daxil olan Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var. Məhz onların ideologiyasında, siyasətində və ictimai diskursunda Türkiyəyə qarşı ərazi iddiaları davamlı olaraq eşidilir. Təbii ki, Ermənistanın hazırkı Konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil. Biz bu sualı qaldıranda mən dedim və yenə də demək istəyirəm, ona görə yox ki, biz onların daxili işlərinə qarışırıq, qətiyyən yox, amma bu, bizə aiddir. Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda biz Ermənistanla sülh sazişi bağlaya bilmərik".

İstənilən dövlət ona qarşı qanunverici aktlarında ərazi iddiaları olan dövlətlə sülh sazişi təbii ki, imzalamaz. Ona görə də Azərbaycanı sülhə tələsdirmək istəyən bəzi güclər, xüsusilə Qərb dairələri Bakının bu məsələdə prinsipiallığını və qətiyyətini yaxşı başa düşürlər. Həmin dairələr regionda öz maraqlarını güdürlər, ona görə də tələsik sülhün əldə olunmasını istəyirlər. Ermənistandakı proseslər göstərir ki, bu gün hər hansı sülh müqaviləsi imzalansa belə, revanşist qüvvələr sonradan bunu qəbul etməyə bilərlər. Ona görə Azərbaycan haqlı olaraq hesab edir ki, sülh üçün Ermənistan öz Konstitusiyasında dəyişiklik etməlidir. Dövlət başçısının söylədiyi kimi, onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər. Bu gün belə revanşizm ideyaları təkcə müxalifətdə deyil, iqtidarda da var. Ermənistanda sabiq prezidentləri, cinayətkarlar Serj Sarkisyan və Robert Köçəryan da daxil olmaqla, revanşizm hissi ilə yaşayan və hakimiyyətə can atan qüvvələr var. Həmin qüvvələr niyyətlərini açıq bəyan edirlər, hakimiyyətə gələrək yenidən müharibəyə başlamaq planları qururlar. Buna görə də Bakı tələblərində tamamilə haqlıdır. Paşinyan iqtidarı Konstitusiya dəyişikliyi müstəvisində imitasiyadan əl çəkməli və bu dəyişikliklər nə qədər tez olsa, sülh müqaviləsinin də bir o qədər tez imzalanacağı reallığını qəbul etməlidir.

 

 





02.09.2024    çap et  çap et