Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 2-də Monqolustana iki günlük rəsmi səfəri Ulan-Bator ilə Kiyev arasında münasibətləri gərginləşdirib. Qeyd edək ki, Putinin Monqolustana səfəri bu ölkənin prezidenti Uxnaaqiyn Xurelsuxun dəvəti əsasında həyata keçirilib. Putinin səfər SSRİ və Monqolustanın "Xalxin Qol çayında yapon militaristləri üzərində qələbəsinin 85-ci ildönümünə" həsr olunub.
Putinin Monqolustana səfər edəcəyi məlum olduqdan sonra Ukrayna Xarici İşlər Nazirliyi və Beynəlxalq Cinayət Məhkəməsi rəsmi Ulan-Batoru Rusiya Prezidentini həbs etməyə çağırmışdı. Məlum olduğu kimi, Beynəlxalq Cinayət Məhkəməsi Putini Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların Rusiyaya qanunsuz köçürülməsində əsas cavabdeh hesab edərək barəsində həbs orderi verib. Putinlə yanaşı, Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə order verilib. Monqolustan isə 2002-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyəti təmin edən Roma Əsasnaməsini (Statu) ratifikasiya edib. Üstəlik, bu ölkənin nümayəndəsi 2023-cü ildə iki il müddətinə Beynəlxalq Cinayət Məhkəməsinin hakimi seçilib. İndi Ulan-Batorun beynəlxalq öhdəliklərini yerinə yetirməməsi Kiyevi qəzəbləndirib. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi bildirib ki, Monqolustan Rusiya Prezidenti Vladimir Putini həbs etməkdən imtina etməklə Beynəlxalq Cinayət Məhkəməsinə və beynəlxalq cinayət hüququna "ağır zərbə" vurub: "Monqolustan təqsirləndirilən cinayətkarın ədalətdən yayınmasına imkan yaradıb və bununla da onun hərbi cinayətlərinə görə məsuliyyəti bölüşüb. Bunun Ulan-Bator üçün nəticələrinin olmasını təmin etmək üçün tərəfdaşlarla işləyəcəyik". "Bloomberg"in məlumatına görə, Monqolustan hakimiyyəti Putinin ölkəyə səfəri zamanı həbs olunmayacağına zəmanət verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml qarşıdakı səfərdən narahat deyil, çünki "səfərin bütün aspektləri diqqətlə hazırlanıb".
Monqolustan müxalifəti də iqtidarı kəskin tənqid edib. Müxalifət hesab edir ki, prezident Uxnaaqiyn Xurelsuxun Putini rəsmi səfərə dəvət etməklə Monqolustanın beynəlxalq münasibətlərdəki mövqeyinə zərbə vurub. Bundan sonra Monqolustanın Qərb ölkələri ilə əməkdaşlığı problemli olacaq. Digər tərəfdən Monqolustan Roma Əsasnaməsinə əməl etmədiyi üçün təzyiqlərə məruz qala bilər.
Ancaq belə görünür ki, bütün bunlar Monqolustan Xalq Partiyasının Mərkəzi Komitəsinin sədri və dövlət başçısı olan Uxnaaqiyn Xurelsuxunu narahat etmir. Uxnaaqiyn Xurelsuxunun hələ baş nazir olduğu dövrdən Rusiya prezidenti ilə yaxşı münasibətləri olduğu haqqında fikirlər var. Belə olmasaydı, Uxnaaqiyn Xurelsuxun Ulan-Batorun beynəlxalq öhdəliklərinin əleyhinə gedərək Putini rəsmi səfərə dəvət etməzdi. İndi isə buna görə Monqolustan Ukraynanın ittihamı və təhdidi ilə üzləşib.