Dilqəm Əhməd, jurnalist:
- BDU-nun 105 yaşı tamam oldu. Təbrik edirəm.
Həmin ərəfələrdə "Azərbaycan" qəzetindəki yazılardan aydın olur ki, cəmiyyətdə bəzi qarışıq fikirlər varmış.
Bəziləri deyirdilər ki, təhsil rus dilində olacaqsa, universitetə nə gərək, yenə də Rusiyanın təsiri altında olacağıq. Ondansa xaricə tələbə göndərək.
Bəziləri deyirdilər ki, universitetdə heç olmasa, tarix və ədəbiyyat dərsləri türkcə olsun ki, tələbələrimiz milli dəyərlərlə yetişsinlər.
Bəziləri deyirdilər ki, ondansa xaricə tələbə göndərək, onlar orda həm dil öyrənsinlər, həm də cavan hökumətimizi tanıtsınlar.
Bir başqaları da deyirdilər ki, guya daha əvvəl xaricdə oxuyanlar nə etdilər ki? İstiqlal zamanı onların az bir qismi dəstək verdi. Onlar gedib Avropada tamamilə yadlaşıb gələcəklər.
Nəticədə hər ikisi oldu, həm universitet açıldı, həm də xaricə tələbələr göndərildi.
Vüqar Yaqublu, həkim:
- Müqayisə etməyi sevirəm. Nyu-Yorkla bağlı fikirlərimi bölüşüm.
- Amerika fərqli dünyadır. Mənlə heç bir bağlılığı yoxdur. Əlimdəki "İphone"dan başqa, məncə. Məni tanımadılar. Taksi sürücüsü nə Bakını, nə Xəzər dənizini, hələ İstanbulu belə tanımadı.
- Dünən məni gətirən taksi səhvən məni Nyu-Yorka yox, başqa şəhərə aparmışdı, 3-4 saat onunla gəzdim buraları, Nyu-York ətrafında kasıb həyat mərkəzə yaxınlaşdıqca dəyişir, eləcə də insanların antropologiyası, pəncərədən çıxan kondisonerlər məzkəzə gəldikcə yox olur.
- Taksi sürücüsü Kelvin deyir Nyu-York kənarında 20 kvadratlıq evdə 6 yaşlı oğlu və ofisiant işləyən həyat yoldaşı ilə yaşayır, 2800 dollar icarə haqqı verir, aylıq xərcləri 5 min dollardı, tətil sözü ona yaddır. Kəndir üzərində gəzən insanlar büdrədimi, yıxılıb qalxa bilməyəcəkləri kimi, Kelvinin yerində olmağı arzulamazdım.
- Taksi sürücüsü Trampın namizəd olduğunu bilmirdi, amma türk taksi sürücüsü sənə son siyasi hadisələri politoloqlardan gözəl söyləsin, Azərbaycan taksi sürücüsü isə Bəxtiyar Vahabzadənin "Özümdən-özümə şikayətim"i təhlil etsin.
- Dünən axşam çıxdım şəhərə, şəhər yatmırdı, gənclər çox alkoqol qəbul edir, çəkirlər. Amma dava görmədim. Bizimkilər bir az içən kimi toyda dava salırlar. Odur ki, düz edib alkoqol qadağası qoyuruq. Alkoqol qadağasını təşviq etmək lazımdır.
- Gecənin aktivliyinə baxmayaraq, səhər küçələr təmizdi, nə butulka, nə də kağız-kuğuz vardı küçələrdə, iki saat gəzdim çay qırağına və geri, şəhərlərini təmiz saxlayırlar.
- Nə gecə, nə də indi şəhərdə sahibsiz xəstə it görmədim. Bizdə də olmaz sahibsiz it küçələrdə, Allah qoysa.
- Çay sahilində olan oturacaqlar 12 il öncə necə idisə elədir, bir az dəmiri çürüyüb. Ağ şəhərdə Dağdağan bağı təzə salınıb, oturacaqlardan biri yerindən çıxıb. Cərrahiyyədən də bildiyimiz kimi, gərək yad cisim yaxşı fiks olunsun, xüsusən də oturacağın kürək hissəsi oturacaq hissəsindən ağırdısa.
Sabah dostların gözəl bir tədbirində çıxışım var. TƏBİB-li dostlarla işlədiyimiz layihəni təqdim edəcəyəm, müzakirələrdən sonra əsas məqamlarını bölüşəcəyəm. İnanıram ki, hamı əlini daşın altına qoymalıdır ki, sabah digər millətlər gözəl həyat üçün bizlərə gəlsinlər. Çətindir, amma xəyal edə bilən qazanır.
