525.Az

Akademik Vasim Məmmədəliyevin 70 illiyi qeyd olunub (Fotolar)


 

Akademik Vasim Məmmədəliyevin 70 illiyi qeyd olunub <b style="color:red">(Fotolar)</b> Bakı Dövlət Universitetində görkəmli alim, ilahiyyat fakültəsinin dekanı, Ərəb filologiyası kafedrasının müdiri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Vasim Məmmədəliyevin görkəmli ərəbşünas alim, təlim-tədris təşkilatçısı, ictimai xadim, xeyirxah yaradıcı ziyalı kimi Azərbaycan elminə verdiyi töhfələrdən danışıb: “Ölkəmizin çiçəklənməsi üçün bilik və bacarığını ortaya qoyan Vasim müəllim nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da millətimizə həmişə başucalığı gətirir. Vasim müəllimin böyük irsindən gənc alimlər, tələbələr faydalanırlar. Onun yazdığı dərslik, dərs vəsaitləri, metodiki vəsaitlər, elmi-publisistik məqalələr, etdiyi tərcümələr hər zaman aktualdır. Çünki bu əsərlərin bir ucu tarixi ənənələrə söykənirsə, o biri ucu bugünkü həyatın axarına uyğundur. Onun Ziya Bünyadovla birlikdə “Qurani-Kərim”i Azərbaycan dilinə izahlı tərcümə etməsi isə xüsusi vurğulanmalıdır. Vasim müəllim istər vaxtilə Şərqşünaslıq fakültəsinin dekanı kimi, istər həmin fakültədə ərəb filologiyası kafedrasının müdiri kimi, istərsə də hazırda İlahiyyat fakültəsinin dekanı kimi işinin öhdəsindən çox layiqincə gəlib və gəlməkdədir”. Rektor onu da qeyd edib ki, 1959-cu ildən taleyini Bakı Dövlət Universiteti ilə bağlayan Vasim müəllim burda fəaliyyət göstərdiyi ayrı-ayrı vəzifələrdə həmişə öz sözünü deməyi bacarıb, dəyərli məsləhətləri, yüksək elmi səviyyəsi ilə bütün kollektivin rəğbətini qazana bilib. Vasim Məmmədəliyevi universitetin mənəvi sütunlarından biri kimi dəyərləndirən rektor BDU-nun “Fəxri fərman”nı alimə təqdim edib. 

Şərqşünaslıq fakültəsinin dekanı, dosent Elxan Əzizov akademik Vasim Məmmədəliyevin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında danışıb. E.Əzizov Vasim Məmmədəliyevin həm də Azərbaycan musiqisinin, xüsusilə də muğamlarımızın bilicisi olduğunu diqqətə çatdırıb.  

Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxışında Vasim Məmmədəliyevi böyük alim kimi səciyyələndirib və bildirib ki, dəfələrlə birlikdə səfərdə olduqları ölkələrin böyük alimləri ilə mübahisəli mətləblərin müzakirəsinin şahidi olub, hər dəfə də Vasim müəllim bu müzakirələrdə haqlı olduğunu sübut edib. 

Təhsil naziri Misir Mərdanov çıxışında deyib: “Mən özümü çox xoşbəxt insan hesab edirəm ki, düz 40 ildir, Vasim Məmmədəliyevlə səmimi münasibətimiz var. Mən bu 40 ildə müşahidə etmişəm ki, Vasim müəllimin, aradan illər ötsə də, insanlara olan münasibəti dəyişməz olaraq qalır. Mənim Vasim müəllimin şəxsiyyətində diqqət etdiyim bir cəhəti də onun yaddaşıdır. O, fenomenal bir yaddaşa malikdir”. 

Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru, professor Nərgiz Paşayeva Vasim Məmmədəliyevin elmin bütün səviyyələrinə bələd olan, yalnız bilməklə kifayətlənməyib, eyni zamanda da elmi duyan bir alim olduğunu vurğulayıb. Humanitar elm sahəsində onun Azərbaycan xalqına verdiyi dəyərli töhfələrdən bəhs edən Nərgiz Paşayeva Qurani-Kərimin izahlı tərcüməsi kimi şərəfli işin həm də V.Məmmədəliyevin çiyninə düşən böyük missiya olduğunu qeyd edib. 

Tanınmış neft mütəxəssisi Xoşbəxt Yusifzadənin fikrincə, ilahiyyat çox mürəkkəb sahədir:

“Amma Vasim Məmmədəliyev müəllifi olduğu, eyni zamanda da aparıcılıq etdiyi “Haqqın dərgahı” verilişində islam dinini o qədər səlist və aydın şəkildə izah edir ki, qeyri-ixtiyari insan əlində işini yarımçıq qoyub onu dinləmək istəyir. Azərbaycan xalqı o şəxsiyyətləri ilə fəxr edir ki, həmin şəxsiyyətlər xalqı, dövləti dünya miqyasında təmsil edir, tanıdırlar. Vasim Məmmədəliyev də Azərbaycanı, xalqını dünyada təmsil edən, tanıdan, eyni zamanda da özü dünya miqyasında tanınan dəyərli şəxsiyyətlərdəndir”. 

Millət vəkili, akademik Ziyad Səmədzadə Azərbaycanda şərqşünaslıq elminin böyük bir tarixi yol keçdiyini, bu sahədə seçilən böyük alimlərdən birinin Vasim Məmmədəliyev olduğunu deyib, onun ərəb dili üzrə nadir mütəxəssis sayıldığını diqqətə çatdırıb. 

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, millət vəkili Fəttah Heydərov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Pedaqoji Universitetin rektoru Yusif Məmmədov  Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva və tədbirdə iştirak edən bir çox elm adamları, ictimai xadimlər, səfirliklərin nümayəndələri də görkəmli alimi təbrik edib, onun haqqında yüksək fikirlər söyləyiblər. 

GÜNEL
 





14.11.2012    çap et  çap et