Türingiya və Saksoniya əyalətlərində keçirilən seçkilərin nəticələri gözlənilən olsa da, Almaniya ifrat sağçı populistlərin iştirakı ilə hökumətin qurulması perspektivindən şoka düşüb.
Seçkilərdən əvvəl aparılan çoxsaylı rəy sorğuları ifrat sağçı Almaniya üçün Alternativin (AfD) uğur qazanacağını göstərirdi. Seçkinin nəticələri də rəy sorğularına uyğun oldu. Türingiyada AfD 33 faizlə səslə birinci, Saksoniyada isə 30.6 faizlə ikinci partiya olub.
Almaniyanın ən böyük partiyası hesab olunan Xristian Demokrat İttifaqı (Christlich Demokratische Union Deutschlands (CDU) Türingiyada 23.6 faizlə səslə ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə 2024-cü ilin yanvarında yaradılmış və təsisçisinin adını daşıyan ifrat solçu Sarah Vaqenknext Alyansı (ASW) 15.8 faizlə üçüncü partiya olub. Almaniya federal hökumətində təmsil olunan Yaşıllar və Azad Demokratlar (Freie Demokratische Partei (FDP) beş faizlik baryeri aşa bilməyərək bütöv adı Azad Türingiya Dövləti (Freistaat Thüringen) olan əyalətin parlamentinə düşə bilməyiblər. Oxşar vəziyyət Saksoniyada yaşanıb. Azad Saksoniya Dövləti (Freistaat Sachsen) 30.6 faiz səs qazanaraq ikinci partiya olaraq 31.9 faizlə seçkinin qalibi olan CDU-ya çox yaxınlaşıb. ASW-i 11.8 faizlə üçüncü olub. Türingiyada olduğu kimi, Saksoniyada da FDP beş faizlik seçki baryerini keçə bilməyib.
Digər Avropa dövlətlərində olduğu kimi, Almaniyada da ifrat sağların yüksəlişinin əsas səbəbi seçicilərin federal hökumətin miqrasiya siyasətindən narazı olmasıdır. Populist siyasətçilər cinayətkarlığının artmasını miqrantların axını ilə izah edirlər və bu, cəmiyyətin önəmli hissəsini sərt miqrasiya siyasəti vəd edən ifrat sağlara tərəf yönəldir. İfrat sağların yüksəlişinə təsir göstərən digər bir məqam Ukraynaya davam edən müharibə, Almaniya hökumətinin Kiyevə dəstəyidir. Populist siyasətçilər həyata səviyyəsinin aşağ düşdüyünü, bunun səbəbinin isə Ukraynaya edilən yardımla bağlı olduğuna seçicilərin bir qismini inandıra biliblər. Avropanın bəzi ölkələrində və ABŞ-da olduğu kimi, Almaniyada da seçicilərin bir hissəsi özlərinin sosial vəziyyətinin yaxşı olmasına baxmayaraq, kimlərinsə vəziyyətinin pis olduğuna inanır. Sosioloqlar bu fenomeni izah etməkdə çətinlik çəkərək cəmiyyətin bir hissəsinin iqtisadiyyatın pisləşəcəyi qorxusuna qapılması ilə izah etməyə çalışırlar.
Almaniya və bütövlükdə Avropa siyasətçiləri ifrat sağların yüksəlişindən qorxuya düşüblər. Çünki AfD-nin Rusiyayönümlü olduğu, hətta Moskvadan maliyyə aldığı haqqında iddialar var. Almaniya əks-kəşfiyyatı AfD fəallarının hərəkətini ciddi sürətdə izləyir. Konstitusiyanın Müdafiəsi İdarəsinin radikal sağların poçt və telefon danışıqlarına nəzarət etməsi, sıralarına agentlərin daxil edilməsi ilə onları izləməyə çalışdığı haqqında fikirlər var. Ancaq göründüyü kimi, bütün bunlar AfD-nin yüksəlişinin qarşısını ala bilməyib.
Türingiya və Saksoniyada seçkilərin nəticələri bəlli olduqdan sonra əyalət parlamentində təmsil olunmaq hüququ qazanan partiyalar AfD-i ilə hökumət qurmaqdan imtina ediblər. AfD-i isə Türingiyada birinci partiya olmasına baxmayaraq, təkbaşına hökumət qurmaq üçün "Landtag"da (Əyalət Məclisi) kifayət qədər səs malik deyil.