Asif Nərimanlı, jurnalist:
- Paşinyan Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının irəli sürüldüyünü iddia edib.
"Azərbaycan Konstitusiyası 1991-ci ildə qəbul edilmiş Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad edilir. Bildirilir ki, Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycanın varisidir. O zamanı Azərbaycan bütövlükdə Sünik (Zəngəzur), Vayots Dzor (Dərəlyəz) Tavuş (Qazax qəzası), Qeqarkunik (Göyçə), Ararat (Vedi), Lori və Şirak bölgələrinə iddia edir", - Nikol bildirib.
İrəvanın "Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var" iddiası Bakının Ermənistanın ərazi iddialarının yer aldığı mövcud konstitusiyasının dəyişdirilməsi tələbinə qarşı əks-həmləsidir. Paşinyan məsələni bu cür qoymaqla konstitusiya tələbini gündəmdən çıxarmaq istəyir, hətta bir qədər də gedərək, iddia edir ki, "Ermənistan konstitusiyasından fərqli olaraq, Azərbaycan konstirusiyasında iddialar yer alır". Bu haqda daha öncə də yazmışdıq:
- Azərbaycanın AXC-nin varisi olmaq məsələsində ərazi iddiası açıq mətnlə qeyd olunmur;
- AXC-yə varislik məsələsi Azərbaycan Konstitusiyasında yox, Konstitusiya Aktında əks olunur;
- Ermənistan konstitusiyasında isə qondarma "miatsum" iddiasının yer aldığı "istiqlal bəyannaməsi"nin müddəalarının yerinə yetirilməsi Ermənistan dövlətinin qarşısında vəzifə kimi qoyulur;
İrəvanın iddiası faktdan yox, ritorikadan ibarətdir. Hərçənd, Paşinyanın açıqlamasında mühüm məqam da yer alır: erməni Baş nazir diqqəti konstitusiya məsələsinə yönəltsə də, Zəngəzurun, Göyçənin, Dərəlyəzin və digər ərazilərin vaxtilə Azərbaycana məxsus olduğunu da dilə gətirir. Bu, Ermənistanın siyasi rəhbərliyinin Qərbi Azərbaycanla bağlı ən yüksək səviyyədə ilk etirafıdır. Həm sərhədin delimitasiyası, həm də Qərbi Azərbaycan məsələsində bundan istifadə etmək olar.
Elxan Şahinoğlu, politoloq:
- Ermənistanın Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında deyib ki, Azərbaycanla sülh müqaviləsinin yekun variantında 17 maddədən 13-ü razılaşdırılıb. "Bizim təklifimiz budur ki, razılaşdırılmış bəndlər əsasında sülh müqaviləsi imzalayaq" deyən Paşinyan yerdə qalan məsələləri sonrakı danışıqlar prosesində həll etməyi təklif edib. Aydındır ki, Ermənistan Konstutisiyasının Azərbaycana qarşı ərazi iddiasını əks etdirən bənd razılaşdırılmayan məsələlər içərisində yer alıb. Paşinyan dəyişikliyi zəruri saysa da, bunu gələcəkdə həll etməyə üstünlük verir. Halbuki Azərbaycan Prezidenti İlham Əliyev Konstitusiya dəyişikliyinin sülh sazişinin imzalanması üçün əsas şərt kimi irəli sürüb və bu mövqedə dəyişiklik yoxdur.
Nikol Paşinyan İlham Əliyevlə sərhəddə görüşüb danışıqlar aparmaq istədiyini vurğulayıb. O, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini bildirib. Paşinyan Putinin xətrinə dəyməmək üçün çoxtərəfli danışıqlar formatını da nəzərdən keçirə biləcəklərini söyləyib. Rəsmi Bakı birbaşa danışıqların əleyhinə deyil. Bu məsələdə konsensus var.
Paşinyan ermənilərin Qarabağa qaydışının mümkün olmadığını da deyib. Baş nazir haqlıdır. Ermənilərin Qarabağa qayıtması üçün onların Azərbaycan vətəndaşlığını qəbul etmələri lazımdır. Onlar isə Azərbaycan vətəndaşı olmaq istəmirlər. Demək, geri qayıda bilməyəcəklər. Nikol Paşinyanın bir maraqlı açıqlaması da Ruben Vardanyan haqqında olub: "Vardanyan Rusiya vətəndaşlığından imtina etdi. Kim onu Ermənistana və Qarabağa göndərdi? Hansı zəmanətlərlə o göndərilmişdi? Niyə onu göndərən sonda dedi ki, onu çox yaxşı tanımır və onun ölkəsinin vətəndaşı deyil?" Paşinyan bu cümləsi ilə ona işarə edib ki, Ruben Vardanyanı Qarabağa Moskva göndərsə də, sonra ona sahib durmayıb. Bunun səbəbi də bəllidir. Rusiyada milyardlara sahib olan və şirkətlərini idarə edən Ruben Vardanyanın qəfil Qarabağa gəlişinin Moskvanın planı olduğunu biz də bilirdik. Ancaq Vardanyan milyardlarını Qərb sanksiyalarından qorumaq üçün Rusiya vətəndaşlığından imtina etdikdə Kreml ondan üz döndərdi. Bu səbəbə görə də Kreml Vardanyana sahib durmadı. Bunu Paşinyan da bilməmiş deyil.