Türingiya və Saksoniyada yerli hökumətləri Xristian Demokratlar formalaşdırmağa çalışacaq və bu yalnız üç partiyalı koalisiyalarla mümkündür. Lakin belə bir koalisiyanın qurulması da çətin olacaq. Xüsusilə Saksoniyada əyalət hökumətinin necə qurulacağı aydın deyil. Çünki burada Sarah Wagenknecht Alyansı olmadan sabit hökumət qurmaq faktiki olaraq mümkün deyil. SWA-nın iştirakı ilə koalisiya qurmaq da çətin olacaq. Məsələ ondan ibarətdir ki, SWA-nın qurucusu xanım Vaqenknext koalisiyada iştirak etmək üçün rəsmi Berlinin Almaniyada Amerikanın orta mənzilli qanadlı raketlərinin Almaniyada yerləşdirilməsindən imtina etməsini və Kiyevə alman silahlarının verilməsindən imtina etməsini tələb edir. Bundan başqa, xanım Vaqenknext tələb edir ki, Almaniya Ukraynaya maliyyə dəstəyini də dayandırmalı, Kiyevə verilən vəsait Almaniyanın mülki infrastrukturunun inkişafına yönəldilməlidir. Bu tələbləri təmin etmək isə mümkün deyil. Buna görə də hakimiyyətdəki üç partiyanın nümayəndələri koalisiya üzvlərini birliyə çağırırlar.
Xristian Demokratların bəzi təmsilçiləri federal kansler Olaf Şoltsu Türingiya və Saksoniyada keçirilən seçkilərin nəticələrindən dərs çıxarmağa və istefa verməyə çağırıblar.
Qeyd etmək lazımdır ki, Türingiya və Saksoniya keçmiş Almaniya Demokratik Respublikasının tərkibində olub və Almaniyanın birləşməsindən 34 il ötməsinə baxmayaraq, həyat səviyyəsi Qərbi Almaniya əyalətlərinin səviyyəsinə çatmayıb. Oxşar vəziyyət keçmiş ADR-nin tərkibinə daxil olan bütün əyalətlərdə hiss olunur. Bundan başqa, bu əyalətlərdə cinayətkarlıq da ölkənin qərb əyalətləri müqayisədə yüksəkdir. Bu isə seçicilərin seçiminə təsir etmək üçün ifrat sağların və radikal solların uğur qazanmasına səbəb olur. Populist siyasətçilər qeyri-bərabərliyi federal hökumətin miqrasiya siyasəti, cinayətkarlıqla mübarizənin effektsizliyi və Rusiya ilə iqtisadi münasibətlərin pozulması ilə izah edirlər. Bu ittihamlarda müəyyən bir həqiqət var. Rusiya ilə iqtisadi münasibətlərin qırılmasından ən çox Almaniyanın şərq əyalətləri zərər görüb. Digər tərəfdən miqrantlar da əsasən şərq əyalətlərində yaşamağa üstünlük verirlər. Bütün bunlar isə populist siaysətçilərin uğur qazanmasına imkan verir.
Türingiya və Saksoniyada radikal sağların yüksəlişi bütövlükdə Almaniyada yeni faşizm barəsində müzakirələrə səbəb olub. Cəmi 80 il əvvəl faşizmin hakim olduğu bir ölkədə belə qısa müddət sonra radikal sağların yüksəlişi Avropa siyasətçilərini ciddi narahat edir. Fransanın ardınca Almaniyada da ifrat sağların yüksəlişi Avropa demokratiyasının gələcəyi üçün narahatlıqları artırıb. Lakin fərqli fikirlər də var. Bir çox nüfuzlu mütəxəssislər hesab edirlər ki, demokratiyanın böhranı onun degenerasiyasına gətirib çıxaracaq. Bu fikrin həqiqəti nə qədər əks etdirdiyini zaman göstərəcək. Hələlik isə Qərb dünyası Almaniyanın şərq əyalətlərində, Türingiya və Saksoniyada radikal sağların yüksəlişini narahatlıq və bir qədər də qorxu ilə izləyir.