Müsəllim Həsənov, jurnalist:
- BİLİRDİNİZMİ
...ki, 100 il əvvəl - 1924-cü il sentyabrın 1-də H.Z.Tağıyev dünyasını dəyişib?
Bu barədə "Bakinski raboçi" qəzetində qısaca xəbər dərc edilib: "H.Z.Tağıyev sentyabrın 1-də Mərdəkanda ağ ciyər iltuhabından vəfat edib. Mərhum iri sənayeçi və maliyyəçilərdən biri və böyük filantrop idi".
Qəzetin elə həmin nömrəsində həyat yoldaşı Sona xanımın, oğlanları İlyas və İsmayılın, kürəkəni Zeynal bəy Səlimxanovun və digər yaxınlarının adından elanlar verilib ki, Tağıyev sentyabrın 1-də, axşam saat 7.30-da Mərdəkandakı bağ evində vəfat edib. Mərhum sentyabrın 4-də səhər saat 10-da Mərdəkanda dəfn olunacaq.
Hacının vəfatında sonra "Kommunist" qəzetində də yazı dərc edilib. Təxminən bu ruhda: "...Hacı öldü. Onun vəfatı olduqca pür-əlamət bir zamana təsadüf etdi. O da Azərbaycanda, ümumiyyətlə, burjuaziya sinfinin bir sinif kimi ölüb məhv olmaq zamanıdır. Hacının vəfatı gücdən düşmüş və unudulmuş burjuaziyanın son nəfəsi olacaqdır..."
Bax belə...
Bu cümlələrin yazıldığı vaxtdan 100 il keçir...
Yeganə Hacıyeva, politoloq:
- İsmayıllı rayonunda bəylə gəlin toy günündə parlamentə növbədənkənar seçkilərdə səsvermə prosesində iştirak ediblər.
Yeni ailə quran cütlük bəy və gəlin paltarında 89 saylı İsmayıllı seçki dairəsinin 3 saylı məntəqəsinə gələrək səsvermə hüququndan istifadə ediblər.
Yeni ailə quran cütlüyə xoşbəxtlik arzu edirəm.
Elşad Hacıyev, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri:
- Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb. Necə təşkil olunur? Saxta sosial şəbəkə səhifə və profillərin storilərində forex vasitəsilə yüksək məbləğlərdə - 10000, 20000, 40000, 50000 min manat uduş əldə etdiklərinə görə hansısa naməlum şəxslərə təşəkkür mətnləri yazılır.
Guya həmin şəxs ona pul qazanmağa yardım edib. Bunu görən bir başqa vətəndaş dərhal həmin şəxsdən kömək istəyir, ona da qazanmaq üçün fürsət yaradılmasını xahiş edir. Beləliklə, naməlum adam israrlı xahişlərdən sonra ondan şəxsi bank kart məlumatlarını alır, ilkin yatırım üçün kartda bəlli bir vəsaitin olacağı təqdirdə ona kömək edəcəyini vəd edir.
İlkin olaraq xırda məbləğlər köçürüldükdən sonra daha böyük məbləğlər tələb olunur. Xırda məbləğləri könüllü olaraq köçürən vətəndaşımıza bildirilir ki, pul azdır, faiz ödənişləri artıb, sizi oyuna daxil edə bilmirik, əlavə vəsait köçürülməlidir. Vətəndaşımız həmin hesaba pulun köçürülməsi üçün naməlum şəxsə bank kartı məlumatlarını, göndərilən məxfi şifrəni verdikdən sonra kartında olan bütün vəsaiti oğurlanır.
Bir daha vətəndaşlarımıza çağırış edirik, sosial şəbəkə səhifələrində cəlbedici qazanc təklifləri ilə bağlı paylaşımlara həssas yanaşın, heç bir halda şəxsi məlumatları naməlum şəxslərə verməyin, verməyin, verməyin. Təhlükə var, SƏN də tələyə düşə bilərsən, diqqətli ol!